Mir Cəlalın əsərləri Ukrayna dilində nəşr olundu
Bizi izləyin

Yazarlar

Mir Cəlalın əsərləri Ukrayna dilində nəşr olundu

Ukrayna paytaxtında Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, professor Mir Cəlalın əsərləri Ukrayna dilində “Yakiy obrati şlyax?” (“Yolumuz hayanadır?”) adlı kitab şəklində nəşr edilib.


Publika.az-ın məlumatına görə, Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə “İzdatelskiy dom Dmitriya Buraqo” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və redaktoru Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir.


Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə edib. Yüksək poliqrafik səviyyədə çap olunmuş kitaba Mir Cəlalın “Yolumuz hayanadır?” romanı, “Bir gəncin manifesti” povestindən bir parça, “Salam, ana!”, “Sizə xoşbəxtlik arzu edirəm!” və başqa hekayələri, “Yetim”, “Əllər”, “Allah bilir” və başqa lirik miniatürləri daxil edilib. Kitabda müəllifin tərcümeyi-halı ilə bağlı məlumatlar da verilib.


Nəşrə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin yazdığı “Böyük ədəbiyyata gedən yol” sərlövhəli ön sözdə deyilir: “Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev öz böyük istedadı və daimi yaradıcılıq axtarışları sayəsində milli nəsrin inkişafında yeni imkanlar kəşf edə bilib”.


Akademik vurğulayıb ki, istedadlı yazıçı və ictimai xadim Mir Cəlal Paşayev (1908-1978) çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə fərqlənirdi. Bədii nəsrin, publisistikanın, ədəbiyyatşünaslıq elminin inkişafında onun böyük xidmətləri olub.


Akademik İsa Həbibbəyli fikirlərini belə yekunlaşdırıb: “Bütövlükdə deyə bilərik ki, Mir Cəlalın bədii əsərlərində (hələ sovet ideologiyasının hakim olduğu illərdə) Azərbaycan obrazı Vətən və xalq anlayışları güzgüsündə olduqca təbii şəkildə təcəssüm etdirilir.


Oxucular Mir Cəlalın əsərləri ilə tanışlıq sayəsində onun Vətəni və xalqı haqqında kifayət qədər geniş təsəvvür əldə edə biləcəklər”.


Şübhəsiz, bu nəşr ukraynalı oxucunun da marağına səbəb olacaq. Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bu günlərdə Kiyevdə “Yolumuz hayanadır?” kitabının Ukrayna dilində nəşrinin təqdimatı olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm