• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Muğannanın ölümünü eşidən dostlarının reaksiyası - Yazarlar

  • Yazarlar
  • 1 Aprel 2014 15:00
  • 534 Baxış
Muğannanın ölümünü eşidən dostlarının reaksiyası - Yazarlar

Azərbaycan ədəbiyyatı böyük imzalarından biri İsa Hüseynovu itirdi. Oxucu hər mütaliəsində Muğanna imzasının yoxluğunu hiss edəcək. Bəs yazarlar necə düşünür?

Azərbaycan kimi itirdi?

Gözəl əziz insan və yaxın dost

Anar:

“Ədəbiyyatımız üçün böyük itkidir. Azərbaycan ədəbiyyatında Muğanna imzasının həmişə özünəməxsus yeri olub. Bu imzadan sonra boşluq həmişə hiss ediləcək. Şəxsən mən İsa Muğannanın ölümü ilə gözəl, əziz insan və yaxın dost itirdim. Mənimçün və eləcə də Azərbaycan üçün ağır itkidir”.

Dilim söz tutmur bu itkini ifadə etməyə

Seyran Səxavət:

“Vay-vay, nə vaxt vəfat edib? İndi eşidirəm mən bu xəbəri. İlahi, nə pis oldu bu! İndi hardadı İsa? Hara aparıblar? Hara getsəm onu görə bilərəm? Gözləmədiyim anda eşitdiyim xəbər oldu. Azərbaycan nəhəng yazarını – İsa Muğannasını itirdi. Ədəbiyyatımız onun sayəsində zənginləşdi. Söz tapmıram deməyə. Çox təsirləndim, pis oldum. Qəfil dediz xəbəri. Dilim söz tutmur bu itkini ifadə etməyə”.

Azərbaycanın ən gur işıqlarından biri söndü

Sabir Rüstəmxanlı:

“İsa Muğannanın ölüm xəbərini gecə eşitdim. Xəbəri eşidəndə mənə elə gəldi ki, Azərbaycanın ən gur işıqlarından biri söndü. Gecənin qaranlığı zülmətə büründü o anda. Çünki İsa Muğanna son dərəcə işıqlı və böyük istedad sahibi olan ziyalımız idi. Neçə yüz illik Azərbaycan ədəbiyyatının yetirdiyi ən parlaq simalarından biri idi. Muğanna ədəbiyyatımızda yeni ədəbi məktəbin, yeni üslub və cərəyanın bünövrəsini qoymuş insandı”.

Ona məlum olan qəribə sirlər…

Musa Yaqub:

“Kim? İsa Muğanna vəfat edib? Nə danışırsız siz? Belə insanlar ölümsüz olmalıdı!...

İsa Muğanna ədəbiyyatda özünə ayrıca bir yol, cərəyan yaratmış insandı. Onun hər əsəri bir imzadı. Son dövrlər onun Allahla kəlmələşmə söhbətləri vardı. O, dünyanı, insanı, insan ömrünü fəlsəfə ilə bağlayırdı. Ona məlum olan qəribə sirlər, bu gün heç bir yazıçıya məlum deyil. Bu gün ədəbiyyatımız cismən İsa Muğannanı itirdi. İmzası isə dünya durduqca yaşayacaq”.

Əsil İsa ölümü

Pərviz Cəbrayıl:

“O, zamanın sıfırlandığı anda dünyadan köçdü: 00:00-da. Demək ki, qəm eləməyə dəyməz. Əsil İsa ölümü. Zamandan kənar…”

Onu hər zaman qısqandılar, yolunu kəsdilər

Cəlil Cavanşir:

“İsa Muğanna XX əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biridir. Ədəbiyyatımızda, romançılığımızda müəyyən mərhələ onunla bağlıdır. “Tütək səsi”, “Saz”, “Yanar ürək ”, "Məhşər" və "İdeal" əsərləri nəsrimizin əvəzsiz nümunələrdir. Son yüz ildə Azərbaycan ədəbiyyatında Muğanna qədər istedadlı və intellektual nasir yetişməyib. Dünyaya təqdim edə biləcəyimiz, nadir istedad sahibi idi. Əminəm ki, onun əsərləri hələ uzun müddət öz aktuallığını itirməyəcək. Muğannanın dünyagörüşü və ədəbiyyata yanaşması bu gün bizə “soxuşdurulan”, dərsliklərə salınan, gecə-gündüz təbliğ olunan yazıçılardan daha böyük olduğu üçün onu hər zaman qısqandılar, yolunu kəsdilər.

O, heç kəsə bənzəmirdi və heç kəsi təqlid etmirdi. Onun qeyri-adi mətn duyumu, mətnə yanaşması vardı. Muğanna ustad yazıçı idi. Hər zaman oxunmalı və örnək götürülməli nasirdir. Azərbaycan romançılığında onun öz yolu, öz dəsti-xətti var. Təkcə “Məhşər” romanı ilə dünyaya çıxmağa, dünyada tanınmağa haqqı vardı. Nədənsə özünü təbliğ edənlər, Muğannanın təbliğinə mane oldular. Son bir ildə “Hədəf” Nəşrləri onun külliyyatını çap etməyi öz öhdəsinə götürməsəydi, kitablarının təqdimatını keçirməsəydi, demək olar ki, unudulmuşdu.

Biz böyük söz və ədəbiyyat adamını, dövrümüzün ən böyük romançısını itirdik.

Onun yaradıcılığını hər zaman heyrətlə və sevgiylə izləmişəm. Ruhu şad olsun!"

Qocalmışdı artıq

Seymur Baycan:

“Böyük bir sarsıntı keçirmədim. Qocalmışdı artıq. Nə deyim, Allah rəhmət eləsin”.

Son 50 ilin ən böyük yazıçısı

Şərif Ağayar:

“Muğanna Azərbaycan nəsrinin üç-dörd ən nəhəng simalarından biridir. Mənim düşüncəmə görə, son 50 ilin ən böyük yazıçısıdır, böyük imzadır. O, Azərbaycan ədəbiyyatının sütunu hesab olunan bir kişidir. Cəmiyyəti necə inkişaf tarixi keçibsə, İsa Hüseynovun yaradıcılığı da o cür inkişaf yolu keçib. Sadə hekayə və povestlərdən tutmuş real mürəkkəb struktura malik əsərlərə qədər çoxşaxəli inkişaf yolu keçmiş yaradıcılığı var onun. Azərbaycan adlanan bu məmləkət, bu xalq durduqca Muğanna imzası da yaşayacaq. Azərbaycan, ədəbiyyat, xalq illər uzunu onun imzası, adı ilə fəxr edəcək.

Qeyd edək ki, yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirdi. Yazıçı gecə saat 00.00-da qəfildən dünyasını dəyişib.

Allah rəhmət etsin!

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR