Qazaxıstanla Azərbaycan arasında saziş imzalandı
Bizi izləyin

Tabloid.az

Qazaxıstanla Azərbaycan arasında saziş imzalandı

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Qazaxıstan xarici işlər nazirinin I müavini Rapil Coşıbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publiak.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Qazaxıstan arasında digər sahələrdə olduğu kimi mədəniyyət və turizm sahəsində əməkdaşlıqdan razılıq ifadə olunub.

Nazir deyib ki, iki ölkə arasında dostluq münasibətlərinin tarixi kökləri var. İki qardaş ölkə beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirir. "Ümidvaram ki, qarşılıqlı münasibətlər, o cümlədən mədəni əlaqələr bundan sonra da inkişaf edəcək”, Əbülfəz Qarayev bildirib.

Nazir əlavə edib ki, Qazaxıstanın turizm şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakı müştərək əlaqələrə zəmin yarada bilər: “Bu istiqamətdə əməkdaşlıq sənədləri imzalanmalı və sıx əlaqələr yaradılmalıdır. Lazım gəlsə, beynəlxalq tədbirlərdə birgə stendlərlə də çıxış etmək olar. Eyni zamanda TÜRKSOY üzvü olan ölkələr kimi mədəni irsimizi də birgə qorumalı və təbliğ etməliyik”.

Ə. Qarayev Qazaxıstanın nümayəndələrini gələn il Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

R. Coşıbayev isə bildirib ki, Qazaxıstan 2017-ci ildə Astana şəhərində keçiriləcək beynəlxalq EXPO sərgisinə ciddi hazırlaşır: “Sərgidə dünyanın 100-dən artıq ölkəsi iştirak edəcək. İki ölkənin hərtərəfli əlaqələri mövcuddur, turizm sahəsində əməkdaşlıq genişlənir. Bu səbəbdən də istərdik ki, sərgidə Azərbaycanın həm mədəniyyəti, həm də turizm imkanları geniş sərgilənsin".

Görüşün sonunda Qazaxıstanın "Astana EXPO 2017" milli şirkəti ilə Azərbaycan Turizm Assosiasiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm