Səməd Səmədov ayrıldı – ŞOK İTTİHAMLAR
Bizi izləyin

Tabloid.az

Səməd Səmədov ayrıldı – ŞOK İTTİHAMLAR

Xalq artisti Səməd Səmədov 15 illik duet ortağı Sevda Əliqızıdan ayrıldı.

S.Əliqızının sözlərinə görə, S.Səmədov bu xəbəri ona öz prodüseri vasitəsilə göndərib: “Ən son Məhərrəmlik girməzdən 1 gün öncə toydan mehribancasına sağollaşıb ayrılmışıq. Bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir ki, mən ansambla yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O, artıq qocalıb. Onunla oxuya bilmərəm. Mən isə əlbəttə ki, bir anlıq dondum qaldım və təbii olaraq bununla razılaşmadım”.

Əsəbiləşən Sevda Əliqızı Səmədin yaşına da istehza edib: “Qocalmağa gəlincə isə, bildiyimə görə, Səməd 70 yaşa çatıb. Yəqin, o, öz yaşı ilə mənim yaşımı səhv salıb”.

Publika.az-a müsahibə verən Səməd Səmədov əsl həqiqətə aydınlıq gətirib.

- Sevda Əliqızı açıqlama verib ki, ayrılmısınız. Səbəb olaraq siz ona yaşlı olduğunu və buna görə, bərabər işləmək istəmədiyinizi demisiniz? Bu açıqlama nə dərəcədə doğrudur?

- Nəyə istəyirsinizsə, and içə bilərəm ki, belə söz olmayıb. Mən heç vaxt hansısa xanımın yaşını üzünə vurmaram. Sevda xanımla 15 ildən artıqdır ki, bir yerdə işləyirik. Bərabər toylara getmişik, xarici səfərlərdə olmuşuq, kliplər çəkdirmişik və s… Mən durduğum yerdə niyə ona deyim ki, gəl ayrılaq. O özü mənə dedi ki, Səməd, artıq uşaq-muşaq fəxri ad alıb, neçə ilin sənətçisi kimi hələ də mən gözləyirəm. Mən də ad almaq istəyirəm, buna görə səndən ayrılmaq istəyirəm. Mən hətta onu dilə tutdum ki, fikrindən daşınsın. Razılaşmadı, qayıtdı ki, mən indən belə solo fəaliyyətlə məşğul olacağam. Nə deyə bilərdim ki? Yoxsa ki, sən qocalmısan, bərabər işləyə bilmərik, yalan söhbətdir.

- Sevda xanım onu da iddia edir ki, duet oxumayacağınızı, amma toylara bərabər gedəcəyinizi demisiniz. Toylara getməyinin müqabilində isə ona 100 manat verəcəyinizi bildirmisiniz. Bunlar doğrudur?

- Bu da ağ yalandır. Sevda xanım özü neçə ildir ki, şadlıq saraylarının biri ilə müqavilə bağlayıb və orada oxuyur. Özü də mənsiz. Sevda xanım mənə xəbər yolladı ki, səninlə toya da getmək istəmirəm. Prodüserim vasitəsi ilə ona xəbər yolladım ki, necə istəyirsən, elə də olsun. Amma ona dedim ki, hətta mənimlə toya getməsən də belə, hər toydan sənə 100 manat pul yollayacağam. Təmənnasız. Oturduğu yerdə 100 manat alacaqdı, bunu kim edərdi?

- Niyə ki?

- İllərin dostu olduğumuz üçün. Vaxtilə bərabər çalışdığımıza görə. Bunu hansı müğənni edərdi? Əlbəttə, heç kim. Amma o razılaşmadı, əvəzində mənim haqqımda xoşagəlməz söz-söhbətlər yayır.

- Sevda xanım onu da iddia edir ki, sizinlə əlaqə saxlaya bilmədiyi üçün həyat yoldaşınızla danışıb...

- Biz ailəvi dostuq, onun xanımıma zəng etməsi normal haldır. Amma bu məsələ ilə bağlı həyat yoldaşıma zəng olunmayıb. Mənim Sevda xanımın özü ilə əlaqəm var axı.

- O həm də sizin 70 yaşlı qoca olduğunuzu və öz yaşınızı onunla dəyişik saldığınızı deyib…

- Desin də. O gün mən ATV-nin efirində qonaq idim. Aparıcı Mətanət Əliverdiyeva yaxşı bir söz işlətdi. Dedi ki, Səməd müəllim, əlinizin duzu yoxdur. Düz deyir, əlimin duzu yoxdur. Mən ona yaxşılıq etmişəm, əvəzində də aldığım cavab budur. Çoxdur belə insanlar, yaxşılığı dəyərləndirməyi bacarmırlar.

- Yəqin ki, baş verənlərdən sonra Sevda Əliqızı ilə aranız da dəyəcək?

- Sevda xanım gözəl qadındır, cavan nənədir, həm də yaxşı sənətçidir. Mən onun xətrini həmişə istəmişəm. Amma indi bu sözlərdən incidim.

- Yenidən barışmaq ehtimalı varmı?

- O özü qərar verib, mən nə deyə bilərəm ki…

- Bəlkə, özünüzə təzə duet ortağı götürəcəksiniz? Axı toylara hər zaman xanım sənətçi ilə gedirsiniz…

- Əlbəttə, artıq seçim etmək vaxtıdır. Dörd-beş xanım müğənni var ki, onların arasından birini seçəcəyəm.

- Ad çəkərdinizmi, hansılardır?

- Qabaqcadan deməyim. Amma onu deyə bilərəm ki, çox tanınmış müğənni xanımlardan biri olacaq. Həm toylara bərabər gedəcəyik, həm də duetlər oxuyacağıq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm