Ekopublika.az
Prezident: 2016-cı ildən sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır
"Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox
sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi,
maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir,
gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla
bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu
çətinliyi aradan götürürük".
Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika
Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, 2016-cı il sabitləşmə ili olmalıdır:
"Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli
iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun
insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki,
sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər
yaxşılaşacaq.
Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə,
ödəmələri dayandırmalarına baxmayaraq, biz maaşları, pensiyaları 10
faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə, bizim
siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, -
digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət qədər
imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir,
valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu
ki, bizim Neft Fondunun gəlirləri, yəni, vəsaiti azalacaq, ancaq
artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır,
xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O
resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan
səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq
gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur.
İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və
müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən
kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik.
Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm
cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən
bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni
fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil
edirik və ən düzgün variantı seçirik".
Prezident vurğulayıb ki, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf
etməlidir: "Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab
edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və
çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd
təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub
və konkret addımlar atılıbdır ki, bunlar özünü statistik
göstəricilərdə də büruzə verəcək.
Əlbəttə, bu ilin sonuna qədər "Cənub" qaz dəhlizinin icrası ilə
bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma
olmamalıdır. Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni
zamanda, biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik.
Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan
"Cənub" qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait
cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların
bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı
da götürəcəydik. Yəni, bizim xarici borcumuz aşağı səviyyədə,
maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə
olduğuna görə belə imkanlarımız var. Eyni zamanda, biz öz
vəsaitimizi qoyuruq və qoymalıyıq. Kifayət qədər böyük vəsaitdir.
Ancaq "Cənub" qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək ki,
uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə
gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır.
"Cənub" qaz dəhlizində iştirak edən ölkələr təbii müttəfiqlərə
çevrilir. Bu müttəfiqlik regionumuzdan kənara çıxır. Bu, bizim
maraqlarımıza xidmət göstərir. Azərbaycan Avropa üçün əvəzolunmaz
tərəfdaşa çevrilir və biz də çox böyük bazar əldə etmiş oluruq. Ona
görə "Cənub" qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət
mərkəzindədir. Mənə mütəmadi qaydada məruzələr edilir. Əminəm ki,
biz bu layihəni qrafik əsasında icra edəcəyik.
Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara
verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən
bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol
bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq
tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən
bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və
Azərbaycana çox böyük fayda gətirəcək.
Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması
istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu
İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir
vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü
tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll
edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək
illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını
cəlb etməyə hazırdır.
Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. Mən heç
şübhə etmirəm ki, ilin sonuna qədər bütün bu vəzifələr icra
olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Hesab edirəm
ki, ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır.
Bütün bunlar, bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə
mümkün olmuşdur. Müstəqilliyin əhəmiyyəti bu gün göz qabağındadır.
Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz
taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz
dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bundan
sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik".
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi