Vəkillər etiraz etdi: Nümayəndəlik institutunun ləğvi bir sıra problemlərə səbəb olacaq
Bizi izləyin

Sosial

Vəkillər etiraz etdi: Nümayəndəlik institutunun ləğvi bir sıra problemlərə səbəb olacaq

Bu gün “Çıraq Plaza”da bir neçə vəkil Vəkillik fəaliyyəti haqqında qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, konfransda tanınmış hüquqşünaslar Ramil Süleymanov, Fərhad Mehdiyev, Xalid Bağırov və digərləri iştirak ediblər.

Hüquqşünaslar bildiriblər ki, qanun layihəsində nümayəndəlik institutunun ləğvi nəzərdə tutulur ki, bu da məhkəmələrdə çıxış edən vəkillərin fəaliyyətini məhdudlaşdıra bilər.

“Ölkədə Vəkillər Kollegiyasının üzvü olan yetərincə vəkil olmadığına görə nümayəndəlik bu funksiya ilə məşğul olmağa başlayıb. Ləğv məsələsi isə bir sıra problemlərə gətirib çıxara bilər”, - hüquqşünas Xalid Bağırov bildirib.

Ramil Süleymanov hüquqi yardımla bağlı çatışmazlığa diqqət çəkib və vurğulayıb ki, nümayəndəlik institutunu sıradan çıxarmağa ehtiyac yoxdur.

Fərhad Mehdiyev isə sözügedən institutun ləğvinin əhaliyə mənfi təsir edəcəyini bildirib:

“Ləğv məsələsinin əhaliyə ciddi təsiri olar. Əgər bütün işlər Kollegiyaya üzv olan vəkillərə yönəldilsə, onda vəkillər çox iş yükü qarşısında seçici olacaqlar və yalnız gəlirli işləri götürəcəklər. Belə olan halda əhalinin kasıb təbəqəsi məhkəmədə müdafiə olunmaqda çətinlik yaşayacaq”.

Millət vəkili Fazil Mustafa konfransa dəvət olunsa da, iştirak etməyib və bildirib ki, hüquşunasların sözügedən məsələ ilə bağlı təkliflərini Milli Məclisdə səsləndirəcək.

Qeyd edək ki, 6 oktyabrda Milli Məclis Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və Vəkillik fəaliyyəti haqqında Qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat yayılıb. Təklif edilən layihədə bütün məhkəmə işlərində fiziki şəxslərin təmsilçiliyinin (nümayəndəliyinin) Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslara verilməsi, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmə təmsilçiliyinin ləğvi nəzərdə tutulur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Axar.az-a bildirib ki, layihə Ali Məhkəmə tərəfindən irəli sürülüb. O qeyd edib ki, Komitədə bu məsələyə baxılıb, hətta Vəkillər Kollegiyasının nümayəndələri də iclasda iştirak edərək öz münasibətlərini bildiriblər:

“Narahatlıq doğuran məqamların üzərində işləyirik və səsləndirilən fikirləri öyrənirik. Yeni və işgüzar qaydada növbəti iclasımız olacaq. Bu məsələləri bir də işçi qaydasında müzakirə edəcəyik. Nəticə etibarilə bütün tərəfləri qane edən, ancaq ilk növbədə vətəndaşların hüquqlarının səmərəli müdafiəsinə xidmət edən bir qanun layihəsi qəbul olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm