Azərbaycanda 2014-cü ilin ən məşhur toyları – SİYAHI – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanda 2014-cü ilin ən məşhur toyları – SİYAHI – FOTOLAR

2014-cü il sənət aləmi üçün bir çox maraqlı hadisələrlə yadda qaldı. Dünyasını dəyişənlər də oldu, sağlamlığında problem yarananlar da.

Amma necə deyərlər, xeyirlə şər qardaşdır. Yəni geridə qalmaqda olan il şou-biznes və sənət cameəsinin həyatında bir sıra xeyir işlərlə - nişan və toy mərasimləriylə də yadda qaldı.

Publika.az 2014-cü ilin ən məşhur xeyir işlərini təqdim edir:

İlin ilk toylarından biri gənc müğənni Coşqun Viləşin idi. Sənətçi uzun illərdir sevgili olduğu Nigar adlı xanımla nikah masasına oturdu. Bir çox məşhurların, o cümlədən əməkdar artist Zaur Əmiraslanov, müğənnilər Yaşar Yusub, Elariz Məmmədoğlu, Elvin Əhməd və digərlərini iştirak etdiyi məclis yetərincə yaddaqalan oldu…

Fevral ayında isə rəqqasə-müğənni Sevda Sanaliyeva ailə həyatı qurdu. Hazırda hamiləlik dövrünü yaşayan sənətçi iş adamıyla ailə qurub…

Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı olan Rəşad Mehdili isə aprelin 4-də Məltəm adlı xanımla ailə həyatı qurub…

Eyni gündə məşhur balaban ifaçımız Əlixan Səmədov da evlənirdi. Amma Rəşad Mehdilidən fərqli olaraq, Əlixan bəy ikinci dəfə, Ellada adlı azərbaycanlı xanımla rəsmi nikaha daxil olurdu. Müğənni İradə İbrahimovanın doğum gününə təsadüf edən toy Səmədovun xanımına hazırladığı özəl sürprizlərlə yadda qaldı. Qeyd edək ki, nikah mərasiminə tanınmış vizajist Nigar İbrahimova, müğənni Günel Zeynalova və Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova da iştirak edirdilər.

Aprelin 15-i isə AzTV-nin digər aparıcısı Natəvan Osmanlının toyu ilə yadda qaldı. Aşıq Samirə Əliyeva, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovaların, xanəndə Gülnar İsayeva, müğənni Samira və başqalarının iştirak etdiyi toy yetərincə marağa səbəb ola bilmişdi…

Aprelin 21-də şou-biznes aləmində daha bir məşhur sənətçinin ailəsində xeyir iş idi. Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın oğlu Ələkbər isə Xəyalə adlı xanımla nikah masasına əyləşdi. Qeyd edək ki, bu, Ələkbərin ikinci rəsmi evliliyidir. Media üçün qapalı keçən toydan bəzi fotolar sonradan sosial şəbəkələrdə yayılmışdı…

Aprelin 26-da populyar müğənni Elariz Məmmədoğlunun qızı ailə həyatı qurdu. Qeyd edək ki, toy mətbuat nümayəndələri üçün qapalı keçirilirdi…

Mayın 25-də isə əməkdar artist Sevda Ələkbərzadənin nikah günü idi. Sənətçi Kamiyar adlı Cənubi Azərbaycandan olan iş adamı ilə ailə həyatı qururdu. Bir çox məşhur sənət adamlarının da iştirak etdiyi məclisin ən yaddaqalan məqamı əməkdar artistin özünün mahnı oxuması oldu. Qeyd edək ki, Sevda və Kamiyar İstanbulda tanış olublar…

Həmin gün Belarusda yaşayan azərbaycanlı müğənni Günəş Abbasova da ailə qururdu. Günəş vaxtilə “Qalatasaray”da çıxış etmiş Gökhan Cingözə ərə gedirdi. Qeyd edək ki, toy İstanbulda baş tutub…

Avqustun 19-da “Yeni ulduz” müsabiqəsinin laureatı, bəstəkar-müğənni Pərviz Mahmudov subaylığa “əlvida” dedi. Sənətçi nikah haqqında şəhadətnaməsinin fotosunu paylaşaraq bunu yazmışdı: “Artıq, bu gündən evli kişiyəm, subaylar üçün olsun”.

Qeyd edək ki, bəstəkar özündən 12 yaş kiçik xanımla ailə qurub…

Sentyabrın 20-də Elza Seyidcahanın evində növbəti şadyanalıq idi. Daha doğrusu, sənətçinin qızı Gülşənin nişan mərasimi avqustun 14-də baş tutsa da, fotolar sentyabrın 20-də saytlarda yayımlandı...

Sentyabrın 22-də gənc müğənni Səbinə Rəhimova ailə qururdu. Paytaxtın bahalı restoranlarından birində keçirilən mərasimin bəyi isə Norveç vətəndaşı idi. Qeyd edək ki, “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimovanın bir müddət əvvəl erməni ilə “selfi” çəkdirərək sosial şəbəkələrdə paylaşması ilə gündəmə gəlmişdi…

Bu ilin oktyabrın 2-də xalq artisti Mələkxanım Əyyubovanın oğlu Cəfərin toyu idi. O, Səadət adlı xanımla nikah masasına əyləşmişdi…

Oktyabrın 7-də rejissor Şahin Zəkizadə üçüncü dəfə ailə həyatı qurdu. O, bu dəfə keçmiş model, hazırkı vizajist Səbinə Allahverdiyeva ilə münasibətlərini rəsmiləşdirdi. Mərasimdə yaddaqalan məqamlardan biri toyun “Qurani- Kərim”dən ayələrin oxunması ilə başlaması idi. Qeyd edək ki, Ş.Zəkizadənin ilk evliliyindən bir qızı var…

İlin ən qalmaqallı toylarından biri oktyabrın 18-də baş tutdu. “Bacanaqlar” serialından Esya kimi tanıdığımız model Esmira isə İsgəndər adlı bəylə ailə həyatı qurdu və cəmi səkkiz gün sonra bu evlilik sona çatdı…

Oktyabrın 22-də keçirilən mərasim isə bu il keçirilən toylar içərisində, bəlkə də, ən səs-küylüsü idi. Çünki bu haqda yerli həmkarlarımızla yanaşı, Türkiyə mətbuatı da geninə-boluna yazılar yazdı. Hətta bunu saxta evlilik kimi dəyərləndirənlər də oldu. Amma bütün bunlara rəğmən, teleaparıcı Xoşqədəm Hidayətqızı tanınmış türk müğənni Doğuşla nikah masasına oturdu. Qeyd edək ki, bu, Hidayətqızının ikinci nikahıdır və onun ilk evliliyindən Zaur adlı 17 yaşlı oğlu var.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm