• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tanınmış sənətçi: “Lapatka” ilə məni o qədər döydü ki...” – VİDEO, FOTOLAR

Tanınmış sənətçi: “Lapatka” ilə məni o qədər döydü ki...” – VİDEO, FOTOLAR

“Könlüm keçir”də həmsöhbətim gənc xanəndə, səhnəmizin Məcnunu, Əməkdar artist, Prezident mükafatçısı Səbuhi İbayevdir.

Ağdərənin altında, Qərvəndin böyründə...

Ağdamın Nəmirli sovetliyinin Şurabad kəndindənəm. 1976-cı ildə həmin kənddə dünyaya göz açmışam və demək olar ki, ömrümün ən gözəl çağlarını Şurabadda keçirmişəm. İlk gəncliyim orda keçib. Nə vaxtsa ağlımın ucundan keçməzdi ki, vaxt gələcək Şurabad haqqında nisgilli xatirələr söyləyəcəyəm. Fələyin işinə bax, adamı harda yaxalayarmış. Bizim Şurabad Ağdərənin altında, Qərvəndin böyründə yerləşirdi.

Qəfildən darvazadan çölə bir qrad düşdü

O dəhşətləri yadıma da salmaq istəmirəm, amma danışmaq məcburiyyətindəyəm. Danışdıqca dişim bağırsağımı kəsir, əlimdə çatmır, ünüm, səsim yetmir o yerlərə. Şurabaddan ayrıldığım gün mənim üçün ölümə bərabər idi. Gecə dəhşətli atışma başladı. Ta səhərə qədər bu atışmanın səsindən gözümüzə yuxu getmədi. Səhər lap erkəndən bacım həyətə çıxdı ki, görüm bu nə səsdir? Bacım darvazaya yaxınlaşanda qəfildən darvazadan çölə bir qrad düşdü. Bacıma heç nə olmadı, amma uzun müddət yaşadığı stressdən çıxa bilmədi. Biz elə həmin gün yığışıb Ağdamın Dördyol deyilən ərazisinə gəldik və çadır qurub orda qaldıq.

Cıdır düzündən başlanan tanışlıq

İndi sual verirsən, yadıma uşaq vaxtı keçirdiyim o gözəl günlər düşür. Biz hər il Ağdamın Abdal-Gülablı kəndində, Şuşanın Cıdır düzündə, Xəlfəli kəndində düşərgələrdə olurduq. İndiki kimi yadımdadır. Cıdır düzündə düşərgədə idik. Ora da kimlər gəlib dincəlmirdi, Bakıdan, bütün Azərbaycandan məşhur insanlar istirahət üçün Şuşanı seçirdilər. Yeyib-içib, kabab çəkib o gözəl havanın dadını çıxarırdılar. Mənim Xan Şuşinski adına Ağdam musiqi məktəbinə qəbul olunmağımın da elə səbəbkarı həmin o Cıdır düzündə başlanan tanışlıq oldu. Mən düşərgəyə gedəndə həmin məktəbin direktoru Rafiq Rüstəmov də ordaymış. Mən uşaqlara qoşulub futbol oynayan zaman o vaxtlar dəbdə olan xalq mahnılarını zildən necə oxumuşamsa, məktəb direktorunun diqqətini çəkmişəm. Bir də gördüm, bir kişi qolumdan yapışıb məni özüylə aparır. Onun məsləhəti ilə musiqi məktəbinə daxil oldum. Özü də ən fəal və ən istedadlı uşaq idim, səsim-sorağım bütün Azərbaycana yayılmışdı. Yadında olar, “Xarı bülbül” festivalında üçümüz çıxış edirdik – Habil, mən, bir də ustad sənətkarımız Qədir Rüstəmov. Orda göy ranşel kostyumlu oğlan var ha, bax, o mənəm. İndi dəyişmişəm yəqin. Bütün bölgələrimizi gəzib konsertlər verirdim.

Yalvarırdım ki, qoy Çay evinə tək gedim

Ağdamın məşhur Çay evi vardı, məktəbimizə çox yaxın bir ərazidə yerləşirdi. Ölürdüm o Çay evində oturub qazankotleti yeməkdən ötrü. Uşağı idim, orta məktəbin aşağı siniflərində oxuduğum vaxtlardan danışıram sizə. Atamın yaxşı imkanı vardı, kəndin hesabdarı idi, məni yaxşı dolandırırdı. Məktəbə maşınla göndərməyə də imkanı çatırdı, amma yalvarırdım ki, qoy Çay evinə tək gedim. Uşaq idim, orda tək oturub yemək sifariş edəndə qürurlanırdım. Dərslərimi yaxşı oxuyurdum ki, atamın etimadını qazanım və o mənə icazə versin. Verirdi də. Çay evinin yanında bir park vardı, yeməyimi yeyəndən sonra o parkda gəzişirdim.

Artezianın başında durub istədiyim qıza baxırdım

Bu gün də istəyirəm o çağları yenidən yaşayım. O yerlər yuxuma girəndə heç ayılmaq istəmirəm. Qarabağla bağlı silsilə yuxular görürəm. Yuxuma girir kəndimizdəki artezian. Yadımdadır ki, qızlar o arteziandan suyu səhənglə daşıyırdılar. Böyüklü-kiçikli kənd camaat o artezianın başına yığışardı, dərdləşərdi. Cavanlar qızlara söz atardı, oğrun baxışlarla süzərdilər bir-birlərini. Elə mən özüm də o qədər artezianın başında durub istədiyim qıza baxırdım ki…

Məşhur çay evi və döyülən oğlan

Madam ki, məktəb illərindən söz düşdü, qoy bir xatirəni də danışım. Məktəbdə oxuyanda internat uşaqları vardı kənddə, onlar məni möhkəm qorxutmuşdular. Mən Çay evinə yemək yeməyə gedirdim, əlimdə də “kukruz”. Qəfildən bir dəstə uşaq mənə sarı cumub əlimdəki “kukruz”u və yemək pulumu aldılar. O vaxtlar xanəndə vardı Yetim Paşa – Qarabağın məşhur oxuyanlarından idi, onun oğlu gəlib məni onların əlindən aldı. Yoxsa məni döyəcəkdilər. Onda möhkəm qorxmuşdum.

Qız üstündə o qədər döyülmüşəm

Qız üstündə o qədər döylmüşəm. İndi yadıma düşür bir-bir. Qızgilin məhəlləsinə gedirdim, qapılarının ağzında dayanırdım ki, bayıra çıxanda görüm. Bu da qızın məhəllə oğlanlarına xoş gəlmirdi axı. Oğlanlar bibiuşağı, mamaoğulları yığışıb, ağdamlıların təbirincə desəm, məni budayıb buraxırdılar.

Atamın, əmimin maşınını o qədər vurub əzmişəm ki…

Şurabadla bağlı o qədər xatirələrim var ki… Maşın sürməyi çox xoşlayırdım. Atamın, əmimin maşınını o qədər vurub əzmişəm ki... Uşaqlarda yaş dövrü olur axı, 14-15 yaışnda özlərini göstərmək istəyirlər. Mən də onda atamgilə yalvarırdım ki, maşını versinlər sürüm. Evdən maşını quzu balası kimi sakit sürüb çıxarırdım, axşam evə əzilmiş maşınla qayıdırdım. Ya şalbana vururdum, ya kolluğa girirdim, ya da maşınla bərabər arxa tullanırdım. Üç-dörd dəfə traktor, motosikl aşırmışam. Həmin o avtomobil qəzalarında qıçımı-qolumu qırmışam. Yəni, belə dəcəl bir yeniyetmə olmuşam.

Həyətdə məni “lapatka” ilə o qədər döydü ki…

Atam iş adamı olsa da, bizə çox nəzarət edirdi, bir baxışından qorxardım. Şurabadda adət idi, biz cavan uşaqlar malı, qoyunu örüşdən gətirib yemləyəndən sonra kənddə yığışardıq. Anam da həmişə mənə deyirdi ki, bala, atanın xasiyyəti ağırdır, tapşırıb ki, Səbuhi axşam saat doqquzdan gec evə gəlməsin. Anam bunu bir-iki dəfə təkrarlasa da, mənə xeyri olmurdu. Bir dəfə yığışmışdıq yenə çayxanaya. Domino oynayırdıq. Bir onda gördüm ki, arxadan mənə bir qapaz vurdular, gözümdən qığılcım çıxdı. Dönüb baxdım ki, atamdır. Bir kəlmə dedi ki, sənə deməmişdim, evə gec gəlmə. Məni qatdı qabağına gətirdi evə. Həyətdə məni “lapatka” ilə o qədər döydü ki, şil-küt oldum. O-bu, atamdan çox qorxuram.

İndi Şurabaddakı həyətimizdə gül-gülü çağırır

Söz vaxtına çəkər, indi Şurabaddakı həyətimizdə gül-gülü çağırır, bülbül də gülü. Azərbaycanda nə meyvə varsa, hamısı bizim kənddəki həyətimizdə vardı. Bir məhəlləmiz vardı, bütünlüklə çiyələk və yoncalıqdan ibarət idi. Bir məhəlləmiz də vardı, orda qarpız-yemiş, göy-göyərti, tərəvəz əkərdik. Bostan deyirlər ona.

Uşaqlar dedi ki, ə, ölümə gedirdiniz, Allah saxladı

Bu yaxınlarda döyüş yoldaşımla o illərdən danışırdıq. Bir hadisəni xatırladıq. O vaxt biz kəşfiyyat dəstəsində idik və doğma kəndim Şurabadda keşik çəkən ermənilərə göz qoyurduq. Ara məsafəmiz 30-40 metr olardı. Kənardan onları müşahidə edirdik. Ermənilər də 20 metrdən bir dayanmışdılar. Qəfildən ürəyimdən keçdi ki, gecə ermənilərin gözündən oğurlanıb məhəlləmizə gedim, həyəti-bacanı gəzim gəlim. Qarağac ağaclarının arası ilə xəndəyə düşüb irəlilədik. Qabaqda da tək çinar vardı. Elə o çinarın yanına çatmışdıq ki, erməni snayperlə atdı. Bizi görməmişdilər, amma döyüşçü dostumun çiynində “ratsiyanın” qalın antennasını sezmişdilər. O saat da atmışdılar. Allah istədi, oğlana heç nə olmadı, dərhal da gəldiyimiz kimi geri qayıtdıq. Özü də biz qayıdana qədər erməni atəş açırdı. Uşaqlar dedi ki, ə, ölümə gedirdiniz, Allah saxladı.

Qarabağ bu saat alınsa…

İndi Bakıda gözəl şəraitdə yaşayırıq, istər burda, istər xarici ölkələrdə konsertlər veririk, Allaha min şükür, beşdən-üçdən qazanıb dolanırıq. Amma Allaha and olsun, Qarabağsız heç nə gözümə görünmür. İnan ki, Qarabağ bu saat alınsa, hər şeyimi atıb o torpağa üz tutaram.

Xındırıstanı keçdik, Ağdamın sərhəddində…

Bu yaxınlarda Qəzənfər Abbasovu tanıyarsan yəqin, Asəf Zeynallı adına musiqi Kollecinin dəyərli müəllimi, onların rayonunda bir yas mərasimi vardı. Firuz Məmmədovla birgə ora getdik. Xındırıstanı keçdik, Ağdamın sərhədində dayandıq. Firuz da, mən də bir-birimizin üzünə baxmadan ürəyimizdə hansı hisləri keçirdik, onu bir Allah bildi. Heç birimiz nə dindik, nə də danışdıq.

Bərdədən çıxanda gördüm Arif müəllim astadan “Segah” oxuyur

Bu yaxınlarda yenə də ustadım, dəyərli sənətkar, üzərimdə böyük haqqı olan Arif Babayevlə yolumuz o yerlərə düşmüşdü. Cənab Prezidentimizin qaçqınlara ev verməyi münasibəti ilə Quzanlıda böyük bir konsert təşkil olunmuşdu. Biz də ora çıxış etməyə getmişdik. Bərdədən çıxanda gördüm Arif müəllim astadan “Segah” oxuyur. O, Dördyoldan da dönəndə Şahbulaq görünür axı. Arif müəllim necə təbə gəlmişdisə, qayıtdı ki, ə Səbuhi, buralarda bir yer olsa, oturardıq, doyunca bir hava alardıq. Quzanlıda elə oturduq da. İnanın ki, burda olsam da, qəlbim o yerlərdə qalıb.

Evimizin üstü sökülüb, quru divarları qalıb

Günü bu gün desələr ki, Ağdama döyüşə getmək lazımdır, bütün hər şeyimi, sənətimi burda qoyub döyüşə gedərəm. Atamgil Ağdamın Dördyolu deyilən ərazisində yaşayır. Ordan keçdin, o yanı Ağdamdır. Atamgil əvvəl Dördyolda qalırdı, amma kişi tab gətirmədi, bizim kənddən sonra Təzəkənd deyilən bir kənd var, orda məskunlaşdı. Ordan kəndimiz görünür, cəmi beş yüz-altı yüz metr məsafə ayırır kəndimizdən bizi. Mən kəndimizə gedəndə ordan saatlarla kəndimizə baxıram. Evimizin üstü sökülüb, quru divarları qalıb.

Deyir, burdan getsəm, həmin gün ürəyim partlar, ölərəm

Atam elə bir az maldan-qoyundan alıb başını girləyir. Deyir, burdan getsəm, həmin gün ürəyim partlar, ölərəm. Hər gün ordan Şurabadın havasını udur, o kəndlə yaşayır. Gözünü zilləyib saatlarca o kəndə baxır-baxır, yorulmur. Mən elə orda döyüşmüşəm. Erməninin yetmiş-səksən metrliyində bizim səngərimiz vardı. Orda silah atılanda elə bilərdin evin içində atılır. Bax indi ermənilərin Göytəbədə hərbi məşqləri olur. Həmin vaxt atışma səsindən atamgil evdə otura bilmir. Amma bununla belə gözlərində bir damcı qorxu-hürkü yoxdur. Atama lap güllə dəysə də belə, heç vaxt ordan çıxmaz. Kişi o yerlərlə nəfəs alır. Hərdən deyirəm ki, gəl gedək Bakıda yanımda qal, sənə qulluq edək. İnanın ki, mən onu bir gecə güclə saxlayıram evimdə, səhəri çıxıb gedir.

Qərar verdim ki, döyüş batalyonunda xidmət etməliyəm

Ulu öndərimiz atəşgah imzalayandan sonra qərar verdim ki, döyüş batalyonunda xidmət etməliyəm. Çünki dayana bilmirdim, mənim bütün həyatım Ağdamda keçmişdi və onun alınmasını göz-görə qəbul edə bilmirdim. Buna görə də əsgərliyə yollandım. Dörd ilə yaxın cəbhə bölgələrində oldum – artelleriya və kəşfiyyat dəstəsində idim.

Əsgərlərin bir patronu qalırdı, amma geri qayıtmırdılar

Atam Tahir özü də könüllü döyüş batalyonunun komandiri olub. Ağdərə, Güllücə, Paprəvənddə döyüşlərdə olub. Atam orda döyüşən əsgərlərdən danışanda adamın əti ürpənirdi. Atam deyirdi, əsgərlərin bir patronu qalırdı, amma geri qayıtmırdılar. Deyirdilər ki, gedib ən azı bir ermənini öldürüb onun silahını götürəcəm. Bax belə ürəkli oğlanlar vardı.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR