Könül Nazimqızı xəbərdarlıq etdi: “2015 çılğın ilim olacaq” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Könül Nazimqızı xəbərdarlıq etdi: “2015 çılğın ilim olacaq” - FOTOLAR

“Allahı sevərsən, ayrılma məndən” - bu və digər məşhur hitlərin söz müəllifi Könül Nazimqızıdan təzə xəbərlər var.

Publika.az-a bu barədə danışan şairə bizləri yeniliklərindən xəbərdar etdi. Əvvəlcə onu qeyd edək ki, xalq artisti Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Aygün Kazımova, Nüşabə Ələsgərli, Elxan Şirinov, Nadir Bayramlı, Röya Ayxan, Abbas Bağırov, Sevda, Rəhim Rəhimli və bir çox məşhur müğənnilərin ifa etdikləri hitlərin söz müəllifi “Yarımçıq xatirələr” adlı şeir diski ilə sevənlərinin görüşünə gəldi. Tanınmış söz adamlarının iştirakı ilə keçirilən diskin təqdimat mərasimində şairənin müxtəlif illərdə sevgi və təbiət mövzusunda qələmə aldığı şeirlərini də öz dilindən eşitdik. “2015 mənim üçün çılğın il olacaq” - , deyən Könül Nazimqızı ilk olaraq yeni romanını təqdim edəcək: “Bu roman üzərində dörd ildən artıqdır ki, işləyirəm. Bu roman bugünkü həyatımızı əks etdirəcək. Şou-biznes nümayəndələrindən tutmuş hər kəsə qədər bu romanda özünü görə biləcək. Roman üç dilə tərcümə olunacaq və xarici ölkələrdə yayılacaq”.

Şairə xeyli vaxtdır ki, görünməməsinə də aydınlıq gətirdi: “Əslində, mən hansısa işimlə gündəmdə olmaq istəyirəm, boş-boşuna efirlərə çıxıb dedi-qodu etmək fikrindən çox uzağam. Tanıyanlar bilir ki, xaraktercə fərqli insanam. Əslində, yaradıcı insanların hamısı belə olur. Yaradıcılığa başım o qədər qarışıb ki, inanın, siz dediyiniz gündəm barədə düşünmürəm də. Gündəmdə olan mənim şeirlərimə bəstələnmiş musiqilərdir. İnsanlar hər dəfə o musiqiləri dinləyəndə məni yad edirsə, bəsimdir. Efirə çıxmaq, gündəmdə qalmaq, reklam olunmağa ehtiyacım yoxdur. 2015-ci il yaradıcılığımın ən məhsuldar ili olacaq. Artıq, gənclərlə işləməyə üstünlük verəcəyəm. Çünki gənc və istedadlı müğənnilərimiz çoxdur. Yeni ildə daha çox vətənpərvərlik ruhunda yazdığım şeirlərə mahnılar bəstələnəcək. Çünki bu gün gəncləri duyğulandırmaq, onları vətənpərvərlik mahnıları ilə tərbiyə etmək lazımdır. Hesab edirəm ki, bu qəbildən olan mahnılarımıza ehtiyac daha çoxdur”.

Payız fəslini və yağışı çox sevdiyini deyən Könül Nazimqızı əksər şeirlərinin məhz payız fəslində yazıldığını bildirdi: “Yağışı, çiskini çox sevirəm, bu baxımdan, payız ruhuma daha yaxındır. Ən gözəl şeirlərimi yağış yağanda yazmışam. Bir məşhur şeirimin tarixçəsi yadıma düşdü. Bir dəfə yağışlı gündə maşında oturub qardaşımı gözləyirdim. Bir də gördüm gözəl bir qız ağlaya-ağlaya yanımdan keçir. Bir az keçəndən sonra ona bir oğlan yaxınlaşdı və başladı əl-qol hərəkətləri etməyə. Anladım ki, o gözəl qız lal imiş. Bu hadisə məni çox duyğulandırdı, göz yaşı tökə-tökə o lal qıza bir şeir yazdım. Şeir – insanın ruh halıdır”.

Onu da öyrəndik ki, Könül Nazimqızı bu yaxınlarda Türkiyədə keçirilən şeir şölənində mükafata layiq görülüb. Qarşıda onu daha bir mükafat gözləyir. “Böyük işğal” adlı kitabı Almaniyada ödülə layiq görülüb. Yaxın günlərdə mükafatın Almaniyada təqdimetmə mərasimi də olacaq. Sözügedən kitab yaxın günlərdə beş dildə nəşr olunacaq.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm