• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Kütləvi səhnələrə çıxırdı, onu ştata mən götürmüşəm” - QARŞIDURMA

“Kütləvi səhnələrə çıxırdı, onu ştata mən götürmüşəm” - QARŞIDURMA

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun Publika.az-a müsahibəsi

- İsrafil müəllim, bildiyimə görə, iki gün öncə Çindən səfərdən qayıtmısınız. Səfəriniz nə ilə bağlı idi?

- Çin Xalq Respublikasında Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 27-ci Konqresi keçirilirdi. Azərbaycanda bu tədbirdə bəndəniz və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə iştirak edirdik. Səfər dörd gün davam etdi. Bu günlər ərzində dünya teatr prosesində diqqətçəkən məsələlər, mövcud problemlər, teatr prosesinin istiqamət məsələləri müzakirə olundu. Dünyanın müxtəlif qitələrində olan xalqların teatr mədəniyyətinin bu günü, perspektivləri barədə ən ciddi və aktual məsələlər gündəliyə çıxarıldı. Təbii ki, istər məruzələrdə, istər müzakirələrdə fikir müxtəlifliyi, mübahisələr, polemikalar var idi. Biz həmin müzakirələrdə kifayət qədər fəal iştirak etdik. Konqresdə həmçinin təşkilati məsələlərə də baxıldı. Assosiasiyanın yeni idarə heyəti və prezidenti seçildi. Bu dəfə prezidentlik postu İsveçdən olan Marqaret adlı xanıma həvalə olundu. O, uzun illərdir Stokholmda universitet müəllimidir, teatr tənqidi sahəsində yetərincə tanınmış insandır.

- Azərbaycan teatrının bu konqresdən qazancı, bəhrələndiyi məqamlar nələrdən ibarət oldu?

-Teatr prosesi böyük, yaxud kiçik dövlət, ölkə anlamına sığmır. Lixtenşteynin, Lüksemburqun da teatr prosesində çox böyük canlanma ola bilər. Yaxud çox böyük ərazisi olan nəhəng bir dövlətin teatr prosesində deqradasiyanın müşahidə olunması mümkündür. Azərbaycan teatrına gəlincə, Məhəmməd Hadinin də dediyi kimi, millətimizin xətti imzalar içində görünmürdü. Amma bu gün Azərbaycan teatrının müxtəlif xalqların, hətta uzun illik demokratiya təcrübəsi, minillik teatr ənənəsi olan millətlərin teatr aləmi ilə yanaşı durmaq imkanları açıq-aydındır. Azərbaycan teatrı Avropa və dünya teatr məkanına inteqrasiya proseslərindən çox uğurla keçir. İlk mərhələdə bu, çox ağır idi. Müəyyən yaradıcılıq, estetika, dünyagörüş anlaşılmazlıqları var idi. Bu mənada Azərbaycan teatrı o kritik həddi keçib və biz ən məşhur, ən nəhəng fikir adamlarıyla bir sırada dayana bilirik. Fikir səviyyəmizdə, dünyagörüş səviyyəmizdə heç bir problem yoxdur. Sadəcə, nəzəri olanların tətbiqi tərəflərini düşünməli, yeni dövrün məğzini, ovqatını, ab-havasını işimizdə əsas tutmalıyıq.

-Təbii ki, bütün sadaladıqlarınız çox gözəldir və təqdirəlayiqdir. Amma siz Bakıda olmadığınız müddətdə gənc aktyorlarınız mətbuata müəyyən açıqlamalar verdilər. Bunlardan xəbəriniz var?

- Yox, mən dünən (srağagün-red) işə çıxmışam. Dünya teatrlarında təbii qabarma-çəkilmələr, müxtəlif yaradıcılıq mübahisələri olur. Çünki teatrın təbiəti rəqabətə söykənir. Hər kəs görünmək, seçilmək, öndə olmaq istəyir. Teatrımızın 50-60-70-ci illərini xatırlayıram. Tarixə baxanda, müəyyən tədqiqatlar aparanda görürəm ki, elə böyük mübahisələr, partlayışlar olub ki... Ələsgər Ələkbərov kimi nəhəng aktyoru teatrdan uzaqlaşdırıblar. Kazım Ziya kimi aktyor kənarda qalıb, Həsən Turabovun özünü vaxtilə işdən çıxarıblar. Belə hadisələr çox olub. Amma heç vaxt mətbuat bunu ictimailəşdirməyib, günün vacib məsələləri – quş qripi, QİÇS, Ebola virusu kimi böyüdüb, şişirtməyib.

- İstəyirəm, aktyorunuz Elçin Əhmədovun səsləndirdiyi fikirlərə qarşı tərəf kimi sizin mövqeyinizi öyrənəm. Burada mənim başqa məqsədim, mövqeyim yoxdur.

- Mən sizə bir şey deyim də. Əvvəla, belə məsələlərə telefonla münasibət bildirmək korrekt deyil. Mənim də müəyyən yaşım, təcrübəm var və düşündüyümü deməliyəm. Bunu belə etmirlər. İkincisi, teatr işinə bələd olan adam sualı başqa cür qoyur. Yazını oxuyan adam təkcə “qızardılmış” mətləbləri yox, həm də həqiqəti anlasın deyə...

- Şübhəsiz ki, dedikləriniz olduğu kimi əksini tapacaq.

-Tutaq ki, mənim hörmət elədiyim bir adam sual verir ki, sizin tamaşalar zaydır. Teatrşünas olmayan, teatr təcrübəsi az olan bir adam bir kollektivin aylarla işlədiyi işə necə “zaydır” deyə bilər? Sual verən adam teatr mütəxəssisi deyil axı. Təsəvvür edin ki, mən həkiməm və siz işi bilmədən gəlib deyirsiniz ki, əməliyyatı zay eləmişəm. Axı siz mütəxəssis deyilsiniz.

- Şəxsən mənim sizinlə dörd hissədən ibarət geniş müsahibəm də olub və görüşüb müsahibə almaq problemimiz də yoxdur. Amma elə məqamlar var ki, bunları telefonla soruşmaq olar.

-Yox, yox, olmaz. Zəng edib telefonla soruşmaq olar ki, özünüzü necə hiss edirsiniz? Mən də deyərəm ki, yaxşıyam, yaxud qulağım ağrıyır. Amma problematik məsələləri telefonla danışmaq olmur.

- Aktyor bildirir ki, sizin qəbulunuza düşə bilmir, teatrda xaos var, maaşı kəsilir, “YUĞ” teatrının aktyorlarına meydan verilib... Və onun səsləndirdiyi ittihamları olduğu kimi sizə deyirəm.

- Aktyor hakim deyil ki, ittiham etsin. Mənim də həmin aktyorlar haqda ikiqat, üçqat peşəkar iddialarım ola bilər.

- Məsələn?

- Necə yəni mənim qəbuluma düşə bilmir? Siz niyə düşünürsünüz ki, aktyor həqiqəti deyir? Burada 250 işçi var, 5-6 nəfər başqa fikirdə ola bilər və bu, təbiidir. Böyük müəssisələr, ali məktəblər var. Məgər orada bütün professor, müəllim heyəti bir ağızdan, xorla hər şeydən razıdır? Görürsən ki, axmağın biri hadisələrlə bağlı axmaq bir şey deyir. Yəni, o, haqlıdır?

- Mən demirəm ki, o haqlıdır. Sizdən soruşuram ki, o haqlıdırmı, nə dərəcədə haqlıdır?

- Mən bilmirəm kimdən söhbət gedir.

- Sizin direktoru olduğunuz teatrın aktyoru Elçin Əhmədovdan. Aktyor bildirib ki, əvvəl 194 manat məvacib alırdım, sonra məvacibim 226 manat oldu, indi isə 210 manat alıram...

- Gəlin bura, mən də o Elçin Əhmədovu və mühasibi çağırım. Necə ola bilər ki, bu adamın maaşı bu qədər olub, sonra bu qədərə düşüb? Siz həmin Elçin Əhmədovdan soruşun ki, sən burada kütləvi səhnələrə çıxırdın, səni bura ştata götürdülər. Necə oldu ki, ştata girdin? Səni kim götürdü, nə üçün götürdülər?

- Mənim də bayaqdan sizdən soruşduqlarım bunlardır da.

- Soruşma, gəl mən ştat cədvəlini qoyum sənin qabağına, bax, onun məvacibinə və heç bu sual da yaranmasın. Elçin Əhmədov Azərbaycan teatr prosesində, teatr səhnəsində elə bir möhtəşəm fiqur deyil ki, siz onun hansısa cümləsiylə mənə belə münasibət bəsləyəsiniz.

- Mənim sizə həm insan kimi, həm də direktor kimi normal münasibətim var. Amma qarşı tərəf olaraq sizin fikirləriniz öyrənməliyəm. Peşəkarlıq nöqteyi-nəzərindən belə olmalıdır.

- Mən sizin peşəkarlığınıza şübhə etmirəm. Sizin yaşınızdan da əvvəl həmişə mətbuatda çıxışlar etmişəm, yazılar yazmışam. Sizin sahənin mütəxəssisi olmasam da, az-çox əlimdə qələm olub, yazmışam. Amma 250 nəfərdən 2-3 nəfər belə deyir...Mən indi Elçin Əhmədovu bura dəvət edərəm. Siz də ürəyiniz nə vaxt istəyirsə, gəlin bura. Əgər onun nədənsə narazılığı varsa, truppanın müdiri, teatrın direktoru var. O nə vaxt mənim yanıma gəlib ki, mən qəbul etməmişəm?

- O deyir ki, qəbulunuza düşə bilmir, aktyorların səbir kasası daşıb...

- Mən inanmıram ki, o gəlsin, qəbula düşə bilməsin. Çünki məndən qabaq onun truppa müdiri var. Ən azından, mən truppa müdiriylə gündə 5-6 dəfə görüşürəm. O truppa müdirinə deyə bilərdi. Necə olur mən xadiməylə, bilet nəzarətçisiylə, elektriklə görüşürəm, teatrın aktyoruyla görüşmürəm? O adama münasibətim həmişə yaxşı olub. Elçin burada kütləvi səhnələrə çıxırdı. Onu ştata götürmüşəm, əmri mən vermişəm. Nə vaxt onunla danışanda səsimin tonu yuxarı olub ki, onun xətrinə dəyim?

Mən işə gələndə qapıda fəhləylə də, xalq artistiylə də əl verib kef-əhval soruşuram. Bu, böyük bir şey deyil ha, insanlıq borcudur və insanları sorta, növə bölmürəm. Mən bilmirəm onun narazılığının hansı motivləri var. Məgər kiminsə məvacibinin qalxıb-düşməsi mənim istəyimlə olur? Mənə yaraşmayan məsələdir. Məgər mən indi işə başlamışam?

- Əgər düşünsəydim ki, səsləndirilən ittihamlar yüz faiz doğrudur, heç sizə zəng vurmazdım...

-Təşəkkür edirəm, çox sağ olun. Bu, sənət, yaradıcılıq baxımından olsaydı, başqa məsələ. Ola bilər, hansısa aktyor yoldaşı səhnə arxasında onun xətrinə dəyir. Teatrda belə şeylər olur axı. Yaxud hansısa roldan onu məhrum edirlər. Əgər belə bir məsələ olsaydı, normal qarşılayardım. Çünki hər bir kəsin inkişaf etmək haqqı var.

- Bir daha deyirəm ki, sizə xatırlatdıqlarım onun mətbuata açıqlamasındandır.

- Onda soruşmaq lazımdır ki, nə istəyirsən, istəyin niyə təmin olunmur? Bu gün repertuardakı, ən azı, 10 tamaşada əsas rollar oynayır. Bunun nə təcrübəsi, nə sənətkarlığı var ki, oynayır. Rəhbərliyin ona münasibəti pis olsaydı, həmin rolları oynaya bilməzdi. Bir il əvvəl mətbuat məni tənqid edirdi ki, bütün imkanları gənclərə verib. Mənim atdığım addımların səhv, yaxud doğru olduğu indi yox, dörd-beş ildən sonra bəlli olacaq. Vaxtilə Tofiq Kazımov Səməndər Rzayevi Hamlet Xanızadəni, Amaliya Pənahovanı, Şəfiqə Məmmədovanı, Fuad Poladovu, Yaşar Nurini bu teatra gətirəndə onunla eynilə bu cür rəftar edirdilər. Sonra bunlar Azərbaycan teatr sənətinin fəxri oldular. İndi eyni şeyləri mən edəndə və eyni münasibət görəndə çaşıram ki, zaman, ölkə, insanların düşüncəsi, münasibəti dəyişməyib, elə sovet dövründəki kimi qalıb?

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR