Bacanaqların qanlı davası – bir cinayətin tarixçəsi
Bizi izləyin

Hadisə

Bacanaqların qanlı davası – bir cinayətin tarixçəsi

Gəncə şəhərində bacanaqlar arasında yaranan mübahisə qan tökülməsi ilə nəticələnib. Münaqişə Gəncə şəhər sakiniləri – Gəncə Qaz İstismarı Sahəsində çilingər işləyən 1963-cü il təvəllüdlü Şahin Əliyev və həmin sahənin rəisi Elman Məmmədov arasında olub.

Publika.az xəbər verir ki, Elman Məmmədov Şahin Əliyevə xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyi və işinə səhlənkar yanaşdığı üçün bir il öncə həmin müəssisənin inzibati binasının həyətində başqa işçilərin yanında irad tutub. O, Ş.Əliyevlə qohum olmasına baxmayaraq, digər işçilərə qarşı necə tələbkar olubsa, bacanağına qarşı da elə olub.

Elman Məmmədovun bu iradı isə Şahin Əliyevin yadına bir il sonra düşüb. Buna görə də qisas almaq qərarına gəlib. Bu məqsədlə bacanağını öldürmək fikrinə düşüb...

Rəisə öz otağında 9 bıçaq zərbəsi

20 avqust 2014-cü ildə səhər saat 9-da bıçaqla silahlanan Şahin E.Məmmədovu öldürmək üçün Gəncə şəhəri, R.Qasımov küçəsi, 2, dalan 1-də yerləşən Gəncə Şəhər Qaz İstismarı Sahəsinin Qaz Avadanlıqlarının və Qaz Kəmərlərinin İstismarı Qəza Dispetçer Xidmətinin inzibati binasına gəlib. Xidmət rəisi Elman Məmmədovun xidməti otağında işlədiyini görüb, otağa daxil olaraq əlindəki torbada gizlətdiyi bıçağı çıxarıb, ona 9 zərbə vurub. Yaralanmasına baxmayaraq, E.Məmmədov Ş.Əliyevə fəal müqavimət göstərib.

Digər tərəfdən, ətrafda olanlar onların səs-küyünə gəlib. Bu üzdən Şahin Əliyev Elman Məmmədovun otağını tərk edib.

Səs-küyə gələn şəxslər isə Elman Məmmədovu təcili olaraq xəstəxanaya aparıblar. Xəstəxanada ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

14 il cəza

Şahin Əliyev Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Əliyev apellyasiya şikayəti verib və o, cəzasının yüngülləşdirilməsini istəyib.

Yeni hökm: 10 il

Gəncə Apellyasiya Məhkəməsində işə baxan hakimlər Şahin Əliyevin şikayətini təmin ediblər və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Şahin Əliyevin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib, barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Bu dəfə Baş Prokurorluq narazı qalıb. Prokurorluq kassasiya protesti verərək Ş.Əliyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

Prokurorluğun protesti baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə prokurorluğun protesti təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib. Şahin Əliyevin barəsində olan cinayət işinin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm