“Mənim işim seks, narkotik və rok-n-rolldur” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Mənim işim seks, narkotik və rok-n-rolldur” - FOTOLAR

Onun ölümü dünyada ajiotaj yaratdı. Üç il əvvəl fevralın 11-də hamı dahi müğənni və əfsanəvi səsə malik olan Uitni Hyustonun vəfatından danışdı.

Publika.az-ın “Bizim tərcümə” layihəsi faciəvi şəkildə vəfat edən dahi ifaçı Uitni Hyustonun kəşməkəşli həyat tarixçəsini təqdim edir.

Uitni Elizabet Hyuston 1963-cü il avqustun 9-da Nyu-Cersi ştatında dünyaya gəlib. Uitninin anası Kissi də ifaçı olub.

Hyustonlar orta statistik amerikan ailəsi idi və Uitnini valideynləri ərköyün böyüdürdülər. O, hər zaman anasından eşidərdi: “Sən düzgün elədin, əzizim. Necə istəyirsən elə də et!”, “Əzizim, sən necə istəyirsənsə, elə də edəcəyəm!”.

Uitni valideynlərinin ayrılıq xəbərindən sonra sanki gülmək qabiliyyətindən məhrum oldu. O, ata-anasının ayrılıq prosesini çətin qəbul edirdi. Ona elə gəlirdi ki, ərlə arvadın bir-birini möhkəm sevdiyi ailədə yaşayır. Lakin həqiqətdə bu ailəni saxlayan bağ uşaqlar idi. Məlum olduğu kimi, anası qastrollara gedərkən vaxtını boşuna keçirmirdi və başqa kişilərlə sevgi romanı yaşayırdı. Atası isə arvadının evdə olmaması fürsətindən istifadə edərək sevgilisinin yanına qaçırdı... Bax, bu, belə bir “ideal” ailə idi. Burada aldığı “tərbiyə” öz təsirini çox sonralar Uitninin xarakterində də göstərəcəkdi.

Uitni valideynlərinin yalan üzərində qurulan izdivacından xəbər tutduqda onun büsbütün həyatı alt-üst oldu. Hyustonun dinc və sakit xasiyyəti dəyişərək, üsyankar xarakterə çevrildi. O, hər şeydən çimçəşirdi. Qıza elə gəlirdi ki, hər bir insanın daxilində bir iblis yatır. Uitni bundan sonra, istər-istəməz şər xislətlinə məğlub oldu. O, əsl kimliyini mehriban xasiyyət altında gizlədən insanlara nifrət etməyə başladı. Onun uşaqlıqda çıxış etdiyi kilsə xorunda bu tipli insanlar yox idi, lakin estradada...

Güclü və gözəl səs Uitniyə musiqi aləmində müvəffəqiyyət qazanmasına kömək oldu. Onun “Whitney Houston” ilk albomu nə az, nə çox 13 milyon tirajla satıldı.

25 yaşına qədəm qoymuş Uitninin başı əhəmiyyətsiz sevgi romanlarına qarışırdı. O, imkanlı, istedadlı, məşhur, ən əsası isə Uitniyə hörmət edib ona qarşı ədəb-ərkanlı olan Eddi Merfi ilə nişanlandı. Amma elə məhz bu ədəb-ərkan qaydaları Uitnini nişanlısından uzaqlaşdırdı. Uitniyə çılğın ehtiras – qadınların qəlbinə girib, onları dəli edən kişi lazım idi. Və belə bir kişi tapıldı...

“Bu xuliqan kimdir və gözəlçə Uitni Hyustonun yanında nə gəzir?”. Bu, sıravi amerikan vətəndaşının Hyuston haqqında öz-özünə verdiyi sual idi. Bobbi Çarlz Braunun həyat tarixçəsi olduqca səciyyəvidir. Bobbi Braun həşərat kimi başqasının şöhrətindən istifadə edən alfons idi. Heç bir istedada malik olmayan Bobbi qalmaqallı xasiyyətinə və Uitni ilə münasibətlərinə görə az qala dünya ulduzuna çevrilmişdi.

Qaradərili Bobun ailəsində o, yeganə uşaq idi ki, 16 yaşına çatmasına baxmayaraq, işləməkdən imtina edirdi. Zavallı atası Bobu maşın təmiri emalatxanasına işə düzətmişdi. Lakin Bob hər dəfə nahar adı ilə işdən boyun qaçıraraq, dostları ilə içməyə gedirdi. Bob hər dəfə işdən qovulurdu, lakin atasının xahiş-minnəti ilə onu yenidən işə qəbul edirdilər. Bu hadisələr emalatxananın qarşısında “Kris Kross” rep qrupunun üzvlərinin idarə etdiyi limuzin maşını dayanana qədər davam etdi.

Qrup karyerasının zirvəsində idi və qrupun lideri Kris prodüser fəaliyyəti ilə məşğul olmaq istəyirdi. Emalatxanada işləyən qaradərili, kobud oğlan ona xoş gəldi. Düzdür, oğlanın hərəkətləri yöndəmsiz idi, amma baxışları nəyə desən dəyərdi. Baxışlardan əclaflıq, alçaqlıq yağırdı. Bu baxışlar Krisə pul və ad-san gətirə bilərdi. Bob qrupa qoşulmağa razılıq verdi...

Prodüser Bobdan istədiyini ala bildi. O, qrupa məşhurluq və kifayət qədər pul gətirdi. Bununla belə, Qəhvəyi Bob (qrup üzvləri tərəfindən ona verilmiş təxəllüs) sağa və sola gedirdi, studiyaya vaxtı-vaxtında gəlməyi belə unudurdu. Bobu bu cür həyat qane edirdi. O, hələ üçüncü dərəcəli Hollivud filmlərində çəkilməyə də dəvət aldı. Bob orta səviyyəli aktyor və ifaçı idi. Lakin bunu onun üzünə deyən adamın ağız-burnunu dağıtmağa hazır idi. Birincilik üçün Bobun iradəsi və istedadı çatmırdı. Onda yalnız bir şey dəyişməz olaraq qalırdı: heyvani və əclaf xasiyyət. Və bu xarakter də onu Uitni ilə qarşılaşdırdı...

Onlar qastrol zamanı tanış oldular. İlk baxışdan hər şey çox klassik sevgi romanına bənzəyirdi: Bob qrim otağına iri bir gül buketi ilə daxil olur, “Dünyanın ən yaxşı səsinə üçün!” deyib qışqırır və Uitnini öpməyə başlayır. Əsəbdən özünü itirən Uitni onu otaqdan qovub çıxarır. Lakin Bob bumeranq kimi yenidən geri dönür. Uitni yenə də onu qovur. Bob dövrə vurub ikinci dəfə geri qayıtdı. Bu dəfə o, əliboş gəlməmişdi. Sonralar məlum olacaq ki, həmin günü Bobun Uitniyə gətirdiyi brilyant üzük, əslində, oğurluq mal imiş...

O, Uitni Hyuston kimi qadının qəlbini ələ almaq üçün dəridən-qabıqdan çıxırdı. Həmin günü axşam onlar restoranda şam etdilər. Və bu dəfə Bob qəflətən həqiqi simasını göstərdi. Sifarişi gətirən ofisiant bilmədən stolun uzun süfrəsini tapdaladı və stolun üstündəki duzqabı Uitninin dizinə düşdü. Ofisiant salfeti götürərək Uitninin ətəyini təmizləməyə başladı. Braun bunu özünə sığışdıra bilmədi. Ayağa duraraq, sözün əsil mənasında ofisiantdan kotlet hazırladı. Çox maraqlıdır ki, Bobun bu hərəkəti Uitninin ürəyincə oldu. Necə deyərlər, istədiyim yar idi, yetirdi pərvərdigar. Düzdü, cangüdənlər Bobu xurd-xəşil etdilər, amma hər halda, o, qadının ürəyini ələ ala bildi...

Onlar tanış olanda Bobun 25, Uitnin isə 30 yaşı vardı. Nə olsun ki, onun adı əyyaşlıqda və çoxsaylı həbs qalmaqallarında hallanırdı? Nə olsun ki, Bobun istedadı Uitninin yanında kölgədə qalır? Hər şey ola bilərdi. Ola bilərdi ki, Bob bir gün evə gəlməsin və kimlə gəldi görüşsün. Əsas o idi ki, Bobbi Braunla darıxmaq mümkün deyil - intriqa həmişə vardı. Uitni üçün bunlar kifayət idi...

Onların toyu 1992-ci ildə baş tutdu. 800 qonaq, 10 min qızılgül, 3 metrlik gəlinlik şleyfi... Uitninin anası bir kənarda ağlayaraq, qızına “yoldankeçənlə” toyu ləğv etməyi xahiş edirdi. Uitnin bacısı isə ümumiyyətlə toy mərasiminə gəlmədi. Atası isə sevmədiyi keçmiş arvadı və zəhləsi getdiyi kürəkəni ilə üz-üzə gəlməmək üçün toy boyu gözə dəymədi. Anası Uitniyə yaxınlaşıb qulağına pıçıldadı: “Yadında saxla, sən mənim səhvimi təkrarlayırsan”.

Toydan sonra Bobbi arvadına az məşhur olduğunu dedi, ona kinoda çəkilməyi məsləhət gördü. Üstəlik, Hyustonu filmdə çəkilməyə dəvət etmişdilər. Filmin adı “Cangüdən” idi. Uitni isə çəkilmək istəmirdi. Prodüser və baş qəhrəman kimi çıxış edən Kostner onu dilə tutmaq üçün az qala onların qapısında yatırdı. İş ondadır ki, filmdə oynamalı olduğu rol Uitninin xoşuna gəlmirdi: kaprizli, ağılsız primadonna! Əslində, Uitni bir dəqiqə belə olsun, Bobbidən ayrılmaq istəmirdi. Axı kino çəkilişləri onun vaxtını alır... Amma Braun onu yola gətirə bildi. Bob özünəməxsus “təsəlliverici” arqument gətirərək deyirdi: “Nəyə görə də, yoxlamayasan? Kişilərin səndən ötrü ürəyi gedəcək. Fikirləşəcəklər ki, kaş belə bir gözəlçəni qamarlaya biləydik...”.

Doğrudan da, film Uitnini dünyada məşhur etdi. Uitni kinoda füsunkar aktyorluq qabiliyyətini ortaya qoya bildi. Film 400 milyon dollar gətirdi. Kinonun saundtreki isə film tarixində ən çox pul toplayan mahnı oldu. Uitnini aktrisa kimi kəşf etdilər. Sən demə, o, mahnı oxumaqla yanaşı, aktyorluğu da bacarırmış...

Uitni və “Cangüdən” filmində onun tərəf müqabili olan Kevin çəkiliş meydanında çox vaxt keçirirdi. Aralarında qığılcım keçməsi haqqında söz-söhbətlər yayılmağa başladı. Hər halda, çəkilişdən sonra onları restoranda bir yerdə görürdülər. Bobbi isə evdə arvadının çəkiliş meydanından gəlişini gözləyirdi. Bir dəfə Uitni evə səhərə yaxın gələndə Bobbinin “cin atına mindiyini” gördü. Hələ bu harasıdır? Sonralar isə Uitni evə gec gələndə pərdələrin cırıldığını, viski şüşəsinin divara çırpılaraq çilik-çilik olduğunu, stulların qırıldığını görəcək... Braunun qısqanclığı sərhəd tanımırdı. “Cangüdən” filmini izlədikdən sonra Bobbi əsəblərinə hakim çıxa bilmədi. Qısqanclıq paxıllığa çevrildi. Çünki Uitni planetin ən məşhur qadınına çevrilmişdi. Bəs Bobbi kim idi? Ara müğənnisi, “keyfiyyətsiz” aktyor, xuliqan...

Övladları Kristinanın doğulması da onların münasibətini düzəltmədi. Bobbini isə evdən çox polis bölməsində görürdülər. O, göz qoyduğu qadınla danışan turisti də döymüşdü. Bir dəfə isə, otel nömrəsində gecə saatlarında səs-küy salan Bobbiyə sakit olmağı xahiş edən nəzarətçiyə yumruq göstərmişdi.

Uitni quduz ərinə görə utanc hissləri keçirirdi. Hələ bir dəfə Uitni, Bobbi və 3 yaşlı Kristina ilə konsertə gedirdi. Və bu zaman ərlə arvadın arasında növbəti mübahisə düşdü. Ailə başçısı sürücüdən avtomobili saxlamağı tələb etdi. Bob arvad və uşağını çölüm ortasında düşürüb getdi. Uitni və azyaşlı Kristina bütün gecəni adamsız avtomobil magistralında qalmalı oldular...

Uitni əbəs yerə mazoxist adını almayıb. Çünki o, işgəncə obyektinə çevrilməyi xoşlayırdı. Hər halda, Bob bir damcı sakit, dinc və tərbiyəli olsaydı, Uitni heç onunla görüşə də çıxmazdı. Hər dəfə Bob şilləni vuranda ağrıdan ağlayan Uitni qəlbinin daxilində sevinirdi. Qısası, daimi mübahisələr və dava-dalaşlar Uitnini bezdirdi. Növbəti səyahətdən sonra Uitni üzündə yara ilə klinikaya müraciət etdi. O, əri ilə yaxtada gəzinti zamanı qayaya çırpıldığını deyirdi. Lakin hamı bilirdi ki, yaralar ərindən “miras” qalıb. Sən demə, Bob ona bıçaq çıxararaq, ölümlə də hədələyib. Uitnidən başqa hamı Bobu mühakimə edirdi. Uitni isə “döyür, demək, sevir” anlamı ilə yaşayırdı...

Beşillik ailə həyatı mübahisə, dava-qırğın, mərəkə ilə müşayiət olundu. Bu illər ərzində Uitni heç öz karyerası ilə normal məşğul ola bilmədi. Beş il ərzində onun, bir dəfə də olsun, albom buraxdırmaması deyilənlərə sübutdur. O, ərinə hər şeyi bağışlayırdı. Əsəb gərginliyinə görə üç dəfə uşaq salmasını da... Uitni dəlisov sevginin bu cür olduğunu sübut etməyə çalışırdı. O, sıravi və darıxdırıcı ailədə yaşamadığına görə sevinirdi.

“Bobbi əsl kişidir. O, mehriban və qayğıkeşdir. Onun yanında özümü təhlükəsiz hiss edirəm. Mənə toxunan hər bir kəsin “dərsini” verə bilər”

Günlərin birində Uitninin başına ağıl gəldi. Bu, 1997-ci ildə baş verdi. Uitni ərindən boşanmaq qərarına gəldi. Bir ildən (8 illik fasilədən –red.) sonra isə Uitni albom buraxdırır. Toydan sonra yaranan səs problemləri aradan qalxmışdı. O, indi daha yaxşı formada idi.

Braun onunsuz yaşaya bilməyəcəyini anlayaraq bütün sevgililəri ilə əlaqəsini pozdu. Sevdiyi qadını geri qaytarmaq üçün gül buketləri göndərməyə və Uitnini görüşə çağırmağa başladı. Və Uitninin ürəyi yenidən yumşaldı...

O, yenə də, sənətinə ara verməyə başladı: səsyazma studiyasına gəlmir, konsertlərini ləğv edirdi. Uitni konsertdən xəstəlik bəhanəsi ilə imtina etmişdi. Əslində isə istifadə etdiyi kokain öz təsirini göstərirdi. Onun səsi 5 oktavadan 2-ə düşdü.

2000-ci ildə verdiyi konsertdən əvvəl Uitnin üstündən gələn yad ətir iyinə görə Bob yenə də arvadı ilə mübahisəyə girişdi. Los-Ancelesdə konsert səhnəsinə qalxan Uitni minlərlə insanın qarşısında dayandı. O, “Cangüdən” filmindən “I Will Always Love You” mahnısını ifa etdi... Uitni 5 oktava ilə oxuyurdu. Lakin nəqərat hissəsinə çatanda Uitni susdu. Heç kim nə baş verdiyi anlamadı. Uitni səhnə arxasına qaçdı... Səbəb xroniki stress, narkotik idi.

Uitnin qarşısında iki seçim vardı: ya dəlisov məhəbbətini saxlamaqla Uitni Hyuston olmaqdan, milyonlarla pərəstişkardan və ulduz olmaqdan imtina etmək, ya da Bobdan ayrılıb oktavaları qaldırmaq və səhnəyə çıxmaq...

Uitni nəyi seçəcəyinə qərar verə bilmirdi. 2000-ci ildə həbsxanadan çıxan Bob arvadını vanna otağında gördü. Uitni döşəmədə huşsuz vəziyyətdə uzanmışdı. Bob onu çarpayıya apardı. Uitni özünə gəlməyə başladı. Qıcolma başladı. Bob, bəlkə də, həyatında ilk dəfə arvadının həyatı üçün narahat olub, ağladı. O, həm döydüyü, həm də sevdiyi qadını həmin günü itirə biləcəyini anladı.

Uitni müalicəyə məcbur edildi. Gecələr qan-tər içində yuxudan oyanarkən, bədəni kokain tələb edərkən, dəliliyi tutub evdə əşyaları dağıdarkən Uitnin yanında qalan Bob idi. Onun hər bir hüceyrəsi kokain tələb edirdi. Uitni ərini ən pis sözlərlə təhqir edirdi. Bob isə yalvararaq onu sakitləşdirməyə və onun istəklərini yerinə yetirməyə çalışırdı. Təki arvadı kokainə əl uzatmasın.

Heç nəyə baxmayaraq, dahi müğənni Uitni Hyuston “Qremmi” mükafatının 54-cü tədbirindən bir gün əvvəl narkotiklərə təslim oldu... Onun iztirablarına son qoyuldu. 2012-ci il fevralın 11-də onu hamam otağında huşsuz vəziyyətdə tapdılar. Onu həyata qaytarmağa çalışdılar, lakin hər şey əbəs idi.

54-cü “Qremmi” mərasimi Uitni Hyustona həsr olundu...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm