• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Ermənilər atamın qarşısına şərt qoydu ki...” - FOTOLAR

“Ermənilər atamın qarşısına şərt qoydu ki...” - FOTOLAR

“Könlüm keçir”də dərdləşdiyim həmsöhbətim Aşıq Ələsgər Muzeyinin yaradıcısı Hüseyn Göyçəli (Çətindərəli) oldu. Elə ayağımı muzeyə qoyan anda hiss elədim ki, sanki Dədə Ələsgərin doğulub boya-başa çatdığı Göyçə mahalının Ağkilsə kəndində, sazsöz sənətinin mərkəzindəyəm. Burda Göyçə elinin ustad aşıqlarının fotoları, lent yazıları, şeirlər, toplular - hər şey Göyçəni xatırladırdı. Baxmayaraq ki, mən ömrümdə Göyçə mahalında olmamışam.

“Ermənilər atamın qarşısına şərt qoydu ki...”

“1927-ci ildə Göyçə mahalının Krasnı rayonunun Ardanış kəndində anadan olmuşam. Atam Hacıqulu kişi Göyçə mahalında adnan deyilirdi. Varına-dövlətinə, qüdrətinə, mərdliyinə, camalına görə iki-üç kişidən biri idi. Elə bu sayılıb-seçilməyinə görə də ermənilər 1924-cü ildə atamı hədəfə götürdülər. Həmişə atam ermənilərin təzyiqinə tuş gəlib. Göyçə gölünün içində Adatəpə adlı bir dağ vardı, ermənilərin o dağa gözləri düşmüşdü və o dağı alıb kurort zonasına çevirmək istəyirdilər. Ermənistanın o dövrdəki başçıları akt yazıb qərar çıxardılar ki, bəs, Adatəpəni alsınlar. Amma rəhbərlər deyir ki, bəs ardanışın ağsaqqalı Hacıqulu kişi bu işə qol qoymasa, alınmayacaq. Elə də olur, atam torpağından bir qarış da olsun, erməniyə vermir. Bunun da əvəzində ermənilər atamdan qisas alır və onu həbs edirlər. 1931-ci ildə həbs olunan atamı 1933-cü ildə buraxdılar. Sonra da haqsızlıqlara dözə bilmədi, dünyasını dəyişdi”.

Göyçənin adının tarixçəsi

“Bax a qızım, bu saat yaşım 87 olsa da, yaddaşım üstümdədir, Göyçənin təbiəti inan Allaha indi də gözümün qabağındadır. Yamyaşıl yaylaqları, şır-şır axan bulaqları, lalalı-bənövşəli düzənlikləri-çox gözəl idi. Göyçənin gözü də Göyçə gölü idi. Göyçənin adının da tarixçəsi elə onun təbiətinin gözəllikləri ilə bağlıdır. Atam Hacıqulu kişi danışırdı ki, minillər qabaq şahlar, padşahlar Göyçəni gəzib-dolanır və onun Şah dağına çıxıb hər yana tamaşa edirdilər. Deyirlər ki, nə gözəl-göyçək yerdir buralar. Elə bununla bu yerlər Göyçə mahalı kimi tanınır”.

Dədələr dədəsi Dədə Ələsgər...

“Göyçə mahalı türk dünyasında aşıq sənətinin mərkəzi, paytaxtı sayılır. Göyçədə yüzdən çox ustad aşıq doğulub, yaradıcılıqla məşğul olub. Dədə Ələsgər dədələr dədəsidir. Ondan sonra Misgin Abdal, Ağ Aşıq, Sarı Aşıq, Aşıq Alı, Məmmədhüseyn, Növrəs İman, Aşıq Hüseyn, Nəcəf, Aşıq islam, Əsəd - saymaqla qurtaran deyil. Sadaladığım bu aşıqlar Azərbaycan ozan sənətininin əsasını qoyanlardır. Mən öz gözümlə Göyçədə Aşıq Yunusu, Aşıq Müseyibi, Aşıq Niftalını, Aşıq Qədiri görmüşəm, bax, o biri otaqda onların şəkli də var”.

“Aşıq peyğəmbər mərtəbəsinə yüksəlmişdi”

“Göyçə mahalında aşıq sənətinə böyük qiymət verilərdi xalq tərəfindən. Aşıqlar məclisə girəndə hamı ayaq üstə durardı. Aşıq peyğəmbər mərtəbəsinə yüksəlmişdi. Aşıq sazla uzaqdan görünəndə o dövrün hökumət nümayəndələri onların qarşısında baş əyərdi. Ana ki, necə balasını qucağına basıb bayatı, layla deyir ha, saz da ananın o bayatısından, laylasından yaranıb”.

Cavanların at yarışı

“Göyçə toylarının özünəməxsus adət-ənənəsi vardı. Biləndə ki, sabah filankəsin qızının, ya oğlunun toyudur, bütün mahal ora yığılardı. Qazanlar asılardı, gönglər kəsilərdi. Kəndin kişiləri, qadınları toya tədarük görərdilər. Onda mağar yox idi, böyük evlərdə yığışıb günlərlə toy edərdilər. O toya mütləq aşıq və balabançılar gələrdilər. Göyçə mahalında adət idi, toyda mütləq cavanlar güləşər və at oynadardılar. Məsələn, bilərdilər ki, kənddə kimin gözəl atı var, kim mahir at çapandır. Cavanlar yarışa çıxırdılar, atı dal ayağının üstünə qaldırıb, qabaq ayaqlarını oynadardılar. At şahə qalxardı, qız-gəlin kənardan yaşmaqlanıb, igidlərə baxardılar. Bu baxışlar cavanları daha da ruhlandırardı. İndiki kimi deyildi, indi qızlar maykada gəzir, o vaxt abır-həya vardı, qız-gəlinin ayaq barmağının ucu belə görünməzdi. Bax, anamın da şəkli var burda, qızlar, gəlinlər onda araxçın geyinərdilər, qızıl-gümüş kəmərlər taxardılar”.

Göyçənin əriştəaşı

“Göyçə camaatı comərd, qonaqpərvər, səxavətli camaat idi. Göyçədə yerdən təndirlər olardı, üstü kürsülü. Təndir çörəyi bişirərdi qadınlar. Əriştəaşı, xəngəl böyük mis sinilərdə qonaqlara paylanardı. Göyçənin özünəməxsus mətbəx mədəniyyəti olub. Elə yeməklər var ki, onlar yalnız Göyçə camaatına məxsusdur. Göyçənin ən çox tanınan yeməyi xəngəl, xaşıl, əriştəaşı, əvəlik istisi idi. İndi sup deyirlər, o vaxt isti deyirdilər. Yadımdadır ki, Novruz bayramına on gün qalmış bibilər, xalalar yığılardı əriştə kəsərdilər. Un çuvalları çıxarıb üç dörd yerdə xəmir yoğurardılar, əriştə kəsərdilər, sonra onları qurudub yenidən çuvallara yığardılar. Novruz bayramında mütləq əriştəaşı bişirilərdi, çünki bu nənələrdən qalma bir adət idi. Əriştəaşı bütün qonşulara paylanardı. Mən özüm dəfələrlə bayramda qonum-qonşuya bayram aşı aparıb vermişəm”.

“Xəngəl qrudsuz yeyilməzdi”

“Qrud düzəltmək də Göyçə camaatına xas bir xüsusiyyət idi. Qrudun xüsusi hazırlanma qaydası vardı. Qatığı torbaya töküb süzərdilər və onu bərkiyəndən sonra yumru-yumru düzəldib taxtanın üstünə yığardılar. Üstünə tənzif çəkərdilər ki, toz olmasın. Quruyandan sonra qışboyu o qruddan istifadə edərdidər. Xəngəl qrudsuz yeyilməzdi”.

“Yığışıb “baca-bacaya” gedərdik”

“Novruz Göyçədə xüsusi təmtəraqla qeyd olunardı. Bayrama on gün qalmış evlərdə tədarük görülərdi. Kəsməyə qoyun-quzular həyətdə hazır olardı. Uşaqların çərşənbə gecəsi tonqal başına yığışması ayrıca zövq idi. Bizdə “baca-baca” deyirlər, başqa yerlərdə papaqatdı… Yığışıb “baca-bacaya” gedərdik, yaylıq, torba atardıq. Gecəyarısına qədər evə yığışmazdıq”.

Göyçənin Lilparlı bulağı

“Göyçədə gözəl bulaqlar vardı - Novruzoğlunun bulağı, Lilparlı bulaq, Qara bulaq, şır-şır bulaqlar çox məşhur idi. Yaylaqlarımız vardı ki, qoyun-quzu mələşməsindən qulaq tutulurdu. O yerlər elə yuxuma girir ki… İnan Allaha heç ayılmaq istəmirəm. Uşaq vaxtı Göyçə gölündə çimməyim, pencər, quzuqulağı, kəkotu dərməyim, buz bulaqlardan su içməyim, dağda dolaşmağım-hamısı yuxuma girir”.

“Atamın çuxasından tutub qoyun sürüsünün içində gəzirdim”

“Atamın, bacı-qardaşlarımın qəbri ordadır. Atam tez-tez yuxuma girir. Balacaydım, atam qazamatdan təzə qayıtmışdı. O, həyətimizdəki qoyun sürüsünün içində gəzəndə mən də onun çuxasından tutub dalınca gəzirdim. Hərdən yenə də yuxuda görürəm ki, atamın çuxasından tutub qoyun sürüsünün içində gəzirəm”.

“Dədə Ələsgər bizə qonaq gələrdi”

“Atam Dədə Ələsgərlə yaxın dost olub. Dəfələrlə Dədə Ələsgər bizə qonaq gələrdi Ağkilsədən. Atam onun qabağına elə çıxardı ki… Qoyun kəsilərdi, anam Fatma xanım ən dadlı yeməkləri bişirib süfrəyə düzərdi. Atam da azından yüz dəfə Dədə Ələsgərin qonağı olmuşdu. Anam danışardı ki, Dədə Ələsgər hündür, yaraşıqlı, camallı bir kişi imiş, hamının diqqətini özünə çəkərmiş”.

“Ona hamı haqq aşığı deyirdi”

“Aşıq Ələsgər haqq aşığı idi, bədahətən söyləyirdi şeirlərini. Atam danışırmış ki, onu bağlayan aşıq yoxuymuş. Mollalar, axundlar, şeyxlər belə hətta ondan ehtiyat edərmişlər ki, birdən nəsə deyirlər, Dədə Ələsgərin yanında biabır olarlar. Çünki Ələsgər dediyim kimi söz əhli idi, mərifətdə, qanacaqda ona çatan olmazdı. Elə buna görə də ona hamı haqq aşığı deyirdi”.

“Onda atamın qəbrinə dəyməmişdilər”

“Əgər qismət olsa, Göyçəyə gedəsi olsam, birinci ata-baba yurdum olan Ardanışa gedərdim. Orda atamın qəbrinə baş qoyub doyunca onun ruhu ilə danışardım. Sonra Qızılvəngə, Məzrələrə, Qaraqoyunluya, Ağkilsəyə, Kəsəmənə-bütün kəndlərə baş çəkib dağına-düzünə tamaşa edərdim. İnan ki, hərdən mənə elə gəlir o yerləri gedib gözümlə görsəm bəlkə də ölmərəm. Köçhaköçə kimi atamın qəbri dururdu. Ermənilər orda tramvay yolu salmışdılar, amma atamın qəbrinə dəyməmişdilər. Amma indiki vaxtda heç bilmirik o qəbirlərin aqibəti necə oldu. Bəlkə də dərindən düşünsəm, bu yaşımda dəli olaram. Elə təsəllim yuxularımdır, bir də yurddaşlarımla dərdləşəndə sakitləşirəm”.

Göyçənin baldırğanı, pencəri, quzuqulağı...

“Bax indi yazdır, Göyçənin dağlarında lalalar açıb, gül-gülü çağırır, bülbül gülü. Deyirəm indi filan dərədə baldırğanlar bitib, filan dağda pencərin, bulaq başında yarpızın əsil vaxtıdır… Elə bax indi sənnən danışıram, xəyalım Göyçədədir. Bir quş kimi xəyalım bax o çiçəkli, bulaqlı, dağlı, dərəli yerlərdə dolanır. Lilpar bulaqlardan su içirəm, Göyçə gölündə sərinlənirəm sanki… Orda olsaydım, pencərdən, quzuqulağından yığıb şələ-şələ daşıyırdım indi. Mənə çətindir o yerlərsiz yaşamaq… 87 yaşında ahıl bir ağsaqqalın Göyçəsiz yaşamağının nə demək olduğunu sən başa düşə bilməzsən, qızım. Xətrinə dəyməsin”.

Cəvahir Səlimqızı

Foto: Xəyal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR