Xalq artisti: “Biabırçılıqdır, biri qaşını alır, o biri...” – FOTOLAR – MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Xalq artisti: “Biabırçılıqdır, biri qaşını alır, o biri...” – FOTOLAR – MÜSAHİBƏ

Həmsöhbətim SSRİ xalq artisti, Zeynəb Xanlarovanın ansamblının zərb ifaçısı, xalq artisti Sadıq Zərbəliyevdir – bir vaxtlar həmin ansamblla dünyanı gəzən, möhtəşəm səhnələrdə konsertlər verən sənətkar...

Çoxdandır görünməyən sənətkarı tədbirlərin birində gördük. Fürsət idi, həm hal-əhval tutduq, həm bugünkü şou-biznes barədə danışdıq, həm də yaradıcılığındakı yeniliklərlə maraqlandıq. Danışmağı heç sevmədiyini, yalnız sevimli zərb alətində ifa etməyi xoşladığını deyən sənətkarı zorla dilə tutduq.

Yeri gəlmişkən, o, bir şad xəbər də verdi. Dediyinə görə, 2015-ci ilin əvvəlində Zeynəb Xanlarova ilə Amerikada konsert verəcəklər.

- Bir sənətkar kimi, kənardan şou-biznes aləmini izləyirsinizmi?

- Mən heç vaxt şou-biznes aləmində olmamışam. Amma kənardan, əlbəttə, baxıram, izləyirəm. Ürəkaçan heç nə yoxdur. Hətta bəzi müğənniləri və onların yaratdıqları biabırçılığı, dedi-qodunu, qalmaqalları görəndə adam utanır da. Mən ilk dəfə qızların cırıq şalvar geyinməsini 1980-ci ildə rəhmətlik İslam Abdullayev, Nəzakət Məmmədova ilə xarici ölkələrə qastrol səfərlərinə gedəndə görmüşdüm. Çox da təəccüblənmişdim. Amma üstündən on-on beş il keçəndən sonra gördüm Bakıda qızlar ondan da betər gündə geyiniblər. Əcnəbi qızların azacıq cırıq şalvarlarını bizimkilər cırıb daha da böyütdülər. Xarici ölkələrdə, lap elə Türkiyədə də şou-biznes var, onları deyə bilmərəm, hansı səviyyədədir, necə inkişaf edib. Amma bizim şou-biznes çoxunun xoşuna gəlmir.

- Niyə, nə xoşunuza gəlmir ki?

- Etika, ədəb-ərkan aradan qalxıb. Hansı kanalı açırsan, eyni müğənninin sifətini görürsən. Hər şeyin təhəri var də. Olmaz axı. Biz azərbaycanlıyıq e, abır-həyamızı qoruyub saxlamalıyıq. İndi abır-həya gözləyən var, elə təki bunlar efirə çıxsınlar, populyar olsunlar. Başqa məqsəd yoxdur. Məni çox danışdırmayın e, bunlardan danışanda əsəbiləşirəm.

- Bəs kişi müğənnilərin özlərini aparması, efirdə davranışı sizi qane edirmi?

- Kişi müğənnilər xanımlardan da betərdir. Lap biabırçılıqdır. Biri qaşını alır, biri qulağına sırğa taxır. Danışılası deyil e…

- Sizin səhnə fəaliyyətiniz dövründə belə müğənnilər yox idi ki?

- Yox, yox, nə danışırsan, Allah eləməsin. O dövrün sənətkarları oturuşuna-duruşuna fikir verər, ədəb-ərkan gözləyərdilər. Bəs elə ona görə də bu gün onları hörmət-izzətlə xatırlayırıq da. Onda sənət yarışması vardı, qalmaqal, dedi-qodu yox. Geyimlərinə-kecimlərinə fikir verərdilər, danışıqlarına nəzarət edərdilər. İndi kim ağzına nə gəlir, çıxıb efirdə danışır.

- Bax bu gün bəyəndiyiniz, dinlədiyiniz müğənnilər varmı? Kimlərin adını çəkərdiniz?

- Zeynəb Xanlarova üç il bundan qabaq Amerikada görün necə möhtəşəm konsert verdi. Rübabə Muradova, Əbülfət Əliyev necə böyük sənətkarlar idi...

- İndiki müğənniləri deyirəm, gənclərdən kimlərin ifasını dinləyirsiniz?

- Gənc xanəndə Abgül var, onun səsini çox bəyənirəm. Azərbaycanda cox böyük maraqla qarşılanan muğam müsabiqəsindən çıxıb. İstedadlıdır, fərqli səsi, ifası var.

- Bəs estrada müğənnilərindən kimlərin adını çəkərdiniz?

- Dedim axı, məni danışdırma, yoxsa, əsəbiləşib, qəfil ağzımdan pis söz çıxara bilərəm.

- Yaxşı, özünüzdən danışın, vaxtilə Zeynəb Xanlarova kimi canlı korifeylə dünyanı gəzmisiniz… İndi neyləyirsiniz?

- Elə indi də boş durmuruq. Zeynəb xanımla qarşıda bizi yeni qastrol səfərləri gözləyir. Özü də canlı ifa edirik. Mən hansı məclisdə, hansı konsertdə oluramsa-olum, mütləq canlı ifa nümayiş etdirirəm.

- Zeynəb xanımın ansamblında uzun illər çalışmısınız. Heç Zeynəb xanımın sizə şərti, qadağası olurdumu?

- Şərti, qadağası yox, amma tapşırığı olurdu bizə. Həmişə deyirdi ki, elə edin, musiqidə yanlışlığa yol verməyəsiniz. Amma biz də Zeynəb xanımın ansamblında çalışdığımız üçün, təbii ki, çalışırdıq onun adına layiq olaq. Heç vaxt Zeynəb Xanlarovanın adına xələl gətirəcək hərəkətə yol vermirdik. Onda indiki kimi deyildi e, nizam-intizam vardı.

- Amma nizam-intizama əməl etməyən adamlar da olub axı ansamblda. Məsələn, Rəmiş… O özü də dəfələrlə Zeynəb xanımın ansamblında çalışdığı dönəmlərdə narkotiklərdən istifadə etdiyini deyib…

- Olmasaydı, daha yaxşı olardı. Mən bu mövzuda danışmaq istəmirəm. Rəmiş yaşda da məndən böyükdür. Amma Zeynəb xanım həmişə Rəmişin sənətkarlığına hörmətlə yanaşıb. Rəmiş sənətkardır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm