“Fəlakət”: “Oğlanlar mənim adımla özlərinə “qız tutur”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Fəlakət”: “Oğlanlar mənim adımla özlərinə “qız tutur”- FOTOLAR

Onu təkcə paytaxtda deyil, bölgələrdə də hədsiz dərəcədə sevirlər. Hər kəs onu görəndə birinci sualı bu olur: “Bakını mənə neçəyə verərsən?” Söhbət “Bozbaş Pictures” komandasının sevilən "Fəlakət"i Elşən Orucovdan gedir. Publika.az-a müsahibə verən Elşənə biz də gah "Fəlakət" deyə müraciət etdik, gah da Elşən. Bu, qəsdən olmadı ha, biləsiniz.

- Fəlakət, nəsə narahatsan, yenə beynini xarab eləyiblər, deyəsən?

- (gülür) Yox, adətən, filmdə beynim çönür, həyatda yox. İş prosesində olur belə şeylər.

- Komandanızda ən çox kim, Fəlakətin təbirincə desəm, sənin beynini çöndərir?

- Şirin. Fəlakət obrazının bəzi məqamları Nicatın həyatında var. Bir söz deyirsən, başa düşmür, amma yalandan özünü elə aparır ki, guya hər şeyi başa düşdü. Onun bu xüsusiyyəti təkcə mənim yox, hamının beynini xarab edir.

- Fəlakət, eşidirsən, “Bozbaş Pictures”i maa neçəyə verərsən?

- Çox bahadır, satılmır.

- Filmdə həmişə saçların vız dayanır, tökülüb-itirsən. Amma baxıram həyatda qəşəng saç düzümün var.

- Görürsən də, həyatda gözəl-göyçək oğlanam (gülür).

- Həyatdakı Fəlakətlə, roldakı Fəlakət, yox e…

- Bu arada, tanış olaq, adım Elşəndir.

- Neyniyim e, hamımız səni Fəlakət kimi tanımışıq da… Hə, həyatdakı Elşənlə roldakı Fəlakət arasında fərq çoxmu böyükdür?

- Əlbəttə. Həyatda Fəlakət kimi yaşamaq sözün əsl mənasında fəlakətdir. Elə görünüşcə də fərqimiz var, bu da bəzən insanları çaşdırır. Camaat Fəlakəti o qədər çox istəyir ki, məni belə adi geyimdə, fərqli saç düzümündə görəndə kefi pozulur. Soruşurlar ki, axı niyə beləsən? Mən onlara başa sala bilmirəm ki, əslində mən elə beləyəm, Fəlakət yaratdığım obrazdır. Amma bu, yaxşı bir şeydir. İnsanların mənə olan sevgisi mənə xoş təsir edir.

- Bilirəm ki, rayonlarda sevənləriniz hədsiz çoxdur…

- Elədir. Rayona gedəndə çox adam məni adi geyimdə tanımır. Üstümə qaçıb məndən Fəlakəti soruşurlar. Şəhərdə yenə internet vasitəsi ilə, ya elə həyatda görüb-tanıyırlar, adi geyimdə şəkillərimi görürlər. Rayonda ancaq məni Fəlakətin görkəmində tanıyırlar. Adi geyimdə məndən Fəlakəti soruşanda deyirəm ki, indi gələcək, yaxud da beyni çönüb, başqa yerdədir və s.

- Ağsaqqaldan müsahibə alanda demişdi ki, camaat onu yolda görəndə soruşur: "Bu “maşenniklər” səndən nə vaxt əl çəkəcək?" Bəs səni görəndə ən çox hansı sualı verirlər?

- Məni də görəndə deyirlər ki, ə, Fəlakət, bu rayonu maa neçəyə verərsən? Rayon camaatında olan o saflıq, istiqanlılıq, heyif ki, şəhər camaatında qalmayıb. Rayon camaatı sevgisini, istiliyini hiss etdirir. Burda insanlar bir qədər soyuqdur, sevgisini içində gizlədir. Orda hər kəs bizi evinə qonaq aparmaq istəyir.

- Bu şöhrət hərdən başını gicəlləndirmir ki?

- Buna vaxt olmur, bəlkə də, vaxt olsa, başım şöhrətdən gicəllənər. İş çoxdur. Şöhrət gözəl bir şeydir, şükür Allaha, biz hələ özümüzə nəzarəti itirməmişik.

- Səncə, Fəlakəti niyə bu qədər sevirlər?

- “Tpoyluğu”na və saflığına görə. Bu xüsusiyyəti onu insanlarla daha da mehribanlaşdırır. Düşünürəm ki, hər birimizin ətrafımızda bir Fəlakət var.

- Bəs sənin içində bir Fəlakət var?

- Yəqin ki var, gizlənib.

- Danış görək, xasiyyətcə necə birisən?

- Zarafatcıl, deyib-gülən. Amma sakitliyi sevirəm, qaynar, çılğın həyatı sevmirəm. İlk görünüşdən qaynayan-qarışan deyiləm, amma müəyyən vaxtdan sonra insanlara uyğunlaşıram. Qıraqdan fərqli görünə bilərəm.

- Fəlakətin o ala-bəzək paltarlarını hardan alırsan?

- Dostdan-tanışdan alırıq. Bizim geyindiyimiz paltarların çoxu müğənni Rüfət Axundovun qarderobuna məxsusdur.

- Rüfət “Bozbaş”ı əməlli-başlı geyimlə təmin edir ki? Olmaya biznes açıb, xəbərimiz yoxdur?

- Bəs malların hamısını “Kitay”dan vurur da.

- Sənin haqqında o qədər şayiələr gəzir ki? Deyirlər, sənə ev, bahalı avtomobil veriblər?

- Elə mən də eşidirəm, amma həqiqətə uyğun deyil. Veriblərsə də, mənim xəbərim yoxdur.

- Versələr, alarsan?

- Niyə almıram ki? Məni bir dəfə yol polisi saxladı və sürdüyüm maşının markasına məəttəl qaldı. Soruşdu ki, ə, bəs sənin “Porşen” hanı?

Dedim olanım budur. İnanmadı, dedi ki, ə, yekə oğlansan, yəqin, özün sürmürsən ki, gözə gələrsən. Amma insanlar mənimlə bağlı yayılan xəbərlərə çox sevinir. Sevinirlər, təbrik edirlər, gözaydınlığı verirlər ki, nə yaxşı sənə ev veriblər, maşın bağışlayıblar. Amma bəzən kiməsə ev verəndə insanlar əsəbiləşir, sevinmir. Məndə belə deyil, bu da Fəlakətə olan sevgidən irəli gəlir. Mən varlı deyiləm, adi həyat tərzi keçirən insanlardan biriyəm.

- Hansı stildə geyinməyi xoşlayırsan?

- Hansı rahatdırsa...

- Baxıram heç saat da taxmamısan, deyəsən, aksessuar sevmirsən?

- Heç vaxt sevməmişəm. Hətta mənə hədiyyə olunan saatları sonradan başqalarına bağışlamışam. Evdə saat qoymamışam qala, hamısını paylamışam.

- Sosial şəbəkədə fəalsan?

- Bir dəfə “Facebook”da bir oğlan mənə yazmışdı ki, çox sağ ol, sənin sayəndə bir qızla tanış oldum. Mənim adımdan o qədər saxta profillər yaradılıb ki… Təsəvvür edin, mənə Elşən Orucov adıyla “dostluq” göndərirlər. Özü də inad edirlər ki, dostluğu qəbul edin.

- Belələri ilə mübarizə aparmırsan?

- Yox, neyləyim, necə mübarizə aparım?

- Deməli, sənin adınla oğlanlar özlərinə ağsaqqalın təbirincə desəm, qız tutur?

- Hə, çox olub belə.

- Bəs səninlə tanış olmaq istəyən qızlara münasibətin necə olub?

- Mən heç vaxt xanımların qəlbinə dəyməyi, kobud daranmağı xoşlamamışam. İstər həyatda, istərsə də virtual aləmdə. Mən bilirəm ki, onlar Elşənə yox, Fəlakətə aşiq olan qızlardır.

- Elşənin ürəyində sevdiyi qız var?

- Yox, Fəlakət imkan verir ki, Elşən yazıq da bir sevsin-sevilsin?

- Çox qəribə də olsa, bu gün elə oğlanlar var ki, anasının seçimi ilə evlənir. Buna necə baxırsan?

- Əsas odur ki, mənim istədiyim adam olsun. Belə bir söz var e, həyat yoldaşın sənin yarındır. Gərək o insanı görəndə hiss edəsən ki, sənin yarındır.

- Səncə, bir əxlaqsıza vurulmaq mümkündür?

- Həyatda mümkün olmayan heç nə yoxdur. Bəzən görürsən ki, qapalı, mühafizəkar bir oğlan elə bir qadınla evlənir, şoka düşürsən. Baxırsan ki, heç bir cəhətdən uyğun da gəlmirlər. Sevgi insanı dəyişə bilir.

- Məhəbbətdə yaş fərqinə necə baxırsan?

- Özüm yaşamamışam belə bir sevgi, amma ətrafımda olanların həyat tarixçəsindən bilirəm ki, sevgidə yaş önəmli deyil. Mən o hissi yaşamalıyam ki, nəsə də deyə bilim.

- Yəqin ki, xəyal etdiyin bir qadın obrazı var?

- Diribaş, sözünü deyə bilən qızları xoşlayıram. Hər nə desən onunla razılaşan, müti qadınları sevmirəm.

- Bəs xarici görünüş?

- Ola bilər ki, kiminsə gözündə kifir olan bir qız mənim xoşuma gələ bilər.

- Qızlarla dostluğa necə baxırsan?

- Əla. Qız dostlarım çoxdur. Bəzən deyirlər ki, qızla oğlanın dostluğu tutmaz, amma məndə yaxşı alınır.

- Dostluğu sevgiyə çevrilən qızlar olur heç?

- Olanda olur. Amma mən bunu açıb-ağartmıram. Çalışıram bu dostluq elə dostluq olaraq da qalsın.

- Beynin hansı halda "çönür"?

- İnsanların fikrini örtülü formada çatdırması və çox vaxt da gizlətməsi məni əsəbiləşdirir. Mən birbaşa adamam və xoşlayıram ki, sözü birbaşa üzə deyim. Adam var heç münasibətim də yoxdur e, amma onda sünilik görəndə zəhləm gedir. Yaxud da əksinə, səmimiyyət görəndə o insana yaxınlaşıram.

- Şou-biznesdə olan bir xanımla evlənərsən?

- Açığı bilmək istəyirsənsə, istəmərəm.

- Özündə dəyər verdiyin xüsusiyyət hansıdır?

- Çox məsuliyyətliyəm və məsuliyyətli insanları xoşlayıram.

- Dostluqda nəyi bağışlamırsan?

- Tərif kimi çıxmasın, dostluq etməyi bacaran insanam, amma qarşımdakından eyni münasibəti, qarşılığı görməyəndə bağışlamıram. Həyatımda belə şeylər olub.

- “Bozbaş Pictures” komandasında səninki ən çox kiminlə tutur?

- Orta məktəbdə "Ağsaqqal" obrazını yaradan Azərlə, ali məktəbdə isə İlkinlə bir kursda oxumuşuq. İlkinlə ailəvi dostuq, çox yaxınıq. İlkin mənə dostdan da artıqdır.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm