Əliyevin yardımı, Ərdoğanın məktubu, “dördgünlük müharibə”nin sirri... – GÜNÜN XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Əliyevin yardımı, Ərdoğanın məktubu, “dördgünlük müharibə”nin sirri... – GÜNÜN XÜLASƏSİ

Bu gün Azərbaycan mediasının gündəmində olan bir nömrəli mövzu Ankara-Moskva xəttində baş verənlər oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub 9 aydır soyuq olan Rusiya-Türkiyə münasibətlərini istiləşməyə doğru aparır.

Putin və Ərdoğan arasında telefon danışığı

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacaq. Telefon danışığı sabah Türkiyə vaxtı ilə saat 12:00-da olacaq.

Kreml: "Ankara növbəti addımları atmalıdır"

Rusiya tərəfi Türkiyədən növbəti addımları gözləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Türkiyə prezidentinin Rusiya liderinə yazdığı məktub münasibətlərin yaxşılaşması üçün çox əhəmiyyətli addımdır, amma növbəti addımları atmaq lazımdır. Onun sözlərinə görə, problemi bir neçə gün ərzində həll etmək mümkün olmayacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Türkiyənin Rusiya barəsində düzgün və ciddi addım atdığını bildirib.

Ankara təzminat ödəməkdən imtina etdi

Amma bu arada məktubun məzmunu barədə ziddiyyətli bəyanatlar səslənir. Rusiya tərəfinin açıqladığı məlumata görə, Ərdoğan Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib və təzminat ödəməyə hazır olduğunu bildirib. Türkiyənin baş naziri Binəli Yıldırım isə bildirib ki, təzminatın ödənilməsindən söhbət getmir, Türkiyə yalnız üzüntüsünü bildirib.

Daha əvvəl yayılan məlumatlara görə, baş nazir Rusiyaya təzminat ödəməyə hazır olduğunu söyləyib.

Türkiyə prezident administrasiyasındakı mənbələr isə bildiriblər ki, Putinə göndərilən məktubda üzr ifadəsi qət şəkildə işlədilməyib.

Putinlə Ərdoğanı İlham Əliyev barışdırıb

Rusiya və Türkiyə münasibətlərinin düzəlməsində Azərbaycanın vasitəçiliyi rəsmi şəkildə təsdiqlənib. Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün AKP-nin qrup toplantısında çıxışı zamanı danışıb. B. Yıldırım Rusiya ilə münasibətlərin düzəlməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Rusiya-Türkiyə arasında buzların əriməsinə nail olduq. İşlərin bu səviyyəyə gəlməsində bir çoxları əmək sərf etdi. Xüsusilə Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrimizə göstərdikləri səylərə görə təşəkkür edirik", - o, bildirib.

Qanlı İstanbul planı ifşa edildi - 5-i kamikadze olmaqla 9 İŞİD üzvü...

Ramazan ayında İstanbulu qan gölünə çevirmək istəyən İŞİD terror təşkilatının planı ifşa edilib. Polisin təşkil etdiyi iki əməliyyatda 5-i kamikadze olmaqla 9 İŞİD üzvü tutulub. Terror aktları törədəcək 3 nəfərlik ilk qrupun Suriya, 6 nəfərlik ikinci qrupun isə 5 günlük fasilə ilə İraqdan Türkiyəyə daxil olduğu müəyyən edilib.

İŞİD terrorçuları LGBT-nin (Lezbiyan, Gey, Biseksual və Transgender) iyunun 26-da İstanbulda keçirmək istədiyi yürüşdə terror aktı həyata keçirməyi planlaşdırırmışlar.

Kiyev Krım tatarlarına muxtariyyət verir

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Konstitusiyasında Krımın statusu ilə bağlı dəyişiklikləri elan edib.

"Bu dəyişikliklər tam ölçüdə suveren və müstəqil Ukrayna dövlətinin tərkibində Krım tatarlarının öz müqəddəratını təyin etmə hüququna əsaslanır", - Poroşenko Ali Radada Konstitusiya Günü münasibəti ilə çıxışında deyib.

Aralıq dənizində ABŞ-Rusiya gərginliyi – TƏHLÜKƏLİ YAXINLAŞMA

Aralıq dənizində Amerikanın "Gravely" esminesi Rusiyanın "Yaroslav Mudrıy" gözətçi gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb.Bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, ABŞ dənizçilərinin hərəkətləri beynəlxalq qaydalar və Rusiya-Amerika razılaşmalarının kobud pozuntusudur. Hadisə iyunun 17-də baş verib.

"Dördgünlük müharibə" zamanı Sarkisyanın gizlətdiyi daha bir SİRR

"Aprel döyüşləri zamanı Ermənistan ordusunun rəhbər şəxsləri sıravi əsgərlərin həyatını qorumayıb". Bunu Ermənistanın "İrs" partiyasının deputatı Zarui Postandjyan deyib.
"Ölkə rəhbəri dedi ki, ərazilər əsas deyil, əsas olan əsgərlərin həyatlarının qorunmasıdır. Lakin yayılan videokadrlar aprel hadisələri zamanı əsgərlərin həyatının qorunmadığını göstərdi. Bəzi əsgərlər qabaqda qalmışdı, lakin onlara heç kim döyüş əmrini vermədi. Əvəzində rəhbər şəxslər qaçmışdılar".

Türkiyə ilk yardım gəmisini yola salır – BÖHRANDAN SONRA

Ötən gün Türkiyə ilə İsrail arasında əldə olunan tarixi razılaşmadan sonra Fələstin əhalisi üçün Qəzza bölgəsinə humanitar yardım aparacaq gəminin yola düşmə vaxtı məlum olub. "Lady Leyla" gəmisi bu il iyulun 1-də Türkiyənin Mersin dəniz limanından Qəzzaya yola düşəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm