• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Model dedikdə ilk ağla gələn fikir soyunmaq olur” - Fotolar

“Model dedikdə ilk ağla gələn fikir soyunmaq olur”  - Fotolar

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı cazibədar, məsum və məlahətli gözəlliyi ilə tanınan məşhur model Safura Abdul oldu. Modelimiz səmimi cavabları ilə zahirinin gözəl olduğu kimi, zəngin daxili dünyası olduğunu da sübut etdi.

- Niyə model olmaq istədin? Burda səni cəlb edən nədir?

- Uşaqlıdan aktrisa olmaq arzusunda olmuşam. Hətta məktəb tamaşalarında çox fəal idim. Məktəbi bitirdikdən sonra ailəmin təkidi ilə bu arzumu həyat keçirə bilmədim. Amma içimdəki maraq və istək yolumu yenidən incəsənətdən saldı. Artıq 3 ildir ki, modelliklə məşğul oluram. Burda məni cəlb edən elə sənətin özüdür.

- Model kimi səni ilk dəfə kim kəşf edib?

- Model kimi məni ilk dəfə manikür ustam kəşf edib və məni bu işdə özümü sınamağa sözün əsl mənasında məcbur edib.

- Gələcəkdə aktrisa kimi fəaliyyət göstərmək fikrin var?

- Var. Yuxarıda dediyim kimi bu həvəs məndə uşaqlıqdan var. Deyilənə görə uğurlu alınır. Bu yaxınlarda iki klipdə rol almışam, rejissor da işimdən razı qaldı. Mənə belə gəlir ki, arzumun reallaşmasına çox az qalıb.

- Kameralar önündə poza verəndə sıxılmırsan ki?

- Yox, qətiyyən. Əksinə bundan zövq alıram. İşimdən zövq almasam, nəticə və şəkillərim çox uğursuz alınar. (Gülür)

- Modellikdən əldə etdiyin gəlir səni qane edir?

- Digər ölkələrə nisbətən bizim ölkədə modellik hələ bir o qədər inkişaf etməyib və birmənalı qarşılanmır. Amma buna baxmayaraq, məni qane edir.

“Azərbaycanda model dedikdə ağla gələn ilk fikir soyunmaq olur”

- Azərbaycanda gözəl qadın və model olmaq çətin deyil ki?

- Bu ancaq Azərbaycanda çətindir. Bu fikrimi həmkarlarım da təsdiqləyə bilər. Çünki bizim əhalinin çoxu hələ model sənətini qəbul edə bilmir və nədənsə model dedikdə ağla gələn ilk fikir soyunmaq olur. Çox təəssüf ki, modellik Azərbaycanda ancaq bu cür başa düşülür. Amma hər bir modelin özünün iş prinsipi və həyat devizi olur. Məsələn, mən açıq-saçıqlığa üstünlük vermirəm. Mənimlə işləyən insanlar bunu yaxşı bilirlər. İnsanlar bir şeyi dərk etməlidir ki, sənətindən asılı olmayaraq, insanlar iki yerə bölünür: yaxşı və pis. Yaxşı insanlar hər yerdə yaxşıdır. Amma insanın içində kin və paxıllıq varsa, o özünü hətta rahibə olsa belə, büruzə verəcək.

- Modelliklə məşğul olmaq sənin geyim stilinə təsir göstərir?

- Çox ciddi təsir göstərmir. Çünki qarderobumda böyük bir dəyişiklik olmayıb. Əvvəl necə geyinirdimsə, indi də o üslubda geyinirəm.

Daha çox rahat geyimlərə üstünlük verirəm, gündəlik həyatda sadə bir mayka və cinslə dostlarımla görüşə gedə və gəzintiyə çıxa bilərəm. Modeləm və tanınıram deyə 20 sm-lik dikdaban ayaqqabıda gəzməliyəm fikri mənə yaddır. Hər yerin, hər məclisin öz geyim tərzi var. Geyimi getdiyin yerə uyğun seçməlisən və bunu zövqlə etməlisən.

- Alış-verişə çıxanda gözün ilk olaraq nə axtarır?

- Ətək dəlisiyəm mən. (Gülür) Ən çox axtardığım da elə ətəklərdir, amma hər ətəyi də geyinmirəm. Zövqümü oxşayan və mənə yaraşan geyimlərə üstünlük verirəm. Yəni, dəbdədir deyə nə gəldi geyinmirəm. Fikrimcə, dəb elə mənə yaraşan deməkdir.

- Gözəlliyin başına bəla olmur ki?

- Olmur desəm, yalan olar. Hətta hərdən anamla yol gedəndən ətrafdakıların reaksiyası onu əsəbiləşdirir, amma mən artıq öyrəşmişəm. Əsas odur ki, bu günə qədər mənfi halla rastlaşmamışam. Ümumiyyətlə, belə şeylərə çox diqqət edirəm.

“Əməliyyat etdirənlər “plastik kuklalardır””

- Özün gözəl xanımsan. Bəs sənin üçün gözəl qadın kimdir?

- Ancaq təbii olan və sünilikdən uzaq olan xanımları gözəl hesab edirəm. Süni yolla özünü gözəlləşdirməyə çalışan xanımlar əsl gözəl deyillər və ola bilməzlər. Əməliyyat etdirənlər “plastik kuklalardır”. Dünyaca tanınmış model Barbara Palvin gözəl hesab etdiyim xanımlardandır. Bu xanımı çox bəyənirəm, o mənim gözəllik anlayışımı ifadə edir.

- Bədənində bəyənmədiyin, qüsurlu hesab elədiyin bir yer var?

- Həyatda qüsursuz insan yoxdur, həm də hər gözəlin bir eybi olur. Qüsur deməzdim, sadəcə hər bir insanın müəyyən kompleksləri olur. Tez kökəlməyimi özümə kompleks edirəm.

- Həmişə belə gözəl olmusan?

- Bu suallarla tez-tez rastlaşıram. Məncə, insan gözəl olmur, insan gözəl doğulur. Sadəcə vaxt keçdikcə dəyişir, formalaşır. Əgər 7 il əvvəl mən sadə bir məktəbli qız idimsə, bu gün baxımlı xanımam. Hər şey çərçivəsində olduğu kimi gözəldir.

- Onsuz yaşaya bilmədiyiniz kosmetik məhsulları nələrdir?

- Gündəlik həyatda kosmetikadan çox az istifadə edirəm. Çünki çəkilişlərdə üz dərisi kifayət qədər yorulur. Onsuz yaşaya bilmədiyim kosmetik məhsul varsa, o da nəmləndirici kremlərimdir. Gözəl xanımın gündəlik kosmetikadan istifadə etməsi bir o qədər vacib deyil. Heç kosmetoloqlar da bunu məsləhət bilmirlər.

- Gün ərzində nə yeyirsən və hansı gözəllik rituallarını həyata keçirirsən?

- İştahası güclü insanam və bu, mənim ən mənfi xüsusiyyətimdir. Ən çox tərəvəzlərə üstünlük verirəm, mümkün qədər ağır və ətli yeməklərdən qaçıram. Üzüm adi insanlara nisbətən ağır kosmetikalarla daha çox yükləndiyi üçün dərimə qulluq edirəm, nəmləndirici kremlər çəkirəm və təbii maskalardan istifadə edirəm. Saçlarımda dərim kimi müxtəlif saç məshullarından, fendən dolayı zədələnir və korlanmaya məruz qalır, tez qırılır. Onları qorumaq üçün arqan yağından və ilan yağından istifadə etməyi xanımlara məsləhət görürəm.

- Səncə, qadının ağlı gözəlliyini kölgədə qoymalıdır, ya əksinə gözəlliyi ağlını kölgədə qoymalıdır?

- Bir qadının gözəlliyi onun ağlını kölgədə qoyursa, bu sadəcə quru gözəllikdir. Gözəl olmaq üçün gözəl gülmək, gözəl baxmaq və gözəl düşünmək lazımdır... Ağılsız gözəllik içi boş meyvə kimidir, sadəcə bir mövsümlük... Ağıl və gözəllik məncə, mütənasib olmalıdır.

- Bir qadın kişidə ilk öncə nəyə diqqət edir?

- Fikirlər müxtəlifdir. Mən kişidə ilk öncə ciddiliyə və səliqəyə fikir verirəm.

“Seksual qadınları vəhşi, təhlükəli və yırtıcı pişiklərə bənzədirəm”

- Səncə kişilər seksual, yoxsa məsum və gözəl qadınları daha çox bəyənirlər?

- Kişilərin necə qadınları sevdiyini dəqiq deyə bilmərəm. Mənim fikrimcə, onlar ailə həyatında seçdiyi qadınların məsum və gözəl olmasını istəyirlər. Bu məsələdə kişilər üçün saflıq və mehribanlıq da əsas sayılır. Seksual qadınları vəhşi, təhlükəli və yırtıcı pişiklərə bənzədirəm. Nədənsə ağlıma həmişə bu gəlir. Fikrimcə, xanım məsum olmalıdır, Məsum olan qadın daha gözəldir...

- Karyeran şəxsi həyatına mənfi təsir etmir? Çünki həm gözəl xanımsan, həm də model kimi tanınırsan.

- Yox, təsir etmir. Çünki yetəri qədər elçim var. (Gülürük) Şəxsi həyatımda bu gün heç kim yoxdur, amma yəqin ki, gələcəkdə seçdiyim insan məni anlayan və sənətimi başa düşən biri olacaq.

“Bədənimdə heç bir sünilik yoxdur”

- Gözəlliyini qorumaq üçün nə edirsən?

- Qəlbimi kindən və paxıllıqdan uzaq tuturam. Gözəlliyi verən Rəbbimdir o da qoruyur. Çünki onun yaratdığı və can verdiyi bədənimdə heç bir sünilik yoxdur...

“Hətta yaxşı pul versələr belə, soyunmaram”

- Modelliklə bağlı hansısa qadağaların var? Məsələn, bikinidə fotosessiya etdirməyə razı olarsan?

- Qadağalarım var, açıq-saçıqlığa tamamilə qarşıyam. Hətta yaxşı pul versələr də, soyunmaram və bikinidə çəkilmərəm. Çünki bu sənəti pula görə sevmirəm. Əks cinslə də fotosessiyalardan qaçıram. Bu sualı tez-tez eşidirəm. Cavab isə sadədir, insanların məni bu cür tanımalarını istəmirəm. Qoy az tanısınlar, amma səviyyəli işlərimlə tanısınlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR