• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nazpəri Dostəliyeva "Vaxt olub ki, gəlinim ayaqqabımı geyindirib" - VIDEO - FOTO

Nazpəri Dostəliyeva "Vaxt olub ki, gəlinim ayaqqabımı geyindirib" - VIDEO - FOTO

Çiçəklər doğulur bu yaz gecəsi,

Bu yaz gecəsində ölməyə nə var?!..

Havadan yaz qoxusu gəlir. Ramiz Rövşənin misralarını zümzümə edə-edə müsahib axtarışına çıxırıq. Seçimimiz Xalq artisti Nazpəri Dostəliyevadan yana olur. Əcəba, səsi, sənəti kimi özü də füsunkar olan Nazpəri xanım Novruza necə tədarük görür, şəkərbura-paxlava bişirib səməni göyərdirmi?

Xəbərsiz-ətərsiz gəldiyimizə baxmayaraq, Nazpəri xanım bizi gülərüzlə qarşıladı.

- Bizi qarşılayanda çox içdən söylədiniz ki, havadan baharın nəfəsi duyulur. Deyəsən, baharı çox sevirsiz...

- Çox. Baxmayaraq ki, dekabrda dünyaya gəlmişəm, yazın gəlişini həmişəsəbirsizliklə gözləyirəm. Ağacların yarpaqlaması, çiçəklərin doğulması, quşların səsi, günəşin hərarəti-bütün bunlar məndə gözəl əhval-ruhiyyə yaradır. İnsan baharı, istiliyi sevdikcə öz içində də hər kəsə qarşı bir istilik, sevgi, doğmalıq hissi olur.

- Bahar fəsli həm də ölkəmizə Novruz bayramı ilə qədəm basır. Novruz bayramı keçmişdən indiyə Nazpəri xanımın xatirində necə qalıb?..

- Bizimçün bir müqəddəs Ramazan bayramı var, bir də milli oyanış bayramımız olan Novruz. Hər iki bayramın təmtəraqla qeyd olunması ailəmizdə bir ənənədir. Lap uşaqlıqdan göz açıb bu iki bayramın xüsusi qeyd olunduğunu görmüşəm. Bir-iki ay əvvəldən tədarük başlanardı. Rəhmətlik anam həmişə səməni göyərdərdi, şəkərbura, paxlava bişirərdi. Mütləq bir ay qabaqdan evlər təmizlənərdi. Həmin adətlər bugün mənim ailəmdə eyni qaydada davam edir. Mən bu qaydaları gəlinlərimə də öyrətmişəm. Çünki Azərbaycanın milli dəyərləri mənimçün hər zaman əziz tutulub, bu adət-ənənələrlə yaşamışam. Bir azərbaycanlı qızı olaraq, bu adət-ənənələrimizə daha doğmalıqla yanaşmışam. Artıq gəlinlərimlə bərabər Novruz hazırlığına başlamışıq. Evlər təmizlənib, bu gün şəkərbura-paxlava bişirəcəyik.

- Bişirdiyiniz şəkərbura-paxlavadan özünüz dəyeyirsiz, yoxsa kökəlməkdən qorxursuz?

- Şirniyyat yeməkdən bir az qaçıram. Ümümiyyətlə, az yeməyi xoşlayıram. Düzdür, bəzi insanlar deyirlər ki, bayramda çox şirniyyat yeyib kökəlirik. Amma mənim belə bir problemim yoxdur. Çünki çox yemək yemirəm.

- Qaynana olaraq, gəlinlərinizin hansını daha çox istəyirsiz?

- İkisini də. İnan ki, nəinki bayramlarda, adi günlərdə də hər ikisinə eyni hədiyyələri alıram. Gəlinlərim də özümə oxşayıb, bu evin adət-ənənəsini gələn gündən götürüblər. Çox tərbiyəli, həssas, anlayışlıdırlar. Hətta böyük gəlinim vaxt olub ki, ayaqqabımı ayağıma geyindirib. Özümü nasaz hiss edirdim, heç gözləmədiyim halda, əyilib ayaqqabımı geyindirdi. Kiçik gəlin buna təəccüblənəndə isə cavabı belə olub: “O, bizim anamızdır, evimizin böyüyüdür, lazım gəlsə, ayaqqabısını da ayağına geyindirməliyik”.

- Arada qısqanclıq olmamış olmaz...

- Çox qısqanırlar. Böyük gəlin Nərmin xüsusilə qısqanır. Amma mən çalışıram onları bir-birindən ayırmayım.

- Hansı oğlunuz sizinlə qalır?

- Hər ikisinin ayrıca evi var, amma nəvələrimdən ötrü çox darıxdığıma görə çox vaxt yanımda olurlar.

- Nazpəri xanım, bilirsiz ki, Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən milli bayramımızdır. Novruzun paytaxtımızda böyük təmtəraqla qeyd olunması artıq ənənə halını alıb. Ölkə Prezidenti hər il öz ailə üzvləri ilə bayramın gəlişini paytaxt sakinlərilə birlikdə qarşılayır. Necə qiymətləndirirsiz bu tədbirləri?

- Mən çox sevinirəm, bir vətəndaş olaraq, qürur hissi keçirirəm ki,Ali Baş Komandanımız, Dövlətimizin Başçısı, Cənab İlham Əliyevin və onun gözəl xanımı Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan öz inkişafının pik nöqtəsindədir. Mehriban xanım Əliyeva nəinki Azərbaycan xanımları, bütün dünya xanımları üçün gözəllik, zəriflik nümunəsidir. Biz Mehriban xanımın Azərbaycanda körpələrə, qadınlara, qocalara qayğısı, eləcə dəmədəniyyətimizə, musiqimizə verdiyi dəyər qürurvericidir. Bütün bunlar məni həm də bir cənət adamı kimi sevindirir. Dünyanın heç bir ölkəsində dövlət başçısı və ya onun xanımı mədəniyyətə, musiqiyə, sənətə, sənətkara bu qədər qayğı və diqqət göstərmir. Baxın, bugün bütün sahələrdə, iqtisadiyyatımızdan tutmuş mədəniyyətimizə qədər sürətli inkişafın şahidiyik. Azərbaycan bütün dünyada tanınır, qəbul olunur. Bütün bu nailiyyətlərə əlbəttə ki, dövlət başçımızın uğurlu, müdrik siyasəti nəticəsində nail olmuşuq.

- Təsəvvür edin, bir zamanlar az qala çayxana səviyyəsində tanınan aşıq musiqimiz YUNESKO səviyyəsində tanındı, eləcə də getdikcə tənəzzülə uğrayan muğamımız…

- Tamamilə doğrudur, yalnız Şirvanda deyil, bütün Azərbaycanda məşhur olan atam aşıq Əhmədalı Dostəliyevin ən böyük arzusu idi ki, kaş, bizim aşıq sənətimiz, muğamımız dünya səviyyəsində tanına biləydi. Klassik musiqilərimiz yalnız toylarda, el şənliklərində deyil, dünya səviyyəsində təqdim olunaydı. Yadımdadır, əvvəllər toylarda üç gün, üç gecə dastanlar deyilərdi, deyişmələr olardı. Bir toy mərasimində 1000 nəfər yığışardı və o dastanları dinləyərdilər. Gözəl bir şənlik ab-havası yaşanardı toylarda. Sanki bir konsert salonuna yığışırdı insanlar. Mehriban xanım muğama və aşıq sənətinə verdiyi ləyaqətli qiymətlə milli musiqimizə yenidən həyat verdi. Muğamın və aşıq sənətinin nüfuzunu özünə qaytardı. İndi məhz onun sayəsində dünyanın möhtəşəm salonlarında Azərbaycan muğamı səsləndirilir! Muğamımızın, aşıq sənətinin, xalçalarımızın, İçərişəhərin, Qobustan abidələrinin YUNESKO səviyyəsində tanınması bir azərbaycanlı olaraq köksümü qabardır.

Milli adət-ənənəmiz olan Novruz bayramının da YUNESKO səviyyəsində qəbul olunması bizlər üçün fəxarətdir. Həmişə atamın dilindən eşidərdim ki, sovet vaxtı bu bayramın keçirilməsinə icazə verilmirdi. Milli bayramımızı gizlincə, ailə çərçivəsində qeyd edərdik. Novruz ənənələri, Novruz bayramının qorunub saxlanılması və yaddaşlarda həkk olunması xalqımızın kimlik kartıdır, pasportudur sanki, mənəviyyatımız bu adət-ənənələr üzərində oturuşub. Çox şükür ki, artıq müstəqil dövlətimiz var, dərin kökləri olan mədəniyyətimizə sahib çıxmış bir hakimiyyətimiz var. Fikir verin, Azərbaycanda hər il Muğam festivalları keçirilir, nə qədər gənc istedadlar üzə çıxarılır. İnanın, Heydər Əliyev Fondunun və birbaşa Mehriban xanımın dəstəyi sayəsində muğam, aşıq sənəti ölümdən qurtuldu. Məni sevindirən budur ki, artıqozanlarımızın səsi dünya ölkələrinin məşhur səhnələrindən gəlir.

- Yeri gəlmişkən, sizin də vaxtilə dünyaşöhrətli Norveç xoru ilə bir layihəniz olmuşdu və orda siz aşıq musiqisi ifa etmişdiniz. Xaricdə necə qarşılanmışdı bu musiqi?..

- Yaxşı xatırladınız. Heç vaxt unutmaram, 2003- 2004-cü il illərdə Norveç xoru ilə reallaşdırdığımız o möhtəşəm layihə zamanı sözləri Mikayıl Azaflıya məxsus bir “Naxçıvani” havası ifa etmişdim. O musiqi Norveçdə elə bir səs salmışdı ki, hətta xorun rəhbəri özünün əcdadının azərbaycanlı olduğunu dedi. Mən bilmirdim ki, aşıq musiqimizi əcnəbilər belə dərk edə biləcəklər. Düşündüyümdən də artıq oldu. O qədər duyğulandılarki, öz soy-köklərinin Azərbaycana gedib çıxdığını vurğuladılar.

- Nazpəri xanım, sintez musiqilərdən söz düşmüşkən, əcnəbi musiqiçilər bu sahədə çox qabağa getdikləri üçün hər sintezi də onlara bəyəndirmək mümkün deyil. Sizcə, uğurlu sintez üçün hansı şərtlər vacibdir?

- Ürəyimdən xəbər verdiniz. Bizim cənubi amerikalılarla bir layihəmizi xatırlamaq istərdim. O qədər uğur qazanmışdı ki, o da böyük rezonans doğurmuşdu. Mən bugünkügənclərimizə məhz musiqimizdə belə uğurlu sintezlər etməyi arzulayardım. Sintez peşəkar səviyyədə təqdim olunmalıdır.

- Bu balansı necə saxlamaq lazımdır ki?

- İlk öncə sintez savadlı və musiqi duyumu yüksək olan sənətkarlar tərəfindən olunmalıdır. Peşəkar bir komanda həmin layihə üzərində işləməlidir. Özünə güvənə bilməyən bir şəxs bunu edə bilməz. Bu, mütləqdir.

- Yəqin ki, bu fikri oranjemançılarımıza da şamil edərdiniz. Ümumiyyətlə, retro mahnıların oranjemanolunmasına necə baxırsınız?

- Mən oranjemanların əleyhinə deyiləm, amma bu iş, yenə də deyirəm, peşəkarlara həvalə olunmalıdır. Bugün çox istedadlı oranjemançılarımız, bəstəkarlarımızvar. Mən onların gələcəyini də görürəm. Amma söhbət istedadlılardan getmir, onların da işini kölgədə qoyan qeyri-peşəkarlar var. Oranjemançı musiqinin rəssamı deməkdir. Oranjemançı o musiqini rəssam kimi elə çəkib təqdim edə bilər ki, bütün dünyada ən möhtəşəm əsər kimi sevilsin. Qeyri-peşəkar isə musiqini də məhv edə bilər, müğənnini də. Bu gün hətta toyxana səviyyəsində təqdim olunan oranjemanlar var. Ruhdan, qəlbdən gələn, məhəbbətlə, ustalıqla yaranan istənilən sənət nümunəsi xalq tərəfindən qəbul olunur və zaman-zaman yaşayır.

- Bir çox xarici ölkələrdə olmusunuz. Xaricdəki diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiz?

- Mən bu suala faktlarla cavab verəcəyəm. Moskvadakı diaspor təşkilatlarımız çox gözəl və dəyərli işlərə imza atıblar. Təbii ki, başda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla. Onun rəhbərlik etdiyi “AMOR”un gördüyü işlər haqqında saatlarla danışmaq olar. Mən Leyla xanımın fəaliyyətinin uşaq yaşlarından izləyirəm. Heç yadımdan çıxmaz: möhtəşəm bir tədbir keçirilirdi. Mən dəo mərasimin qonağı idim. Orada Leyla Əliyevanın gözəl bir şeirini dinlədim. O vaxt onun 13-14 yaşı var idi. Onun babasına, torpağına, millətinə həsr etdiyi şeirlərinidinlədim. Bu gün Leyla xanım o şeirlərdəki arzularını həyata keçirir. Onun rəhbərliyi ilə bütün dünyada keçirilən “Xocalıya ədalət” kampaniyası, Rusiyadakı aktiv fəaliyyəti, oradakı soydaşlarımıza diqqət və qayğısı göz önündədir.

Moskvada fəaliyyət göstərən bütündiaspor təşkilatlarımız mədəniyyətimizin, milli dəyərlərimizin təbliği istiqamətində böyük işlər görür. Onların Azərbaycan dövlətçiliyi, milli-mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlərin özüm də şahidi olmuşam. Milli bayramlarla bağlı həmin diaspora tərəfindən gözəl konsertlər təşkil edilir, Azərbaycan bayrağı dalğalandırılır. Eləcə də digər ölkələrdə fəaliyyət göstərən diasporlarımızın fəaliyyəti hər zaman qürurverici olub. Demək olar ki, konsertlərinin hamısında iştirak etmişəm. Elə martın 20-də də Moskvada gözəl bir Qala konsert təşkil olunacaq, mən də o konsertdə çıxış edəcəyəm.

- Konsertdə yəqin ki, fərqli bir repertuarla çıxış edəcəksiniz. Çünki bildiyimiz qədər, hər konsertdə mütləq yeni mahnılar ifa edirsiniz...

- Mütləq. Bugün də yeni mahnılar üzərində çalışıram. Çiçək Həyatın bəstələdiyi gözəl bir mahnını ifa edəcəyəm. Çoxdan oxuduğum mahnılarım da repertuarda yer alacaq. Çünki mən dünyanın hansı ölkəsində konsertlər verirəmsə, həmin mahnıları təkrar-təkrar məndən istəyirlər.

- Daha çox hansı mahnıları sifariş edirlər?

- “Nə olar Allahım, ayırma bizi”, “Dağlardan gəlmişəm”, “Unut kədərini, qəmini unut”, “Mənim göz yaşımı görməyəcəksən”, “Bu sevginin ömrü bu qədərmiş”. Demək olar ki, 15 ölkədə solo konsert vermişəm, həmin səhnələrdə bir Azərbaycan musiqiləri oxumuşam, bir də olduğum ölkənin musiqilərindən. Böyük proqramla çıxış etmişəm. Sevərək dinləyiblər, konsertin tamamlanmağına beş dəqiqə qalmış belə, səhnəyə çıxıb qulağıma pıcıldayıblar ki, filan mahnını oxu. Bilmirəm mənim dilimdən söylənən bu fikirlərə necə reaksiya verəcəklər, amma bu faktdır ki, oxuduğum bu mahnılar xalq mahnısı kimi qəbul olunur.

- Nazpəri xanım, bəs əcnəbi tamaşaçılarla bizim tamaşaçılar arasındakı fərq nədədir?

-Əgər xarici görünüş, səhnə mədəniyyəti, davranış qane edib, səs qane etmirsə, sadaladığım keyfiyyətlərin hamısı onların gözündə heç olur. Amma səs gözəl, qəlbə yatımlıdırsa, xarici görünüşdə qüsur varsa da, onu görməməyə çalışırlar. Mən İsveçrə tamaşaçısında bunun şahidi oldum. Konsert bitəndən sonra bizimçün “parti” təşkil etdilər. Yemək süfrəsinin arxasında bir professor sevdiyi müğənnilərin adlarını çəkdi. Bu sırada Madonna, Uitni Hyuston və başqaları var idi. Sonra o, məni göstərərək belə bir ifadə işlətdi. Dedi ki, mən bu xanımda Madonnanın restavrasiya olunmuş görünüşünü gördüm. Yəni bizdə Madonna açıq-saçıq gözəldi, bu xanım isə qapalı gözəlliyini nümayiş etdirdi. Biz konsertdən nəinki zövq aldıq, onu hələ də yaşayırıq. İnandırım sizi, hər ifadan sonra tamaşaçılar arasında 30-40 saniyə sükut olurdu. Mən əvvəl bu sakitlikdən qorxurdum. Amma sən demə, onlar musiqinin təsirini yaşayırlarmış...

- Bəs bizim tamaşaçını xarakterizə etsək...

-Bizim tamaşaçı sevmədiyini heç vaxt alqışlamır. Sakitcə oturub tamaşa edir. Bu tamaşaçının hüququdur, fikridir. Və hər bir müğənni bunu sevə-sevə qəbul etməlidir. Bəzən müğənnilərimiz alqışlanmadığı üçün tamaşaçıdan şikayət edirlər. Alqışlanmadığın təqdirdə əgər sən “əl çalın”, “əlləri görmürəm” deyirsənsə, deməli, bu alqışı özün qazanmamısan. “Əlləri görmürəm” deməklə bir daha özünü çox aşağı səviyyəyə endirirsən. Və o an sənətdən, səhnədən uzaqlaşmış sayılırsan. O sevgini görmürsənsə, hiss etmirsənsə, deməli, onu qazanmamısan. Bu nöqteyi-nəzərdən mən bütün müğənnilərimizə bunu tövsiyə edirəm: xalqın alqışını əgər eşidirsə, onu özü qazanıb, əgər eşitmirsə, yenə də özü qazanıb. Ona görə heç kim xalqdan giley-güzar etməsin.

“Mən konsertin əvvəlində oxuyacağam, yaxud sonda oxuyub konserti bağlayacağam” davası etmək də qorxaqlıq əlamətidir. Ona görə əvvəl oxuyurlar ki, kiminsə sayəsində onu alqışlasınlar, sonda oxuyurlar ki, hamı desin, bu, böyük sənətkardır və pafoslu çıxışlarının hesabına alqış alsın. Çox qəribə məntiqdir. Bütün bunları düşünmək, dərk etmək lazımdır. İnanın, sənətçilər bəzən cılızlığından bunu dərk edə bilməsələr də, xalq hər şeyi görür.

-Bunların hamısı sənətçinin tamaşaçısını tanımamağından irəli gəlir.

-Sən tamaşaçını tanımırsan, amma tamaşaçı səni, onu, məni gözəl tanıyır. Və tamaşaçı səni alqışlayıb, məni alqışlamırsa, yaxud da əksinəolursa, deməli, bunların hamısı bizim öz qazancımızdır. Mənfini, müsbəti, yaxşını, yamanı özümüz qazanırıq. İfamız, davranışımız, danışığımız, xarakterimiz, aldığımız tərbiyə ilə.

- Bəzi müğənnilər efirə çıxıb “xalq məni sevir” deyir. Xalqın adından bu cür bəyanat vermək olarmı?

-Belə hərəkətlər müğənninin özünün cılızlığı, qorxaqlığı, peşəkar olmamasını sübuta yetirir. O, yalnız “xalq məni sevir” sözlərini deyə bilir. Sənətinə, dövlətinə, torpağına, xalqına məhəbbəti, doğmalığı olan sənətkar heç vaxt bu sözü dilinə gətirməz. Ən azından bu, qorxaqlıq, cılızlıqdır. Bəzən jurnalistlər də xalqın sevmədiyi müğənnini tərifləyib xalqa sırıyırlar. Bu, çox pis xüsusiyyətdir və təəssüf ki, artıq adət halını alıb.

- Müxtəlif ölkələrdə, şəhərlərdə olan bir xanım kimi fikriniz maraqlıdır: hansı şəhərdə, ölkədə özünüzü rahat hiss edirsiniz?

- Hansı ölkədə məhəbbətlə qarşılanırsansa, o ölkə hər zaman sənə çox doğma gəlir. Amma mənimçün günü-gündən gözəlləşən, hər gün öz gözəlliyini bir az da artıran, hətta əcnəbi turistləri də heyrətə salan doğma Bakımdan gözəl şəhər ola bilməz.

- Bakıdan söz düşmüşkən, artıq yeni ifadələr yaranıb: “köhnə Bakı”, “yeni Bakı”...

-Bakı son illərdə təravətli bir çiçəyə çevrilib. Və bu gözəlliyin, bu təravətin, bu inkişafın bir müəllifi var: Azərbaycanın Prezidenti! İnsanın mənəviyyatı gözəldirsə, onun gördüyü işlər də gözəl olur. O, Azərbaycanı gözəl və firavan görmək istəyirsə, hətta əyalətlərimizi belə füsunkar bir məkana çevirirsə, bu, Cənab İlham Əliyevin ölkəsinə və xalqına verdiyi böyük dəyərin,tükənməz sevginin təcəssümüdür. Bilirsiz, hər şey soydan-kökdən gəlir. Dahi Heydər Əliyevin övladı öz adını müasir Azərbaycanın tarixinə məhz belə yazmalıydı. Ata Əliyev müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin memarıdırsa, oğul Əliyev rifahın, tərəqqinin, hərtərəfli inkişafın memarıdır. Mərhum Heydər Əliyevin unudulmaz bir fikri var: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. İndi bu fikri mən də əminliklə təkrar edirəm. Allah ona qəni-qəni rəhmət eləsin! Vaxt vardı, xaricdə Azərbaycan adını eşidəndə onun yerini bizdən soruşurdular. Amma indi insanların gəzib-görmək istədiyi ölkələr siyahısında Azərbaycan da var. Əlbəttə ki, bütün bunlara görə ilk növbədə Prezidentimizə minnətdarıq. Bu söhbətimizdəonun xidmətlərini, ölkəmiz üçün gördüyü işləri elə-belə xatırlamırıq. Bu xalq yaxşılıq itirən deyil, bizim sevgimiz bu xüsusiyyətdən qaynaqlanır. Görürük ki, O, Azərbaycanı Qafqaz regionunda söz sahibinə çevirir, artıq bizimlə hesablaşırlar. Biz də bu fəaliyyətə yüksək dəyər veririk!

- Nazpəri xanım, hər zaman gözəl, baxımlısınız. Özünüzü necə formada saxlayırsınız?

-Allahıma minnətdaram! Birincisi, mənə verdiyi ürəyə görə. Bəzən o ürək mənə problemlər yaşadır, amma olsun. Xəbislik, özgəsinin uğuruna paxıllıq etmək kimi xoşagəlməyənxüsusiyyətlətləri Allah mənə verməyib. Buna görə çox xoşbəxtəm. İkincisi, Allah məni necə yaradıbsa, eləyəm, başqa cür ola bilmərəm. Üçüncüsü, əgər mən bu sənətdəyəmsə, xalq məni istər sənətimlə, istər davranışımla sevibsə, demək, mənimdə onlara olan məhəbbətimi görüb, o məhəbbətin süni olmadığını hiss edib. Mən bunları qazanmışamsa, deməli,millətimin qarşısında kiçicik addımımı belə məsuliyyətsiz atmağa ixtiyarım yoxdur. Çünki bilirəm ki, kiçicik bir səhvim neçə ildə qazandığım o məhəbbəti, istəyi itirə bilər.

- Nazpəri xanım, Azərbaycanda, xarici ölkələrdə neçə-neçə konsertlərinizolub. Amma düşünürük ki, siz ən möhtəşəm konsertinizi hələ verməmisiniz. Yəqin ki, bu konsertQarabağda baş tutacaq...

- Tamamilə haqlısız. Mən çox ölkələrdə konsert vermişəm. Amma bunlar məni qane etmir. Çünki bir azərbaycanlı olaraq ən böyük arzum Qarabağda konsert verməkdir. Norveçdə ilk konsertimdən sonra Azərbaycanın harada yerləşdiyini göstərmək üçün xəritəyə yaxınlaşdıq, əlimi Qarabağın üstünə qoyubonlara dedim ki, mən burda konsert verəcəyəm və sizləri də orda dəvət edəcəyəm.

Mən siyasətlə maraqlanmıram. Amma bilirəm ki, Prezidentimiz Qarabağın işğaldan azad olunması, Qarabağla bağlı arzularımızınhəyata keçməsi üçün böyük işlər görür. O, bunu hər zaman çıxışlarında, eləcə də sənət adamları ilə görüşündə dilə gətirmişdi. Onun bəyanatları məni daha da ümidləndirir. İnanıram ki, Ali Baş Komandanımız Qarabağı alacaq və o konsert Qarabağda baş tutacaq. O nə vaxt nə vəd edibsə, həyata keçirib!!!

Cəvahir Səlimqızı,

Nərmin Muradova,

Fotolar Elçin Muradındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR