Əbülfəs Qarayev: “Allah eləsin, Azərbaycanda uzunömürlülərin sayı artsın və…” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əbülfəs Qarayev: “Allah eləsin, Azərbaycanda uzunömürlülərin sayı artsın və…” - FOTOLAR

Düz deyiblər ki, hər kəs yüz il yaşamasa, günah onun özündədir. Cənub bölgəsində uzunömürlüləri bir məkana yığdılar. Hər kəsin simasında bayram əhval-ruhiyyəsi var.

Publika.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 8-də Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalına start verildi. Bu festivalaı işıqlandırmaq üçün paytaxt Bakıdan bir qrup media mənsubu, eləcə də onları şad-xürrəm etmək üçün sənət adamları Lerikə yola düşdülər.

Festivalda iştirak edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bayram tədbirinə qatılan uzunömürlüləri təbrik etdi. Onların hər birinə yaxınlaşıb arzu və istəkləri ilə maraqlandı. Azərbaycanda belə bir festivalın ilk dəfə keçirildiyini deyən və festivalın əhəmiyyətini yüksək qiymətləndirən nazir bu festivalın ənəyə çevriləcəyini bildirdi:

«Lerik uzunömürlülərin diyarıdır. Hesab edirəm ki, mədəniyyətimizin təbliğinə həsr olunmuş belə tədbirlər mütəmadi olaraq keçiriləcək. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman Lerik bölgəsinin inkişafına xüsusi diqqət ayırır. Yeni yollar çəkilir, abadlıq işləri aparılır. Allah eləsin, Azərbaycanda insanlar o qədər uzun ömür yaşasınlar ki, biz də belə tədbirlərin sayını artıraq».

Nazir eyni zamanda onu da qeyd etdi ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın bölgələrinin tanıdılmasına və beləliklə də xarici turistlərin təkcə paytaxta deyil, həmçinin də regionlara maraq göstərməsinə gətirib çıxarır.

Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, belə bir festival təşkil olunur. Festivalın keçirilməsində məqsəd respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır. Hər halda, alqışlanmağa dəyən bir missiyadır.

Onu da qeyd edək ki, tədbirin Cənub bölgəsində məhz Lerikdə keçirilməsi də təsadüfü deyil. Lerik rayonunun uzunömürlü insanların yaşadığı bölgələrdən biri kimi məşhur olmasını, burada respublikada yeganə olan "Uzunömürlülər" muzeyinin fəaliyyət göstərməsini, festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyəti nəzərə alaraq məkan olaraq bura seçilib.

Bir sıra janrlar - mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçirilən bu festivalda kitab, foto və rəsm sərgiləri təşkil olundu, Azərbaycanın müxtəlif bölgələrindən - Lənkəran, Balakən, İsmayıllı, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların qatıldığı tədbirdə uzunömürlülərdən ibarət "Rəfti", "Nənələr" folklor kollektivlərinin, həmçinin respublikanın xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqalarının iştirakı ilə konsert proqrammı təqdim olundu.

Festivalda həmçinin "Salnamə" kinostudiyasının istehsalı olan "Əsrə sığmayan həyat" filmi nümayiş etdirildi, Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə plov festivalı da təşkil edildi. Yarışmada müxtəlif növ plovlar təqdim olundu. Ən çox bəyənilən plovlara görə aşpazlar mükafatlandırıldı. Mükafatları sahiblərinə Kulinariya mərkəzinin direktoru Tahir Əmiraslanov təqdim etdi.

Beləcə festival davam edir. Uzunömürlülərin yanında olub da, onların pozitiv enerjisini hiss etmək, elə ən böyük zövqdür. Üz-gözlərindən nur yağan bu nurani Allah bəndələri ilə ünsiyyətdə olmaq özü də elə insanın ömrünü uzadır. Bəlkə də onların içində olan bu saflıq, ülvilik, paklıq duyğusu, İlahi sevgisidir ki, onların ömrünə ömür calayıb. Ömrü verən isə Allahdır. Uca Allahla hər zaman bir olaq ki, o da bizim bu dünyada azacıq da olsa artıq qalmaq şansımızı artırsın.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

(Lerik-Bakı)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm