• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qol saatına üç min, sevgilisinə yüzlük dəsti sayanların kitab nifrəti

  • Yazarlar
  • 1 Avqust 2014 09:34
  • 1 183 Baxış
Qol saatına üç min, sevgilisinə yüzlük dəsti  sayanların kitab nifrəti

Sevgilisinə dəst yüzlük sayan və kitaba kor qəpik də verməyən kimdir?

Jurnalistikada ən axmaq janr müsahibə janrıdır. Müsahibə götürəcəyin adamın dalınca sürünməlisən, kaprizlərinə dözməlisən, ona yalvarıb-yaxarmalısan, o da insafa gəlincə sənin əsəblərin sıradan çıxacaq. Ağsaqqal yazıçı Vaqif Nəsib yaxşı kişidi, yeyib-içəndi, yaxşı da nəsr əsərləri var. “Omaroğlunun qayıtması” hekayəsi yazıldığı dövrdən az qala, qırx ildən çox vaxt keçməsinə baxmayaraq bu gün də xatırlanır. Bədbəxtçiliyə baxın ki, bu cür nəhəng yazıçının iyirmi ildir ki, nəsr kitabı çıxmır. Özünün dediyindən bilirəm ki, 4 roman, 15 povesti hələ də çapını gözləyir. Yetmiş beş yaşında adam hər gün yazır.

Bir neçə ay bundan öncə AYO Vaqif Nəsibin kitabının nəşri üçün ictimaiyyətə müraciət elədi, bir adamdan səs çıxmadı. Görün indi vəziyyət nə qədər acınacaqlıdır. Kitabdan başqa hər şeyə pul xərcləyən imkanlı adamlar beynin, şüurun inkişafı haqda düşünmək belə istəmirlər. İki min manat ayaqqabıya, üç min manat qol saatına pul sayan adamların kitaba pul verməyə əli qalxmır. Kitabın qiymətinə baxıb “bahadır” deyirlər, elə bil bununla adamın var-yoxunu söyürlər.

Bu yaxınlarda yaxın qohumlardan birinin ad günü mərasimində idim, mərasim əyləncə mərkəzlərindən birində keçirilirdi. Açıq havada məclis qurulmuşdu, bizim oturduğumuz yerdən iyirmi metr aralıda hansısa biznesmen öz sevgilisinə ad günü keçirirdi. Təsəvvür edin, adam cibindən 100-lük əskinas dəstini çıxarıb sonuncusuna qədər sevgilisinin başına səpələdi. Bu, nə az, nə çox, 10 min pul edir! Uzun müddət özümə gələ bilmədim. Adam 1 dəqiqənin içində 10 min pulu göyə sovurur, ölkənin ziyalı təbəqəsi isə çətinliklər içində yaşayır. Mən alim tanıyıram ki, “tolkuçka”da gecə gözətçisi işləyir, elmlər namizədi tanıyıram ki, taksi sürücüdü, neçə dəfə onun maşınında getmişəm, hər dəfə də dərdlərini danışır, adamın ürəyi şan-şan olur.

Yazıya Vaqif Nəsiblə başlamağım təsadüfi deyil. Yazıçıdan müsahibə almaq istəyirdim, “Sahil” metrosunun yaxınlığında günün istisində onu iki saatdan çox gözləyəndən sonra sonuncu dəfə zəng vurdum. Məlum oldu ki, yazıçı bir qədər uzaqdadır, söhbətimiz sabaha qaldı. Dünyada yazıçı tayfası qədər, içi özüm qarışıq, məsuliyyətsizi yoxdu. Vaqif müəllim çox güman ki, Mübariz Məsimoğlu ilə hansısa kafedə yeyib-içirdi, amma dediyinə görə yas yerindədi. Vaqif müəllimə hər şeyi bağışlamaq olar. Sözüm onda deyil. “Torqovıya” tərəf gələndə görkəmli tənqidçimiz Rüstəm Kamal rastıma çıxdı. Ayaqüstü, yalan olmasın, bəlkə bir saatdan çox söhbət etdik. Rüstəm müəllim Azərbaycanda ədəbiyyatı dərindən bilən tək-tük adamlardan biridir. Onunla söhbətimizi diktofona yazsaydım, yaxşı müsahibə çıxardı. Amma beynim Vaqif Nəsibə verəcəyim suallarla qaynaşırdı. Rüstəm müəllim bu gün ədəbiyyatın zəlil günə qalmasının bir neçə köklü səbəblərindən danışdı. Dedi ki, bu gün oxucu ona görə yoxdur ki, son illərdə zövqlər əməlli-başlı korlanıb, prosesi tənzimləyən ədəbi tənqid yox dərəcəsindədir. Oxucunun seçim imkanı yoxdur, ona istiqamət verən yoxdur. Çaşqın vəziyyətdə qalan oxucu əlinə nə keçdi oxuyur və zövqü korlanır. Bəzən Avropada ən çox oxunan zay məhsullar bərbad vəziyyətdə tərcümə olunur və oxucuya sırınır. Həmin əsərlərin heç bir bədii dəyəri yoxdur, onlar sadəcə, reklam vasitəsilə yayılan əsərlərdir.

Bəzən oxucular bizim yazılarımızda adlarına rast gəldikləri əsərləri axtarıb tapırlar, oxuyurlar. Bu, çox yaxşı haldır. Oxucuya istiqamət verən yazılar daha çox olmalıdır. Rüstəm müəllimin bir iradıyla da razılaşmamaq mümkün deyil. Yenicə yazmağa başlayan gənc yazarlarımız yunan mifologiyasından daha çox istifadə etməyə çalışırlar, halbuki Nizami Gəncəvinin əsərlərindən bir neçə roman çıxarmaq olar. Sadəcə, oxumurlar. Xaqaninin “Töhfətül-İraqeyn” əsərində elə məqamlar var ki, o detallardan müasir ədəbiyyatda istifadə etmək olar.

Rüstəm müəllim şövqlə, ehtirasla danışırdı. İstədim deyim ki, Rüstəm müəllim, bizim obıvatel hələ də cadugərlərə, falçılara inanır, onların cibini doldurur. Adamlar var ki, bütöv ömrü boyunca yalnız bir kitab oxuyublar – “Yuxuyozmalar”.

Bir neçə gün bundan öncə Ə. Haqverdiyevin böyük sənətkarlıqla qələmə aldığı “Xortdanın cəhənnəm məktubları”nı yenidən oxudum və qəti yəqinlik hasil etdim ki, bizdən yüz il sonra da bu millətin içindən bir Haqverdiyev çıxacaq və o zaman Allah bilir ki, hansı qiyafədə olacaq xortdanın cəhənnəm məktublarını qələmə alacaq, yenə yazdıqlarını oxuyub güləcəklər, amma heç vaxt ağıllarına gəlməyəcək ki, məhz özlərinə gülürlər...

Şahbaz Xuduoğlu kimi kitab fədailərinin qədri-qiyməti yoxdur. Kitab nəşr edən naşiri küçənin ortasında təhqir edirlər, kitab satan gəncləri aşağılayırlar. Təsəvvür edin, bir nəşriyyatın rəhbərini kitab yarmarkası təşkil etdiyinə görə polis bölməsinə aparırlar. Mən bundan əcaib bir vəziyyət təsəvvür edə bilmirəm. Vəziyyət bu qədər acınacaqlıdır. Bundan sonra necə oturub əsər yazasan?!

Kənan Hacı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR