Qırmızı.az
Telefon zənglərinin 70-80 faizi həyəcan yaradır
Gündən-günə xüsusi amansızlıqla törədilmiş cinayət hadisələri, ailə münaqişələrinin sayı artır. Bu, cəmiyyətdə aqressiyanın artmasından xəbər verir. Problemlər artsa da, insanların psixoloqa müraciət etmə dinamikası yetərli deyil. Səbəb psixoloq köməyi ilə bunun aradan qaldırılmasına inamın az olmasıdır. Bəs problemlər nə üçün artır? Nə üçün psixoloqlara inam azdır? Hər psixoloq etibarlıdırmı?
Suallara Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovla cavab tapmağa çalışacağıq.
Psixoloqun fikrincə, hazırda psixoloji problemləri olan insanlarla bağlı statistika reallığı əks etdirmir. Xəstəxanalarda qeydiyyata düşən psixi xəstələr ən son məqamda həkimə müraciət edən insanlardır. Reallıqda isə psixi problemləri olan insanların sayı daha çoxdur. Cəmiyyətdəki intiharların, cinayətlərin kökündə psixoloji problemlər durur. Sadəcə ailə, ətraf ona etinasız yanaşdığına görə fakt aşkarlanmır. Çünki təəssüf ki, bizdə hələ də “yeməyin, geyimin varsa, hansı psixoloji problemin ola bilər?” düşüncəsi var.
Problemlərin artmasına səbəb nələrdir?
E.Rüstəmov bildirir ki, psixoloji problemlər XX əsrin ikinci yarısından sonra artmağa başlayıb:
“O zaman insanlarda psixoloji problemlərin müxtəlif səpkilərdə artması müşahidə edilib. Bu artımın səbəbləri sırasında iki dünya müharibəsi nəticəsində yaşanan post travmatik stress, texniki tərəqqi, münasibətlərin virtuallaşması, insanlararası özgələşmə göstərilir. İnsanlarda ünsiyyət tələbatı ödənmir. Fərd qarşılaşmış olduğu problemi doğru istiqamətdə həll etməyəndə, çıxış yolu tapmayanda, onda müxtəlif psixoloji narahatlıq, özgüvən əksikliyi, panik atak, depressiya, fobiya yaranır. Bu da sonda fərdin ətrafdan təcrid olunmasına, özünə qapanmasına, ən sonda intiharına gətirib çıxarır. Bu gün psixoloji və psixiatrik problemlərin təsnifatında yeni-yeni xəstəliklər ortaya çıxıb. Ən geniş yayılanları depressiya, obsessiv-kompulsiv pozuntular, panik atak, fobiyalar və s. Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamalarına görə, depressiya ilk üçlüyə daxil olan psixoloji problemdir, bunun səbəbi isə müxtəlif faktorlarla əlaqələndirilir. Son araşdırmalar göstərir ki, telefon zənglərinin 70-80%-i insanda həyəcan, narahatlıq yaradır”.
Cinayətlərin də sayı artır, gün ərzində ata oğlunu öldürdü, qardaş-qardaşı öldürdü xəbərlərini eşidirik. O qədər eşidirik ki, artıq adiləşib. Bəzi fikirlərə görə, bu hadisələr hər zaman olub, sadəcə, indi məlumatlar daha açıqdır.
E.Rüstəmov bu faktların artmasının əsas səbəbi kimi hadisələrin adiləşməsini göstərir. Müqəddəslik ortadan götürüldü, “mən də edə bilərəm” düşüncəsi formalaşıb:
“Bu gün insanlar həyəcan, kəskin hisslər yaşamaq istəyir. Avtomobili idarə edəndə yüksək sürətlə idarə etməyə çalışırlar, ani diqqətsizliyin özünün və başqalarının həyatına son qoya biləcəyini bilərək edir, çünki o, həyəcanı yaşamaq istəyir. Sevgi münasibətlərində belə tərəflər kreativlik, qarşısındakını təəccübləndirərək o anı yaşamağa çalışırlar. Həmçinin cinayət hadisələrinin də açıq formada verilməsi onları adiləşdirib. Xüsusi amansızlıqla cinayət törədənlər şüuraltı olaraq bundan həzz alır. Xəbər saytlarında ilk onluğundakı xəbərlərin zorakılıqla bağlı olması da, bu faktları sübut edir. Bu xəbərlərdə cinayətlərin aradan qaldırmaq, problemin həlli yolu göstərilsə, daha yaxşı olar. Hətta xəbər başlıqları insan psixologiyasına təsir edir, şüuraltını işğal edir”.
Bəs bu qədər çox psixoloji problem olan cəmiyyətin psixoloqa müraciəti necə dəyərləndirmək olar?
Psixoloqun fikrincə, insanların bir qismi hələ də psixoloqa getməyi psixi xəstə olmaq kimi dəyərləndirirlər. Ona görə də, problemi psixiatr, psixoloq dəstəyi ilə aradan qaldırmaqdan daha çox, digər sahədə çalışan həkimlərlə, bızın isə falçı, ekstrasens köməyi ilə aradan qaldırmağa çalışırlar. İnsanlar anlamalıdır ki, psixoloq psixi sağlam insanla işləyir. Psixiatr da yalnız şizofrenləri müalicə etmir.
“Orta və yaşlı nəsil, qadınlara nisbətdə kişilər psixoloqa getməyi təqdir etmir. Bəzən psixoloji xidmət üçün belə xaricə gedirlər. Amma bu yanlış düşüncədir. Çünki Azərbaycanda yaşayan psixoloq bölgəni daha yaxşı bildiyindən diaqnozu da dəqiq qoya bilər. Bunun əsas səbəblərdən biri söhbətin anonimliyinə inamsızlıqla bağlıdır. Insanlar nəzərə almalıdır ki, psixoloq anonimliyə zəmanət verir və buna görə məsuliyyət daşıyır. Azərbaycanda məsuliyyətli psixoloq və psixiatrlar kifayət qədərdir”.
Amma psixoloqlar da var. Yeni-yeni psixoloji mərkəzlər yaranır, amma onlar nə qədər etibarlıdır? İnsanların düşündürən məqamlardan biri də mərkəzlərin pul tələsi olması, psixoloqların onları özlərindən asılı salmasıdır. Bəzən insanlar aylar, illərlə psixoloq yanına gedirlər, sanki onunla danışmasalar, rahatlıq tapmırlar. Bu, normal haldır, yoxsa asılılıq deməkdir?
Psixoloqun sözlərinə görə, ölkədə psixologiyaya marağın artması, mərkəzlərin sayına da müsbət təsir edib. Burada həmçinin biznes maraqları da var. Onların fəaliyyətinin tənzimlənməsi istiqamətində iş görülür:
“Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi yaradılıb, artıq koordinasiya işləri aparılıb. Psixoloqun etibarlı olmasını müəyyən etmək üçün bəzi ölkələrdə sertifikatlaşdırma aparılır. Sertifikasiya şərtlərində yaş, ali psixoloji təhsil və təcrübənin olması tələb edilir. Amma ali psixoloji təhsildə problemlər var. Xaricdə psixoloq diplomu alıb, ekstrasens, falçılıqla məşğul olanlar az deyil. Ona görə də, diplom yetərli deyil. Bu ilin sonuna psixi sağlamlıq haqqında qanunun qəbul edilməsi planlaşdırılır”.
Psixoloqdan asılılıq olmasına gəldikdə, E.Rüstəmov bildirdi ki, bu müalicənin uzunmüddətli olması qorxulu deyil. Amma insanlar aldadıldıqlarını özləri də müəyyən edə bilərlər:
“Psixoloq dərman vermədiyinə görə, müalicənin uzunmüddətli olmasının qorxusu yoxdur. Bu məqamda psixoloqun mötəbərliliyi, nəticənin olması önəmlidir. Bunu insan özü də müəyyən edə bilir. Psixoloqdan asılı qalma onlar arasında yaranan əlaqə ilə bağlıdır. Heç kimə demədiklərini psixoloqa dediyinə görə, arasındakı münasibət emosional bağdır. Amma bir insan illərdir psixoloqa gedirsə, bu normal deyil. 2-3 aydan bir, ayda iki dəfə psixoloqa getmək asılılıq deyil. Zaman keçdikcə, hər bir insan özünün psixoloqu olacaq. Bundan başqa, ailə, uşaq və yeniyetmələr üzrə ixtisaslaşmış psixoloqların olması mütləqdir. Əsas problemlərimizdən biri də kadrlar olmamasıdır, buna görə də qeyri-peşəkarlar bazarda yer tutur”.
Amma psixoloqa getmədən də problemlərini həll edən, depressiyadan çıxanların sayı az deyil. Psixoloqa getmək mütləqdir?
E.Rüstəmovun sözlərinə görə, insanların problemlərini özlərinin həll etməsi mümkündür, lakin psixoloq onlara istiqamət verir. O, bu sahədə mütəxəssisdir, problemi aradan qaldırmağın asan yolunu bilir.
“Bundan başqa, problemi bölüşmək insana mənəvi rahatlıq verir. Problemi təsadüfi adamarla bölüşmək, məsələni yanlış istiqamətə yönəldə bilər. Mütəxəssis daha düzgün yol göstərir. Problemlərimizin aradan qalxdığını hiss ediriksə, münasibətlərimiz düzəlirsə, demək düz yoldayıq”.
Problemlərimizi bölüşməməyimiz intiharlara səbəb ola bilərmi? Bəzi fikirlərə görə, intihar, əslində, bir şoudur.
Psixoloq bildirir ki, intiharlar müxtəlif formada olur. Bəzi insanlar intihara meyilli olur, onlar zaman-zaman buna cəhd edirlər, bəziləri isə depressiyada olduğuna görə edirlər:
“Mütəmadi olaraq bu yola əl atanlar damarlarını kəsir, dərman içirlər. Bu zaman kiməsə zəng edib, xəbərdarlıq edirlər. İntiharı həyata keçirmək istəyənlər isə həyatlarında məna görməyənlər və problemdən çıxış yolunu bu formada dəyərləndirənlərdir. Bunlar uzun müddət hər hansı xəstəlikdən əziyyət çəkənlər, fizioloji narahatlığı olanlar, ailə qurmayan, ailədaxili konflikt yaşayanlar, alkoqolik və narkomanlar daxildir. Onlar psixoloqa getməklə problemi görə və həll edə bilərlər. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Bu zaman alınan psixoloji xidmət intihardan daşındırar”.
İnsanlar ətraflarında baş verənlərə laqeyid qalır. Küçədə biri yerə yıxılsa, heç kimin vecinə olmur.
E.Rüstəmov bildirir ki, cəmiyyətdəki laqeydliyə səbəb insanların eqolarıdır:
“Osvald Şpenqler qeyd edirdi ki, primitiv səviyyədə cəmiyyət tabularla idarə edilir, həmin cəmiyyətdə “mən” yox, “biz” anlayışı var. “Mən” anlayışı olan cəmiyyət psixologiya ilə idarə olunur. Bu gün “mən”anlayışı və eqo daha qabarıqdır. Buna görə də hər kəs özünə yönəlib. Bu da insanlar arasında baryer yaradıb, hər kəs öz doğruları ilə yaşayır. Əksəriyyət situativ həzz istəyir. Insanlar arasında məsafə yaranıb, ortaq maraq olmayanda insanlar bir-biri ilə həftələrlə maraqlanmır”.
Son olaraq, psixoloq özündə psixoloji narahatlıq, depressiya və digər psixoloji narahatlığı yaşayan birinin psixoloqa müraciət etmədən, ilkin mərhələdə özünü necə sakitləşdirə biləcəyindən danışdı.
Onun sözlərinə görə, insan maraq dairəsini artırmalıdır. Cəmiyyəti maarifləndirmək, insanlara dəyər vermək lazımdır:
“Səhv etmirəmsə, Süleyman Peyğəmbərlə bağlı bir əhvalatdır ki, onun əlində bir üzük olub, əsəbiləşəndə də, sevinəndə də əlindəki üzüyə baxıb. O üzükdə “bu da keçib gedər” sözləri yazılmışdı. İnsanların hadisələrə yanaşma tərzi olmalıdır. Hər şey axıb gedirsə, ən çətin və yaxşı vəziyyət də keçib gedəcək. Mübahisə zamanı bir az səbir etməklə, hadisəni daha asanlıqla həll edə bilərik. Bu asan deyil, amma bunu özünə aşılamaq lazımdır. Bu zaman cinayətlərin də sayı azalacaq. Çünki cinayət edənlərin də əksəriyyəti peşmandır. İnsanlar fiziki sağlamlıqdan daha çox psixoloji sağlamlığına diqqət etməlidir. Çünki ürək, mədə-bağırsaq, diabet xəstəliklərinin əksəriyyəti də psixoloji narahatlıqdan yaranır. Sadəcə, insanlar həyatı pozitiv dəyərləndirməlidirlər, bu zaman yaşamaq da daha rahat olur”.
Gülxar Şərif
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi