• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

200 insanın qatili: “Buz adam” ləqəbli killer - VİDEO - FOTO

200 insanın qatili: “Buz adam” ləqəbli killer - VİDEO - FOTO

Onun haqqında əfsanələr gəzir. Amerika mafiyasının ən qəddar muzdlu qatili Riçard Kuklinskini deyirəm. O, italyan deyil. Amerikada doğulmuş etnik polyakdır. "Buz adam" ləqəbi ilə məşhurdur. Qurbanlarını öldürdükdən sonra soyuducuda dondururdu. Belə olan halda məhkəmə-tibb ekspertizası qurbanın ölüm vaxtını dəqiqləşdirə bilmirdi.

Bu iki metr boyu, 135 kiloqram çəkisi olan kişi Nyu-Yorkdakı 5 mafioz ailənin sifarişlərini yerinə yetirirdi.

İlk qətli 14 yaşında törətdi

Riçard Kuklinski 1935-ci ildə, Nyu-Cersinin kasıb məhəllələrindən birində doğulmuşdu. Atası dəmiryolda, anası ət kombinatında işləyirdi. Riçard nə içki düşkünü olan atasını, nə də çox tələbkar olan anasını sevirdi. Atası qardaşlarından birini içkili halda döyüb öldürmüşdü. O biri qardaşı isə qətl üstə həbsdə yatırdı.

Riçard katolik gimnaziyasında oxuyurdu. Amma bu heç nəyi dəyişmədi. Çox davakar idi. Bir dəfə qonşu məhəllədən olan küçə bandasının 6 üzvünü təkbaşına döymüşdü. Ondan çəkinirdilər.

Özü dediyinə görə, ilk qətlini 14 yaşında törədir. Hansısa küçə xuliqanını ölənədək döyür.

1960-cı ildə o, Barbara adlı qadınla tanış oldu. Tezliklə evləndilər və 3 uşaqları oldu. Amma maddi imkanları pis idi. Kuklinskinin ali savadı yox idi. Bu olmadan yaxşı iş tapmaq mümkünsüz idi.

Mafiyanın cəlladı

Onun bacardığı yeganə şey öldürmək idi. Riçard tezliklə De Kavalkante ailəsinə işləməyə başlayır. Yaxşı öldürmək üçün məşqləri bomjların üzərində edir. Küçədəki evsiz adamları öldürür. Meyitləri Qudzon çayına atır.

Sonradan o, mafiyanın tanınmış cəlladlarından olan Roy De Meoya rast gəlir. O, Qambino ailəsinin sifarişlərini Kuklinskiyə ötürür.

Tezliklə Riçard mafiyanın ən uğurlu killeri adını alır. O, hər cür öldürürdü – tapança, bıçaq, yalın əl və zəhərlə.

Qurbanlarını doğrayıb torbalara yığır, hər tikəsini şəhərin bir tərəfinə tullayırdı. Bəzən insan sağ ola-ola onu benzomişarla doğrayırdı. Bəzən qurbanının dilini çıxarıb, anus dəliyinə soxurdu. Bu, mafiyanın sifarişi və xəbərdarlığı idi.

Kuklinski sianidi sevirdi. Zəhərli aerozol balonunu qurbanın üzünə fısqırdırdı. Hadisə yerinə məhkəmə-tibb eksperti gələnədək zəhər buxarlanırdı. Heç bir iz qalmırdı. Sanki ölən şəxs infarktdan keçinmişdi.

Həbs

Artıq 1970-ci illərdə Kuklinskinin maliyyə vəziyyəti düzəlmişdi. Hər sifarişə görə 50 min dollar alırdı. Prestijli rayonda ev almışdı. Ailəsi və qonşuları əslində onun nə ilə məşğul olduğunu bilmirdi. Yaxşı, mehriban ailə başçısı idi. Uşaqlarını və ailəsini sevirdi. Qonşular da bu mehriban adamı biznesmen kimi tanıyırdılar.

Nə biləydilər ki, qəzetlərin bütün günü bar-bar bağırdıqları, 200 adamı öldürmüş , "buz adam" ləqəbli killler məhz Kuklinski idi.

Onun izinə təsadüfən düşdülər. Polis mafiozlardan birinin evini dinləyərkən onun haqqında gedən söhbəti yazmışdı. 1986-cı ildə FTB agenti özünü mafioz kimi qələmə verib Kuklinski ilə yaxınlaşdı. Riçard ondan sianid zəhəri aldı. Bu fakt artıq yetərli idi. Kuklinski həbs edildi.

1988-ci ildə Nyu-Cersidə keçirilən məhkəmədə onun 5 qətldə əli olması təsdiqləndi. Kuklinskiyə ömürlük həbs cəzası verildi. O, azadlığa yalnız 110 yaşında çıxa bilərdi.

2003-cü ildə Riçard həbsxanada bir polisi öldürdüyünü də etiraf etdi. Cəzasının üstünə təkrar 30 il də gəldi.

Həbsdə olarkən müxtəlif qəzetlərə, telekanallara həvəslə müsahibə verirdi. Haqqında bir neçə sənədli film çəkildi. Bu yaxınlarda isə Hollivud bu mövzuya müraciət edərək "Buz adam" adlı filmi ekranlaşdırdı.

Kuklinski 2006-cı ildə 70 yaşında olarkən dünyasını dəyişdi.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR