Milli Məclisdə komitə sədrləri seçilib - SİYAHI (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Milli Məclisdə komitə sədrləri seçilib - SİYAHI (YENİLƏNİB)

Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

İclasda yeni deputatların adları oxunacaq, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara döş nişanlarını və vəsiqələrini təqdim edəcək.

Bundan başqa iclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək.

***

F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

Sonra beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilib.

Dövlət başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.

***

İclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan edib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq ediliblər.

***

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.

Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.

Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verib.

Hazırda Milli Məclisin sədri vəzifəsinə gizli səsvermə keçirilir.

***

Oqtay Əsədov Milli Məclisin spikeri seçilib.

***

Sonra Milli Məclis sədrinin müavinləri seçilib.

Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçildilər.

***

Milli Məclis komitələrinin sədrləri seçildilər.

Deputat Əli Hüseynli Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, İsa Həbibbəyli elm və təhsil komitəsinin, Rafael Hüseynov mədəniyyət komitəsinin, Bahar Muradova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov yeni yaradılan səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı yeni yaradılan ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov yeni yaradılan ictimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov yeni yaradılan gənclər və idman komitəsinin sədrləri təsdiq edildilər.

Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm