• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Avtomatdan havaya bir neçə dəfə atəş açdım, amma...” – VİDEO, FOTOLAR

“Avtomatdan havaya bir neçə dəfə atəş açdım, amma...” – VİDEO, FOTOLAR

“Könlüm keçir”də tanınmış jurnalist, “Media forum” saytının əməkdaşı İmdad Əlizadədir. O dəhşətli günlərdə atası 54 gün mühasirədə qalan Laçın rayonunun Oğuldərə kəndindən olan laçınlı balası...

Qaraağacı, Qızılqaya, Mehdili düzü...

“22 ildir bizim ailədə hər gün Laçından, Oğuldərədən danışılır, elə bir gün yoxdur ki, o yerləri yad etməyək. Başqa rayonları, hətta televiziyada göstərilən xarici ölkələrin füsunkar yerlərini qiymətləndirməyin bir meyarı var bizim ailədə: “Laçına, Oğuldərəyə oxşayır, bizim yerlər kimidir, necə də Çalbayıra, Qaraağacıya, Qızılqayaya, Mehdili düzünə, Yellikədiyə bənzəyir”. Kimdənsə, nədənsə danışanda atam “bizim yerin insanları xasiyyətdədir, bizim yerlərin havasına, təbiətinə, suyuna, məhsuluna oxşayır” deyir. Anam televiziyada əsasən təbiət verlişlərinə baxır, verilişdə haranı göstərmələrindən asılı olmayaraq, Laçınla, kəndimiz Oğuldərə ilə müqayisə edir. Ailəmizdə “bizim yerlərin təbiəti daha gözəldir, əvəzi, bənzəri yoxdur, o yerlər heç hara ilə müqayisə oluna bilməz, bizim camaat heç vaxt belə hərəkət etməzdi” kimi fikirləri hər gün eşitmək olar. Qışda qar yağanda, yazda ağaclar çiçək açanda, ərtaf yaşıllaşanda, yayda istidən qovrulanda, payızda leysan yağanda Lacından, Oğuldərədən danışırıq, müqayisə edirik, sözlə o yerlərə gedib-qayıdırıq. Əslində, könlümüz o yerlərdən tez-tez keçmir ey, könlümüz orada qalıb, ruhumuz, mənəvi qida mənbəyimiz Lacında, Oğuldərədədir, buralara gəlib çıxan cismimizdir, Təəssüflər olsun ki, indi bizim əlimizdən o yerləri yadda saxlamaqdan, unutmamaqdan başqa heç nə gəlmir. Əslində, belə olmamalıdır, biz o yerlərə qayıtmaq üçün nəsə etməliyik. Amma edirikmi?”

Laçının sözlə çəkilən rəsmi...

“Laçının adı ilə bağlı müxtəlif fikirlər var. Bir ehtimala görə, Laçın qədim türk tayfalarından birinin adıdır, həmin tayfa indiki Laçın ərazisində yaşayıb, rayonun adı da oradan götürülüb. Bundan başqa, Laçının mərkəzi hissəsində eyni adlı dağ var. Bəzi tədqiqatçılar hesab edirlər ki, rayonun adı həmin Laçın dağı ilə bağlıdır. Laçının mərkəzindən 70 km. uzaqda yerləşən Oğuldərə kəndində anadan olmuşam. Orada 13 il yaşamışam və rayonumuz işğal olunanda kiçik yaşlarda olmuşam. Ona görə də Laçında daha çox öz kəndimizi və qonşu kəndləri xatırlayıram. Uşaq yaddaşı güclü olur və kəndimiz hər dağı, təpəsi, daşı, çığırı yaddaşımdadır, bir an olsun belə gözlərimin önündən getmir. Heç getməsi də mümkün deyil. Sözlə kəndimizin təsvirini tam verə, rəsmini çəkə bilərəm. Oğuldərə dağların ətəyində, çayın kənarında gözəl bir kənddir. Bəli, indi də gözəldir, nə olsun ki, biz orada deyilik, amma o yerlərin gözəlliyi olduğu kimi qalır.

Əriməyən qar...

“Bizim yerlərin qışı çox sərt keçir. Noyabrın əvvəlində yağan qar aprelin sonunadək yerdə qalırdı. Demək olar ki, hər gün qar yağırdı. Amma bunun da öz gözəlliyi vardı. Yazı və yayı isə əsl cənnətməkan olur. Dağlar, meşələr yaşıllaşır, gül gülü, bülbül bülbülü çağırır. Bizim yerlərin çox təmiz havası, safsulu bulaqları var, çox səfalı yerlərdir. Əvvəllər qış aylarında bizim yerlərdə yaşayış o qədər də asan olmayıb. Amma son illlərdə, mənim yadıma gələn dövrdə, hətta ondan bir xeyli əvvəl yaşayış asanlaşmışdı. Maşın yolu, daimi işıq vardı. İnsanlar yay aylarında tədarüklərini görürdülər, ərzaq ehtiyatı yığılırdı, yandırmaq üçün odun gətirilirdi, qışda elə bir əziyyət olmurdu. Məktəbə gedirdik, evə qayıdırdıq. Bax, beləcə, çox gözəl yaşayırdıq. Heyif, o yerlərdən, heyif, o günlərdən”.

Havaya açılan atəş, deşik-deşik olan mağar...

“Laçın təbiəti çox sərtdir. Bu sərtlik insanların xarakterinə də təsir edib. Laçın camaatı çox qoçaq, bacarıqlı, cəsarətli, mərd olurlar. Yaz olanda kənd yaylağa çıxırdı. Qocalar isə kənddə evlərində qalırdı. Yaylaqlarımız kənddən bir neçə kilometr aralıda yerləşən Yellikədik, Elyolu adlanan ərazilər idi. Bütün mal-qoyunu yaylağa aparırdıq. Kəndin ətrafında olan ərazilər isə biçənəklər kimi qorunurdu, otu biçilirdi və qışa tədarük edilirdi. Yaylaqda günlər maraqlı keçirdi. Laçınlıları fərqləndirən xüsusiyyətlərdən biri ağsaqqal sözünün çox keçərli olmasıdır. Kəndimizdə gəlinlər başı örtüklü, ağızları yaşmaqlı olurdu, ağsaqqallarla danışmırdılar. Anam Tərtər rayonunun Hüsənli kəndindən Oğuldərəyə gəlin gəlib. Kəndimiz işğal olunan dövrdə anam artıq 15 il idi ki. Oğuldərədə yaşayırdı. Amma hər zaman yaşmaqlı olurdu, ağsaqqallarla danışmırdı... Kəndimizdə yas düşəndə heç kim iş görməzdi, mərhumun qırxının çıxmasını gözləyirdi. Cavan rəhmətə gedənlərin yası isə bir il tutulurdu, hamı xeyir işini təxirə salırdı, ilin çıxmasını gözləyirdi. Bizim yerlərdə qız qaçırma geniş yayılmışdı, evlənənlərin əksəriyyəti qız qaçırma yolu ilə edirdilər bunu. Amma sonra da toy olurdu. Toy, adətən, iki gün davam edirdi. Bir də görürdün kimsə rəqs edir, birdən belindən tapançanı çıxarırdı, havaya atəş açırdı. Toy mağarının üstündəki çadır deşik-deşik olurdu. Toylarda ən yadda qalan hissələrdən biri bəytərifi idi. Bəyə elə tərif vururdular ki, dinlədikcə elə bilirdin tanımadığın bir insan haqda danışılır...”

Buz bağlayan xatirələr...

“Bizim yerlərdə uşaqlar qar yağmasını və Novruz bayramını səbirsizliklə gözləyirdilər. Qar yağmağını ona görə gözləyirdik ki, doyunca xizək sürürdük, buz üstə sürüşürdük. Hələ yay aylarından başlayaraq xizək düzəldirdik. Xizək yayda düzəldiləndə qışa qədər taxtası quruyur və buz üstə yaxşı sürüşür. Bunu valideynlərdən gizli, xəlvətdə edirdik. Çünki uşaqlar xizəyi nə qədər çox arzulasalar da, valideynlərimiz, doğmalarımız əlimizdə görən kimi alıb sındırırdılar. Çünki xizək sürdüyümüz yollar buz olurdu və insanlar oradan keçəndə yıxılırdı. Elə ki qar yağmağa başladı, axşamın düşməsini gözləyirdik, hamı evə yığılandan sonra qarı bellə, ayaqla hamarlayırdıq, ora vedrələrlə su daşıyıb tökürdük və səhərə qədər buz olurdu. Səhər açılanda görürdük ki, xizək sürmək istədiyimiz yerlər qəşəng buz bağlayıb. Orada saatlarla sürüşürdük. Amma yenə də böyüklər bizə imkan vermirdilər, elə olurdu xizəyimizi hər gün sındırırdılar, heç elə bil özləri xizək sürməyib. Biz də gecəylə düzəldirdik, sabahı gün yenə də xizək sürürdük...”

“Cahan bibimin pay verdiyi yumurtanı sındıran olmadı”

“Novruz bayramı da bizə xüsusi sevinc gətiriridi. İlk çərşənbədən başlayaraq Novruz bayramına qədər yumurta döyüşdürürdük. Buna da xüsusi hazırlaşırdıq. Biz uşaqlar arasında yumurtanın bərk olması, döyüşdürəndə sınmaması ilə bağlı müxtəlif əfsanələr dolaşırdı. Məsələn, yumurtanı hələ aylar öncədən unda basdırırdıq, yaxud toyuqlara düyü verirdik. Yumurta da valideynlərlə biz uşaqlar arasında münaqişə predmeti idi. Elə ki, ilk çərşənbə oldu, evdə yumurta tapılmırdı, toyuqların yanında dayanıb yumurtlamasını gözləyirdik və götürüb yumurta döyüşdürməyə gedirdik. Bir də eşidirdik ki, kəndin o biri başında filankləsdə bir yumurta var, onunla 18-ini sındırıb. Yumurtanın sahibinin adı əfsanə kimi dolaşırdı. Bir dəfə Cahan bibim mənə bir yumurta pay vermişdi, onunla 15 yumurta udmuşdum. Sonra uşaqlar vurub cibimdə sındırdılar. Çünki onlarda yumurta qalmırdı...

Ermənilərin yandırdığı məktəbdə tökülən göz yaşı...

“Mən kəndimizin abad vaxtını, işğala məruz qalmasını və yandırılaraq viran qoyulmuş vəziyyətini də görmüşəm. Kəndimizi necə didərgin düşməsi, insanların ağlaya-ağlaya öz yurd-yuvalarını tərk etməsi gözlərimin önündədir. Ermənilərin yandırdıqları məktəbizimin xarabalıqları arasında ağlaya-ağlaya gəzib dolanmışam. Oxuya, oxuya, yüksək əhvali-ruhiyyədə cəbhəyə gedən əsgərlərimizi, evimizdə qonaq etdiyimiz hərbiçiləri, 40-50 nəfərlik dəstələrlə döyüş meydanından qaçan, dumana-çiskinə düşərək qarlı dağlarda azan hərbçiləri, cəbhədə şəhid olmuş əsgərlərin meyitləri ilə dolu maşınları xatırlayıram.

Oğuldərəyə vurulan od...

“Mən ən böyük qorxunu da Laçında-Oğuldərədə yaşamışam. Ermənilər 1992-ci ilin mayında Laçını işğal etmişdilər. Həmin ilin iyul-avqust aylarında Azərbaycan ordusu hücuma keçmişdi, uğurlu əməliyyatlarla Laçının böyük hissəsini, o cümlədən bizim kəndimiz işğaldan azad etmişdi. Biz yayı Murovdağının ətəyində çadırlarda keçirmişdik, oktyabrın sonunda isə köçüb kəndimizə qayıtmışdıq. Amma nə bizim, nə də qonşuluqda olan kəndlərin sakinlərinin hamısı qayıtmamışdı, Oğuldərə kəndində 150-dən artıq ailədən cəmi 20-si kəndə qayıtmışdı. Ermənilər Oğuldərəni və qonşu kəndləri işğal edən zaman evlərin çoxunu yandırmışdlar, bütün infrastrukturu, işıq xətlərini sıradan çıxarmışdılar. İşğaldan azad olunan kəndlər bir növ yarımxarabalıq idi. Yaşayış yox idi, evlər yandırılmışdı, işıq yanmırdı...”

“Avtomatdan havaya bir neçə dəfə atəş açdım, amma...”

“1993-cü ilin fevral ayı idi. Bizim yerlərdə yanvar-fevral aylarına “qışın oğlan çağı” deyilir. Demək olar ki, hər gün qar yağır, hər tərəf ağappaq olur, evdən çölə çıxmaq olmur, yollar bağlanır, çaylar, bulaqların əksəriyyəti donur. 1993-cü ilin qışı isə çox sərt keçdi. Yaşlı insanlar danışırdılar ki, Oğuldərədə qışın belə sərt keçdiyi olmayıb. Fevral ayında bir neçə gün davamlı qar yağandan sonra hava qismən mülayimləşmişdi, qar kəsmişdi. Atam bir işlə əlaqədar olaraq məni Oğuldərədən 4 kilometr aralıda yerləşən qonşu Qorçu kəndinə göndərmişdi. Mən Qorçuda Manaf dayıgilə getməli, məktəblə bağlı bir sənədi götürməliydim. Getdim, amma Manaf dayı evdə deyildi. Ailə üzvləri dedilər ki, meşəyə gedib, gələcək. Oturub gözlədim, çox gec gəldi Manaf dayı. Artıq qaranlıq düşürdü. Manaf dayı təkid etdi ki, qal, sabah gedərsən. Amma atam məni iş üçün göndərmişdi, qala bilməzdim və evə qayitmalıydım. Oğuldərə ilə Qorçu arasında isə Zağaltı kəndi yerləşir. Zağaltında isə mənim xalamgil yaşayırdı və evləri yolun kənarındadır. Evə qayıdanda xalamoğlu Balakişini gördüm evə dəvət etdi getdim, bir az söhbət etdik. Axşam saat on olardı, evimizə yola düşdüm. Zülmət qaranlıq idi. Yolda məni vahimə bürüdü. Kənddə yaşayanda özünü müdafiə üçün atama verilmiş avtomat silahını da götürmüşdüm. Avtomatdan havaya bir neçə dəfə atəş açdım, amma qorxumu boğa bilmədim. Mənə elə gəlirdi ki, ermənilərin mühasirəsinə düşmüşəm, hər tərəfdən üstümə gəlirlər, daşların arxasından kimsə çıxır. Buz örtüklü yolda zülmət qaranlıq gecədə atı dördnala çapırdım ki evə çatdım. Belə bir vəziyyətdə at nədənsə hürkdü, amma büdrəmədi, yıxılmadı”.

“Atam məni görəndə dəhşətə gəldi”

“Həmin vaxt bizim kəndimizdə Şuşa polisi yerləşirdi. Mən kəndə çatanda gördüm ki, polislər hamısı tam döyüş vəziyyətində həyətdədirlər. Mənim açdığım atəşi eşitmişdilər. Polisləri görəndə, daha doğrusu səslərini eşidəndə bir qədər toxdadım, özümə gəldim. “Dayan!” əmri verdilər, adımı dedim. Amma yanlarında dayanmadım, atı sürüb evimizin qabağına gəldim. Atam həyətə çıxdı, məni görəndə dəhşətə gəldi. Qorxudan hələ də tir-tir əsirdim. Soruşdu ki, nə olub sənə, cavab verə bilmədim. Bizim yerlərdə nədənsə qorxan adama yağ dağ edib verirlər, şərbət verirlər. Anam şərbət verdi içdim, özümə gəldim. Amma o gecə yaşadıqlarım mənim həyatda ən böyük qorxum olub”.

“Qonşu kəndlərdən Oğuldərəyə gəlin köçəndə hamı deyirdi ki...”

“ Əlbəttə, xəyalən Laçına gedirəm, o yerlər haqda danışanda gedirəm. Ən çox da uzaq bir səfərə çıxanda bütün yol boyu xəyal edirəm o yerləri... Heç də bütün insanlar həyatlarının sonunadək doğulduqları yerdə yaşamırlar, milyonlarla insan təhsil, iş, yaxşı yaşayış ümidi ilə kəndini, rayonunu, hətta ölkəsini tərk edir. Elə mənim doğma kəndim Oğuldərədən də onlarla insan başqa şəhərlərdə, rayonlarda məskunlaşmışdı. Amma bizim köçməyimiz faciə idi. Çünki evimizdən, kəndimizdən könüllü çıxmamışıq, bizi buna məcbur ediblər. Biz təhsil, iş, yaxşı yaşayış üçün doğma yerlərimizi tərk etməmişik, erməni quldurlarından qurtulmaq, sağ qalmaq naminə canımızı götürüb qaçmışıq, başqa çıxış yolumuz yox idi. Həyatda insan üçün ən ağır dərdlərdən biri də doğma torpağını, kəndini, evini məcburiyyət qarşısında tərk etməkdir. Bu dünyada bir qəriblik dərdi var. İstər könüllü, istərsə də məcburiyyət qarşısında öz doğma elindən köçüb başqa yerlərdə - qürbətdə yaşayanlara həm də qərib deyirlər. Bizim tərəflərdə qəribə xüsusi qayğı ilə yanaşırdılar. Başqa rayonlardan, hətta qonşu kəndlərdən Oğuldərəyə gəlin köçəndə hamı deyirdi ki, filankəs qəribdir, burda heç kimi yoxdur, ona dayaq olmaq lazımdır. Anam, nənəm həmişə deyərdi ki, filankəs qəribdir, qürbət ellərdə yaşayır, onun vəziyyəti yaxşı ola bilməz”.

“Yuxuda görürəm ki...”

“Tez-tez yuxuda görürəm o yerləri. Amma çox qəribıdir ki, heç vaxt yanmış evlər, xarabalıqlar görmürəm. Yuxuda gördüyüm kəndimizin işğaldan əvvəlki vaxtları olur. Bir də dağlar”.

Çalbayırdan görünən Oğuldərə...

“Bizim kəndin qarşısında Çalbayır dağı var, əslində, elə də böyük dağ deyil, amma ora Oğuldərənin qənşəridir, oradan baxanda bütün kənd görünür. Birinci Çalbayıra qalxardım. Oradan kəndimzi seyr edərdim. Bilirəm ki, kəndimiz xarabalıqdır, bütün evlər yandırılıb, dağıdılıb, orada yaşayış olduğuna inanmıram. Təki torpağımız alınsın, o xarabalıqları da görmək xoş olar, bağrımıza basarıq o yanmış torpağı. Çalbayırdan düşüb, evimizə gedərdim, düz evimizə... Həyətdə hər zaman üzərində oturduğumuz bir böyük daş vardı, onu tapardım, oturub dincimi alardım...”

“Dedilər erməni gəlir, kənddən təcili çıxmasanız...”

“Bizim ailə 1992-ci ilin mayında və 1993-cü ilin martında kəndimizi tərk etmək məcburiyyətində qalıb. Hər iki didirginlik gözlərimin önündədir və birinci ilə müqayisədə ikinci daha dəhşətli idi. 1993-cü il martın sonlarında Oğuldərədən bir neçə kilometr aralıdakı cəbhə bölgəsindən həyəcanlı xəbərlər gəlirdi. Martın 31-də səhər sübhdən yuxudan oyandıq. Həmişə olduğu kimi mal-qoyuna ot verdik, anam inəkləri sağdı və evə qayıtdıq. Kənddə sakitlik idi. Səhər yeməyi üçün süfrə arxasında oturduq. Atam dedi ki, tələsir, Ərikliyə gedəcək. Anam samovardan çay süzürdü. Ancaq heç kim bir tikə də çörək yeməmişdi. Oturduğumuz otağın pəncərəsindən kəndə daxil olan yol görünürdü. Kəndimizə iki nəfər hərbi geyimli şəxs gəldi. Atam söylədi ki, Laçın polisinin əməkdaşları idi. Biri qorçulu Cəfərin oğlu Zöhrabdır. Atam həyətə çıxdı, biz də onun ardınca. Atama dedilər ki, vəziyyət çox ağırdır: “Laçın cəbhəsindəki bütün qüvvələr mövqelərini tərk eləyib. Ermənilərlə üzbəüz olan postlarda heç kim qalmayıb. Erməni hərbi birləşmələr heç bir maneəyə rast gəlmədən bura yaxınlaşırlar. Təkcə siz qalmısınız. Təcili kəndi tərk eləyin”.

54 günün acısı, pərən-pərən düşən ailə...

“Hərbçilər bunu deyib getdilər. Biz isə erməni mühasirəsindən çox çətinliklə çıxa bildik, Allah bizi qorudu. Ailəmiz dörd hissəyə bölünmüşdü, heç birimizin də digərindən xəbəri yox idi. Amma gec də olsa bir yerə toplana bildik. Bu isə 54 gündən sonra mümkün oldu. Atam Əli Əliyev erməni mühasirəsində qalmışdı və 54 gündən sonra gəldi...”

“Erməni işğalı bizə uşaqlığımızı normal yaşamağa da imkan vermədi”

“Fotolarimizın demək olar ki, hamısı Laçında qaldı. Fotolar insan həyatının müəyyən anlarını əks etdirir, keçmişdən bir xatirə kimi qalır. Ermənilər bizim yalnız torpaqlarımızı işğal etməyiblər, xatirələrimizi, xəyallarımızı puç ediblər. Atama ən ağır təsir edən məsələlərdən biri də fotolarımızı, özünün əlyazmalarını götürə bilməməsidir, hər dəfə söz düşəndə bu barədə ürək yanğısı ilə danışır. İndi sizə verə biləcəyim bir dənə də olsun uşaqlıq şəkilim yoxdur. Erməni işğalı bizə uşaqlığımızı normal yaşamağa da imkan vermədi”.

“Oğuldərədən nəyisə götürmək təsəlli ola bilməz”

“Soruşursan ki, ordan nəyi götürüb çıxara bılmədiyinə təəssüfənirsən?Laçından, Oğuldərədən nəyisə götürmək təsəlli ola bilməz. Nəyi də götürmək mümkün olasa, axi insan torpağı kürəyinə şəlləyib harasa apara bilməz. Ən böyük itki torpaq itkisidir. Həsrət də, təəssüf də, torpaq itkisi ilə bağlıdır. Biz evimizdən, mülkümüzdən, mal-qoyunundan heç nə götürə bilməmişik. Amma bunlar heç yada da düşmür”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR