Türkmən tələbə: "Mozambikli rəfiqəm azərbaycanca..." - BİZ ONLARIN GÖZÜNDƏ - VİDEO
Bizi izləyin

Qırmızı.az

Türkmən tələbə: "Mozambikli rəfiqəm azərbaycanca..." - BİZ ONLARIN GÖZÜNDƏ - VİDEO

Bu gün ölkəmizin ayrı-ayrı ali məktəblərində təhsil alan əcnəbi tələbələrin əksəriyyəti əslində gələcəkdə ölkəmizi xaricdə təbliğ və ya təşviq edən kadrlar kimi də yetişirlər. Qafqaz Universitetində təhsil almaq üçün Türkmənistandan gəlmiş Maral Hyunlibayeva da belə gənclərdəndir.

Əcnəbi tələbə Publika.az-ın "Biz onların gözündə" rubrikasının qonağı olub. O, məqsədlərindən söz açaraq, gələcəkdə Azərbaycanı dünyada tanıtdırmaq arzusunda olduğunu dilə gətirib.

"Azərbaycanda təhsil almaq istədiyimi deyəndə valideynlərim..."

1993-cü ilin 28 aprelində Türkmənistanda dünyaya gəlmiş Maral Hyunlibayeva hazırda universitetin üçüncü kurs tələbəsi olduğunu deyərək 3 ildən artıq müddətdə respublikamız haqqında dolğun təəssürata malik olduğunu vurğulayıb: "Azərbaycanda təhsil almağı özüm istədim. Çünki Qafqaz Universitetini bitirmiş şəxslərdən biri orta məktəbdə hazırlıq müəllimim idi. Hazırlıq kursuna gedəndə müəllimim bu ölkəni çox tərifləyirdi.

Bir gün dedi ki, Azərbaycanda çox gözəl təhsil ocağı var. Onun bu universitet, ümumiyyətlə, ölkəniz haqqında söylədiklərini eşitdikdən sonra Azərbaycan çox xoşuma gəldi. Ata-anama Azərbaycanda təhsil almaq istədiyimi dedim. Valideynlərim əvvəlcə razılaşmadılar. Çünki ailənin tək övladıyam, istəmirdilər ki, bir neçə il uzaq ölkədə yaşayım.

Bir gün müəllim özü evimizə gəldi. Valideynlərimlə danışıb razı sala bildi. 2012-2013-cü ilin tədris ilində burada təhsil almağa başladım".

"Qonşularım hər zaman Azərbaycanı tərifləyirdi"

Müsahibimin sözlərinə görə, ölkəmizə gəlməzdən əvvəl Azərbaycan haqda az da olsa məlumatı olub. O, ingilis dili və ədəbiyyatı müəllimi ixtisası üzrə təhsil almağa başlayanda həyatı yeni mərhələyə qədəm qoyub: "Qonşularımız Azərbaycanda yaşamışdılar və onlar ölkəniz haqda bizə danışırdılar. Azərbaycanı tərifləyirdilər. Lakin eyni sözləri müəllimim də təkrarlayanda söylənilənlərin həqiqət olmasına şübhəm qalmadı. Xüsusən azərbaycanlıların mehriban olmaları, müəllimlərin tələbələrin qayğıları ilə maraqlanması, problemləri ilə məşğul olmaları məni çox ruhlandırdı.

Açığı, əvvəllər bunun belə olduğuna tam inana bilmirdim. Bura gəldikdən sonra hər şeyin söylənildiyi kimi olduğunu gördüm".

"Mozambikli rəfiqəm Azərbaycan dilində sizdən yaxşı danışır"

Maral Hyunlibayeva deyir ki, burada ona qarşı mehribanlıq o həddədir ki, özünü tək, qürbətdə hiss etmir: "Dostlarım arasında əcnəbi tələbələr də var, azərbaycanlılar da. Türkiyə, Özbəkistan, Azərbaycan, Koreyadan, Çindən, Perudan, Mozambikdən, Dağıstandan olan tələbələrlə dost olmuşam. Fərqli dillərimiz olduğundan bəziləri ilə ingilis dilində danışırıq. Mozambikdən olan rəfiqəm Azərbaycan dilində də çox gözəl başa düşür".

"Qafqaz Universitetinə tədrisin keyfiyyəti olduqca yüksəkdir"

Özünün dediyinə görə, tələbəlik qayğıları o qədər də çox deyil: "Universitetin yataqxanasında qalıram. O qədər də ciddi problemim olmur. Ailələr öz övladlarıyla görüşə gələndə düşünürəm ki, Türkmənistanda oxusaydım, valideynlərim tez-tez məni görməyə gələrdilər. Amma bütün bunlara baxmayaraq, Azərbaycana gəlməyimə heç də peşman deyiləm. Bir ilə yaxındır Vətənimə getmirəm. Türkmənistana sonuncu dəfə ötən yay tətilində getmişəm. Gələn il məzun olacam. Ata-anam bu münasibətlə Azərbaycana gələcəklər. Əslində onlarla hər gün internet vasitəsilə danışıram".

O, bildirdi ki, universiteti bitirib ölkəsinə qayıtdıqdan sonra da tanışlarına, qohumlarına təhsil almaq üçün Azərbaycana Qafqaz Universitetinə gəlməyi tövsiyə edəcək: "Çünki burada tədrisin keyfiyyəti olduqca yüksəkdir. İnsan özünü öz evindəki, vətənindəki kimi hiss edir. Təhsilimi davam etdirməyi, magistraturanı bitirməyi planlaşdırıram".

"Yarpaq dolmasını çox sevirəm"

Tələbəlik illəri, təhsil həyatı maraqlı xatirələrlə də zəngindir: "Universitet mənə ailəm kimi doğma, əzizdir. Öz ölkələrimizdə deyilik deyə, rəhbərlik bizimlə daha çox maraqlanır. Asudə vaxtlarımızda bizi gəzməyə aparırlar. Azərbaycanın bir sıra bölgələrində - Qubada, Qəbələdə, Mingəçevirdə, Şəkidə, Qaxda olmuşam. Maraqlıdır, ailələrə qonaq gedəndə bizi çox mehriban qarşılayırlar. Bəzi ailələrin çörəyini, duzunu yemişik, sağ olsunlar.

Azərbaycanın bayram ənənələri olduqca maraqlıdır. Xüsusən Novruz bayramı. Bu bayram bizdə - Türkmənistanda da keçirilir. Lakin ölkəmdə ancaq Novruz bayramı keçirilir. Çərşənbə axşamları Azərbaycanda isə olduqca orijinal, maraqlı şəkildə qeyd edilir. Novruzun süfrə bəzəyindən olan Azərbaycan paxlavasından, şəkərburasından xüsusi xoşum gəlir. Novruz çərşənbələrində papaq atma diqqətimi xüsusi olaraq cəlb etdi".

O, qeyd etdi ki, ölkəmizin tarixi ilə də maraqlanır: "Azərbaycanın qədim yerlərinin tarixini öyrənmişəm. Qədim əfsanələrini oxumuşam. Bu qədim xalqı dünyada tanıtmaq istəyirəm. Azərbaycan kulinariyasının özünəməxsus xüsusiyyətləri var. Mətbəxiniz zəngindir. Ələlxüsus yarpaq dolmasını çox sevirəm".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm