“Müəllimim mənə bir sillə vurdu, gözümdən qığılcım çaxdı” – VİDEO, FOTOLAR
Bizi izləyin

Könlüm keçir

“Müəllimim mənə bir sillə vurdu, gözümdən qığılcım çaxdı” – VİDEO, FOTOLAR

Bu dəfə xatirələrini ipə-sapa düzən, torpaq nisgilini ürəyində dərd edən sevilən xanəndə İlkin Əhmədovdur. Cəbrayılın Hovuslu kəndindən olan İlkin danışdıqca qəhərləndi. Hətta bir məqamda məndən xahişi də oldu: düşmənin atdığı qradla eyni vaxtda parça-parça olub şəhidlik zirvəsinə yüksələn iki dayısından danışanda kövrəldi: “Çox xahiş edirəm, bu ağrını yenidən yaşamayım, mənə çətindir, ağlaya bilərəm”. Bu məğrur cəbrayıllı balasının sözünü yerə salmağa ürək eləmədim.

Dağların arasında yerləşən Hovuslu

“Könlüm hər zaman o yerlərdən keçir, özü də onu bir Allah bilir ki, necə həsrətlə keçir. Bəlkə də, o yerlərdə doğulub boya-başa çatmasaydım, heç içimdə bu qədər nisgil, həsrət də olmazdı. Uşaqlığım o yerlərdə keçib. Dördüncü sinfə qədər orda yaşadığım günlər, Cəbrayılın füsünkar təbiəti, meşəsi, gülü-çiçəyi – hamısı gözümün qabağındadır. Cəbrayılın 30-40 faizi aran sayılır, amma 60-70 faizi füsünkar gözəlliklərə malikdir – buz bulaqları, meşələri, kəhrizləri. Bizim Hovuslu kəndi dağətəyində yerləşən bir kənd idi. Üç tərəfdən dağlarla əhatə olunmuş kəndin mənzərəsini sözlə ifadə etmək çətindir. O dağlardan biri Ziyarət dağı adlanırdı. O Ziyarət dağının başı hər zaman – yay-qış qarla örtülü olardı. Bax indi, səninlə danışıram, Allaha and olsun, elə bil o dağ gəlib durub gözümün qabağında. Hiss edirəm ki, o dağın sərin mehi üzümə vurur”.

Başı qarlı Ziyarət dağı…

“O Ziyarət dağının başında həm də bir ziyarətgah vardı. Elə buna görə də həmin dağın adını Ziyarət dağı qoymuşdular. Atamgil, böyüklərim o ziyarətgaha tez-tez gedərdilər. Atamgil həmişə o dağın möcüzəsindən, o dağda hər qayanın dibindən pıqqıldayıb çıxan bulaqlardan danışardılar. Başı qarlı o dağ mənim yaddaşımın ən gözəl küncündə yer alıb. Xəyalımda o dağa çıxıram, bulaqlarının suyundan içirəm, nə bilim, gülünü-çiçəyini dərirəm. Yaxşı ki, bu xəyallar var e, Cəvahir xanım, yoxsa, adamın lap bağrı partlayar. İndi özün fikirləş, belə gözəl kənddən, bölgədən çıxan bir insanın o yerlərdən könlü necə keçməsin? Allah qismət eləsin, o yerlərə qayıdım, mənim üçün bundan böyük nə bəxtəvərlik ola bilər ki? Məni yaşadan bu ümiddir. Ümid sonda ölür axı. Nəinki mən e, bütün ailəmiz, doğmalarım o yerlərin tez bir vaxtda bizə qayıdacağına əmindirlər”.

“Bir onda yuxudan ayıldıq ki, atışmadır”

“Cəbrayıldan axırıncı dəfə çıxdığım günü heç xatırlamaq istəmirəm. 1993-cü il, avqustun 17-si idi. İnanın ki, o dəhşət anbaan hafizəmə köçüb. Səhər saat dörd-beş olardı, kənd atışma səsinə yuxudan oyandı. Onu da deyim ki, bizdən yuxarıda həm Azərbaycan kəndləri var, həm də mənfur qonşuların məskunlaşdığı kəndlər. Yuxarıda bir Qalacıq kəndi də vardı, qradlar ordan atılırdı. Onda da kəndin aşağısında yerləşən məktəbimizdə qrad qurğuları quraşdırılmışdı ki, erməni hücuma keçsə, onları susdursun. Nə isə, bir onda yuxudan ayıldıq ki, atışmadır. Allah göstərməsin, qradın da çox dəhşətli səsi var axı. On kilometr kənarda olsa da, elə bilirsən qulağının dibində atılır. Təsəvvür edin, kəndin aşağısından yuxarısına – Qalacığa, Qalacıqdan məktəb ərazisinə atılan qradlar hamısı kəndin içində necə vahimə yaratdı”.

“Əlində avtomat parça-parça oldu”

“Dəqiq yadımdadır, atışma bir saatdan artıq davam elədi. İndi o təfərrüatları xatırlamaq istəmirəm, çünki uşaq yaddaşından silinməyən o sarsıntıları sözlə ifadə etmək asan deyil. Xeyli atışmadan sonra bizim qrad qurğuları düşməni susdurdu. Kənd camaatı arasında ölənlər, yaralananlar da çox oldu. Hərçənd, camaat qabaqcadan hazırlığını görmüşdü. Hazırlıq deyəndə ki, bizdə vəziyyət qarışan kimi hamı zirzəmilərə doluşurdu. Bununla belə, zirzəmiyə girməyən insanlar da vardı. Yadımdadır ki, atamın müəllim yoldaşı vardı, Hüseyn müəllim, onu ermənilər vurmuşdular. Külfəti zirzəmiyə girsə də, kişi evində qalmışdı və əlində avtomat parça-parça olmuşdu. Sonra Alı adlı bir kişi və Həcər adlı bir qadın da həlak olmuşdu o atışmada. O ilk atəş hələ də qulaqlarımda partlayır”.

“Anam qıy-qışqırıq saldı ki, ermənilər kəndə girir, qaçaq”

“Səhər saat altı olardı, atəş səsləri kəsildi. Böyüklərin gözünə yuxumu gedərdi? Əlbəttə, yox. Amma biz uşaqlar yatdıq. Səhər saat səkkiz-doqquz olardı, bir də gördüm anam, bibilərim, qıy-qışqırıq salıblar ki, ermənilər kəndə girir, atışmadır, qaçaq. Onu da deyim ki, qohumlarımızın çoxuyla qonşu idik. Anam əlimizdən tutub qaça-qaça bizi darvazadan çıxardı və kənd aşağı qaçmağa başladıq. Bir onu fikirləşirdik ki, tez qaçaq kənddən. Bütün kənd camaatı da bizim kimi qaçırdı. Həyəcandan həyətdə qumluğun üstündə oynayan balaca qardaşımızı götürmək yadımızdan çıxmışdı. Kəndin aşağısında yerləşən məktəbə çatanda, baxdıq ki, 2 yaşlı qardaşım yanımızda yoxdur”.

“Cəbhə yarılan kimi Cəbrayıl mühasirəyə düşdü”

“Döyüş batalyonunda olan qardaşım kəndə qayıdıb ki, görsün evlərdə kim qalıb, kim çıxa bilməyib. Bu məqamda ən kiçik qardaşımızı həyətdə görüb özüylə götürmüşdü. Biz kənddən çıxandan sonra qardaşım və mamam oğlu kənddə qaldılar və azı 10 gün ermənilərə qarşı döyüşdülər. Əslində, camaatın kənddən çıxarılması bir təxribat idi. Sən demə, erməni hələ kəndə girməyibmiş. Əsgərlərimiz düşməninin qarşısını saxlamışdılar, amma Füzüli tərəfdən cəbhə yarılan kimi Cəbrayıl mühasirəyə düşdü. Mühasirədə ölən və yaralananlar çox oldu”.

“Qardaşımın başında o çapıq indi də durur”

“Biz Beyləqana gəlib çıxdıq. Amma eşitdik ki, qardaşım o döyüşlərdə mühasirədə qalıb. Çox çətinliklə çıxmışdı o mühasirədən. 1992-ci ilə Qızılqaya postunda o biri qardaşım Çingiz Əhmədov çox ağır yaralandı. Qardaşımın başında o çapıq indi də durur. Hərdən ona deyirəm ki, gəl o çapığı lazer yoluyla götürdək, razılıq vermir. Deyir ki, mən bu çapığı götürtsəm, elə bilərəm Cəbrayılı yadımdan çıxar. Kürəyində neçə qəlpə qalıb, baxanda adamın ürəyi qana dönür. 1995-c ilə qədər qardaşım Horadiz əməliyyatında iştirak etdi. Çox uğurlu bir əməliyyat idi o əməliyyat, Füzulinin nə qədər kəndini almışdı qardaşımgil”.

Hovusluda alma, gilas oğurluğu

“Bu cür acılı, nisgilli xatirələrim çoxdur, amma bununla belə xoş xatirələrim də az deyil. İndi danışıram, söz vaxtına çəkər, ağacın başına çıxıb gilas dərməyim yadıma düşür. Məni harada itirsələr, ağacların başında tapmaq olardı. Ya özümüzün, ya da qonşuların bağlarında ağaclarda gəzirdim. Bizim kəndin camaatı mehriban insanlar idi. Elə bilərdin, hamı bir-biri ilə qohumdur. Alma, gilas oğurluğuna getdiyim günlər indi həzin bir xatirə kimi içimi göynədir”.

“O kəhrizin böyrünə uzanıb su içməyin həsrətindəyəm”

“Burada Bakıda insanın ürəyi yanır, suyu da qorxa-qorxa içirsən ki, birdən xəstələnərsən. Amma o ki Cəbrayılda olduğum vaxtlarda buz kimi kəhrizlərdən suyu heç ovcumuzla da içmirdik, elə uzanıb ağzımızı yerə dirəyirdik. Bax, indi o kəhrizin böyrünə uzanıb su içməyin həsrətindəyəm. Deyirəm Allah, kaş indi o yerlərdə olaydım, o kəhrizdən su içəydim. O yarpızların iyi burnumdadır. Adına acı-qıcı deyirlər, kəhrizin yanında bitirdi, onu pendirlə qarışdırıb yeyəndə elə bilərdik, balla qaymaq yeyirik. Onlardan ötrü burnumun ucu göynəyir”.

“Cəbrayıl mənim evim idi, evimə qayıtmaq istəyirəm”

“Soruşursan ki, ordan nəyi götürüb çıxmaq istərdin? İnan ki, heç nəyi. Mən öz evimi, ocağımı, elimi götürüb gələ bilmirdimsə, mənə başqa nə əziz olacaqdı ki? Elə mənim üçün əziz olan evimiz, torpağımız idi ki, biz onu özümüzlə götürüb gələ bilməzdik. O evdə o qədər gözəl xatirələrim olub ki, heç nə yox, elə o evin özünü götürüb gəlmək istərdim. Amma o ev Cəbrayılsız kimə lazımdır ki? Cəbrayıl mənim evim idi, evimə qayıtmaq istəyirəm. Amma indi o evimiz yandırılıb, talan edilib”.

“Yuxuma da girir o tutu çırpdığım şarthaşart səsi”

“Həyətimizdə 3-4 tut ağacı vardı, ağac deyirəm e sənə, nəhəng, qollu-budaqlı, əzəmətli. O ağacın başına çıxıb şarthaşartla çırpardım. Hərdən yuxuma da girir o tutu çırpanda çıxan səs. O səsə ayılıram e yuxudan. Kəndin içindən məktəbə getdiyim o yol o qədər yuxuma girir ki… Kəndin ortasında olurduq biz. Özü də kəndimizdəki yol asfalt yol idi”.

“Müəllimim mənə bir sillə vurdu, gözümdən qığılcım çaxdı”

“Müəllimimin məni vurması, dərs danışmağım-hamısı gözümün qabağındadır. 1990-ci ildə orta məktəbin birinci sinfinə gedirdim. Tərifləmək olmasın, qabiliyyətli, bacarıqlı uşaq olmuşam. Yadımdadır ki, başımı hardasa yarmışdım, sarıq vurmuşdular. Gəldim məktəbə, tənəffüs vaxtı məktəbin hasarının yanına gələndə gördüm, sovetin qoşunu keçir. Ümumiyyətlə, o vaxt sovetin qoşunu tez-tez ordan keçirdi. Nə isə mən onlara baxırdım. Bir onda gördüm ki, müəllimim mənə bir sillə vurdu, gözümdən qığılcım çaxdı. Hətta o sillədən yıxılmışdım da. Durdum ayağa və tez qaçıb girdim sinfə. İndi də o silləni üzümdə hiss edirəm. Çox istərdim müəllimi o silləni mənə yenə də vursun, elə o kənddə, o məktəbin həyətində”.

“Qrad dayılarımı parça-parça etdi”

“Cəbrayıl alınanda birinci gedəcəyim və valideynlərimi aparacağım yer Hacı Qaraman ocağı olacaq. Hacı Qaraman ocağı çox ağır ocaqdı, ətrafında atamın valideynləri, nakam qardaşı, şəhid olan iki dayım dəfn olunub. Dayılarım ikisi də eyni vaxtda şəhid olub. Özü də acınacaqlı bir vəziyyətdə. Cəbrayıl bir ilə yaxın atəş altında yaşayıb axı. Dayılarım ikisi də bir yerdə olanda qrad ortalarına düşüb onları parça-parça etmişdi. Çox xahiş edirəm, o acını yenidən danışmağı məndən istəməyin, çünki mənə çox ağırdır xatırlamaq. Ağlaya bilərəm. Allah heç kəsə göstərməsin, çox dəhşətli bir faciədir”.

“Bu ağrı məni içimdən qovurur”

“Mən atamla-anamı o qəbirlərin ziyarətinə aparardım. Yadımdadır ki, nə qədər insanlar o məzarlıqda basdırılırdı və qohum-tanış tez-tez gedib onları ziyarət edirdi. Əzizləri qəbirlərin otunu-ələfini təmizləyərdilər, üstündə ağlayıb ürəklərini boşaldardılar və evlərinə deyə-gülə qayıdardılar. Amma indi bunu eləyə bilmirlər axı. Yaş üstünə yaş gəldikcə bu insanı daha çox ağrıdır, daha çox yandırır. Bəzən bu ağrı adamın içini vurub dağıdır, düşünəndə dəli olmaq dərəcəsinə çatıram. İnan ki, bu sözlərimdə pafos yoxdur, o yerlərdə doğulan bir insan kimi bu ağrı məni içimdən qovurur. İçimdə ümid var ki, o yerlərə yenidən qayıdacağıq”.

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm