• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yaralı atın yanında yalandan zorlanan qadın

Yaralı atın yanında yalandan zorlanan qadın

İlk qınağımız olsun "Andrey Rublyov" filmindəki inəyin diri-diri yandırılmasına görə. Hərçənd rejissor özü həmin inəyin dərisinin asbestlə örtüldüyünü və çəkiliş zamanı xəsarət almadığını bəyan etmişdi...


Ikinci qınağımız olsun atın pilləkəndən yıxılmasına, ayağını sındırmasına və sonra nizəylə öldürülməsinə.

Dahi Tarkovskinin "o atı sallaqxanadan gətirmişdilər, onsuz da kəsəcəkdilər, biz də filmə çəkəndən sonra atın cəmdəyini elə sallaqxanaya təhvil verdik" kimi bəraət cəhdinə də baxmayaq.

Çünki məhz bu andaca dərisinin asbestlə örtüldüyü hələ də mübahisəli qalan inəyin taleyinin elə həmin sallaqxanada həll olunduğundan başqa bir şey gəlməz ağıl deyilənin yan-yörəsinə.

Və atın yanına bir daha dönüb, həmin epizodu bir dəfə də izləmək bəs edir üçüncü qınağımız üçün.
Tarkovski doğrudan da dahidir!
Atın məhz onun özünün rejissor nəzərinin bizə və hətta aktyorlara da görünməyən "ekranındakı" kimi pilləkəndən yıxılması xətrinə, qabaqcadan güllələyibmişlər heyvanı.

Və bu kadrın acısına tam diqqətini, ruhunun olan-olmayan axırıncı həyəcan payını da verib baxan tamaşaçı bizimlə razılaşar ki, rejissorun istəyi bu epizodda yalnız atın yıxılmasını, öldürülməsini çəkmək, yalnız bunu tamaşaçıya ötürmək imiş, çünki həmin kadrı bir az həyəcandan boşalmış soyuq nəzərlə təkrar-təkrar izlədikdə, başqa, ikinci və üçüncü dərəcəli epizodları da görürük.

Bu kadrların birində yekəpər bir tatar cəngavəri zirehli geyimi, silahı ilə gəlib sağdan sola keçir və...stop! – yıxılıb qıçını qıran atın başının tərpənişindən qəfil diksinib ani olaraq, qorxub yoluna davam edir.
Biz anlayırıq ki, Vladimir şəhərinə basqın edən tatar cəngavəri deyildi qorxan, aktyor idi və bu aktyorun həmin diksinmə anına görə dahi rejissoru qınayırıq.

Başqa bir kadrda - atın solunda dörd-beş tatar qəsbkarının canlı və bir bədən yolu boyunca olan mühasirəsində yerə ətəyi yuxarı sürüşmüş rus qadın uzanıb və tatarlardan arxası bizə tərəf olanının nə üçünsə tam müasir bir kişi əyninin şalvarını düymələyirmiş kimi ani bir jestiylə, biz bu qadını zorlayan ən son tatarın bu olduğunu anlayırıq.

Atın yıxılmasıyla ən son tatarın qalxmasının eyni məqamda baş verdiyi məlumdur, amma anlaşılmır, işğal etdiyi şəhərin bir qadınını o şəhərin ortasındaca dəstəylə zorlayan tatarlar niyə sakitcə durublar və niyə həmin o sonuncu tatar yerdən rahatca, ağrısız və əziyyətsiz qalxan rus qadınına yardım edir ayağa durması üçün, çox alicənabca, centlmencə, doğma bir adama və ya hər gün bir yerdə işlədiyi həmkarına edəcəyi kimi, avtomatik şəkildə bir içdəngəlmə qərar kimi yəni...

Əlbəttə, atdan diksinən tatar kimi qadına yardım eləyən tatar da həmin məqamlarda yalnız adi, sıradan aktyor idi və bu aktyorun da "adamlıq" jestinə görə biz yenə də dahi Tarkovskini qınayırıq.
Qınayırıq, çünki qınamaya bilmirik!

Yıxılan at rejissorun diqqətini o qədər özünə çəkib ki, indicə bir dəstə düşmən əsgəri tərəfindən zorlanmış qadının belə, sağlam bir gimnast qız kimi dimdik ayağa durub, hara gəldi qaçmaq əvəzinə, həmən onlara qoşulub, yıxılan ata, onun sınmış qıçına, nizəylə necə öldürüləcəyinə tamaşa etməyə başlamasını belə, diqqətindən qaçırdıb...

Xülasə, Tarkovskinin fikri qalıb atı necə təbii öldürməyin üstündə, epizodun qalan bütün parçaları süni alınıb!

P.S. Dahilərə aldanmayın, onların sizə dahiyanə bir şəkildə təqdim etdiklərinin fonu mütləq qüsurlu olur...

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR