Aytən Əlizadə: “Həyat yoldaşımın boyu 180-dən çox ola bilməz” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aytən Əlizadə: “Həyat yoldaşımın boyu 180-dən çox ola bilməz” – FOTOLAR

“Space” telekanalında yayımlanan “Hər bir havada” verilişinin aparıcısı Aytən Əlizadənin Publika.az-a müsahibəsi

- Aytən xanım, havalar necə keçir?

- Təbiətdə havalar düzələ də bilər, düzəlməyə də, yağış da yağar, qar da, tufan da qopar, külək də əsər. Əsas odur ki, mənim havam həmişə yerindədir.

- İndi də yerindədir?

- Bəli, indi də yerindədir.

- Bəs yerində olmayan vaxtı olur?

- Hərdən olur. Bir də görürsən ki, havalar mənimçün də dəyişir.

- Axırıncı dəfə nə vaxt dəyişib?

-(düşünür) Olub, amma nə vaxt olduğu dəqiq yadıma gəlmir. Elə bir insanam ki, pozitivəm, neqativləri yadımda saxlamıram. Havam dəyişəndə də özümü pis ab-havadan çıxarmağa çalışıram.

- Elə bir verilişiniz olacaqmı ki, orada havadan söhbət getməsin?

- Yaxın zamanlarda elə bir veriliş olmayacaq. Çünki hər kəs məni hava proqnozundan tanıyır. Şəxsən özüm də aparıcı kimi bunu istəmirəm.

- Niyə?

- Çünki dediyim kimi, hər kəs məni hava proqnozundan tanıyır. Əslində, “Hər bir havada” maqazin verilişidir. Adının belə qoyulmağı da sırf mənimlə bağlıdır, rəhbərliyin qərarıdır. Başqa bir ad da ola bilərdi.

- Sənət adamları hansısa süjetə görə sizə zəng edirlərmi?

- Demək olar ki, hər verilişdə belə hallarla rastlaşırıq.

- Ən çox cığallıq edən kimlərdir?

- Biz tanınmayan simaları deyil, məşhurları çəkirik. Ona görə də əksəriyyəti tanınan simalardır.

- Konkret kimlərdən söhbət gedir?

- Adlarını çəkmək istəmirəm. Bu yaxınlarda da elə bir məsələ olmuşdu. Hamısı dostlarımızdır, istəmirəm kimsə məndən incisin.

- Bəs ən yolayaxın kimdir?

- (gülür) Ən yola gedən Elariz Məmmədoğludur.

- Efirə nə versəniz, etiraz etmir?

- Yox, elə deyil. Sadəcə, o elə insandır ki, kompleksi yoxdur, məsələlərə hörmətlə yanaşır. Arzu Rzayevdən də elə bir şey görməmişəm. Rəqqasə Fatiməni də çəkmişik, nəyəsə etiraz etməyib. Roza Zərgərli də bizim üçün problemsiz insandır.

- Onların arasında dostluq etdiyiniz kimsə var?

- Yalnız “salam-sağol”umuz var. Elə bir insanam ki, dəvət olunduğum məkanlara gedərkən də düşünürəm: nə olsun ki, bu adam məşhurdur? Heç bir şou nümayəndəsi ilə dostluq etmirəm və belə bir fikrim də yoxdur. Onların öz dünyası var, mənim öz dünyam. Mənimlə onların düşüncələri tamamilə fərqlidir. Ümumiyyətlə, özümü şou-biznesdə görmürəm. Nə olsun ki, şou xarakterli verilişin aparıcısıyam?

- Onda məcburiyyətdən bu sahədə çalışırsınız?

- Məcburiyyət deməzdim, hər birinin xətrini çox istəyirəm, yaxşı insanlardır. Həm də sevdiyim işi görürəm. Mənim onlara, onların mənə bir işi düşsə, canla-başla kömək edərik. Bir-birimizin xoş günlərində görüşürük. Amma sırf dostum yoxdur. Dostlarım mediadan kənar insanlardır. Düşünürəm ki, hətta ailə qurduğum insan da mediadan olmamalıdır. İndi də bu sahədən təkliflər var.

- Müğənnilərdir?

- (gülür) Musiqiçi də var, müğənni də. Hətta bu yaxınlarda tanınmış idmançılarımızın birindən belə bir təklif aldım.

- İdmançı nə vaxtdan şou-biznes nümayəndəsi olub?

- Şou-biznesdən olmasa da, tanınan simalardandır.

- Onda sizinlə də ailə qurmasınlar da. Sima olaraq müəyyən qədər tanınırsınız...

- Bilirsiniz necədir? Əslində, etiraf etməliyik ki, bir çoxlarının məqsədli ailə qurmaq istəyi də var. Məsələn, mən bu gün aparıcıyam, filankəs də müğənnidir...

- Yəni, sizin evlənməyiniz səs-küyə səbəb olacaq?

- Səs-küy olacaq. Hətta o adam özü də demişdi ki, istər-istəməz işlədiyim telekanal onun üzünə açıq olacaq. Ona görə də razılıq vermədim. Məqsədli ailə həyatı qurmaq istəmirəm.

- Yaşca sizdən böyük idi?

- Bəli. Böyüyü də olur, balacası da.

- Bizim söhbətlərimizin birində demişdiniz ki, boyca özümdən çox hündür insanla ailə qurmaram.

- Heç vaxt.

- Niyə?

- Mənim boyum o qədər hündür deyil axı.

- Onun nə dəxli var ki? Bazardan nəsə almırsınız ki. Ailə qurursunuz da...

- İnsanlar bir-birini xarici görünüş baxımından da tamamlamalıdırlar.

- Boyda sizdən balaca olsa, onda necə?

- Özümdən balacası da olub. Hündür olsun e, amma 190 olmasın da. Əgər boyum 160-dırsa, maksimum 180 boylu insanla ailə qura bilərəm. O da maksimum. 190 boyu olan insanın yanında necə görünərəm? Özünüz fikirləşin də...

- Deməli, bu meyarlara uyğun kimsə olmasa, subay qalacaqsınız?

- Əslində, özüm ailə qurmaq istəmirəm.

- Heç ailəli olmamısınız?

-Yox, yox. Şou-biznesdəki məqsədli ailələrdən qurmaq istəsəydim, qurardım. Bu dəqiqə istəyənlər də var, valideynim də bilir. Hərdən anam deyir ki, şou biznesdə hər kəs məqsədli ailə qurur. Amma deyirəm ki, olmaz. Mən müğənninin prodüseri deyiləm ki, onu “raskrutka” edim. Prodüser istəyirsə, məni özünə prodüser tutsun.

- Yetərincə qısa geyinirsiniz. Bu da məqsədlidir?

- Bu, efir üçündür.

- Efirdən kənar elə geyinmirsiniz?

- Mən əhvali-ruhiyyə ilə iş görən insanam. Əgər bu gün içimdən gəlirsə, qısa geyinəcəyəm, gəlmirsə, geyməyəcəyəm.

- Bununla bağlı qadağalar var?

- Hələ ki ailəli deyiləm. Amma ailəmiz, nəslimiz var. Həddimi saxlayıram. Efir xatirinə geyinirəm.

- Yaş kompleksiniz necə, varmı?

- Mən, ümumiyyətlə, yaşımı, haralı olduğumu deməyi, şəxsi həyatım barədə danışmağı sevmirəm.

- Deməli, yaş kompleksiniz var...

- Kompleks deməzdim, sadəcə, xoşlamıram.

- Adətən, 30 yaşdan sonra belə olur.

- Hələ 30 olmayıb.

- Sizcə, son günlər şou biznesin gündəmində nə var?

- İlk ağlıma gələn Təranə-Nazənin məsələsidir.

- Bu məsələni kənardan necə təhlil edərdiniz?

- Onların işinə qarışmaq istəmirəm. Nazənin xanım da, Təranə xanım da gözəl sənətçilərdir, hərəsinin özünə görə auditoriyası var. Mənə elə gəlir ki, bu məsələləri açıb-ağartmağın yeri yox idi. Ən azından, iki tərəfdən biri susmalı idi.

- Sizcə, kim daha çox haqlıdır?

- Əslində, hər kəs ailədaxili məsələlərini özü bilir.

- Bəs kənardan necə görünür?

- Yaxşı görünmür. İnsanlar deyirlər ki, yenə də qalmaqal?

- Verilişinizdə bu məsələ ilə bağlı süjet olacaq?

- Yox, ad günündə olan qırğın-qiyaməti çəkmişdik. Amma sonrakı prosesləri işıqlandırmadıq. Açıq deyək ki, qalmaqallar da insanları yorur.

- Əgər yorursa, niyə ən reytinqli verilişlər qalmaqallı verilişlərdir?

- (düşünür) Deməzdim ki, ən reytinqli verilişlərdir. Bu, bir maraqdır. Mənim ailə üzvlərim də kanalı çevirəndə dava-qırğın görürlərsə, saxlayırlar ki, görsünlər nə məsələdir.

- Evdə şou verilişlərə baxırlar?

- Baxırlar. Amma görəndə ki, eyni qalmaqaldır, kanalı çevirirlər. Kimsə bir-iki dəqiqə baxa bilər. Amma indi belə şeylər maraqsızdır. Ailə məsələlərini gündəmə gətirmək isə biabırçılıqdır.

- Sizə görə ailə quracağınız insanın maddi durumu önəmlidir?

- Önəmlidir.

- Çox?

- Mən, əslində, bir o qədər də pul sevən, pulgir insan deyiləm. Amma maddi durumu yaxşı olmalıdır. Mən demirəm ki, dövlətli olsun.

- Normal deyərkən nəyi nəzərdə tutursunuz? Məsələn, aylıq nə qədər qazanmalıdır?

- (gülür) Vallah, bir də görərsən, eləsinə vuruldum ki, kasıbın biri oldu. Könül sevən göyçək olar. Amma deyim ki, pullu insanlardan təklif olub, ailə qurmamışam.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm