Art
Stalinin İYRƏNC ÜZÜ: müharibədə olan zabitin arvadına yataq təklifi və... - FOTO/VİDEO
Bu serialın hadisələri 1937-ci ildə cərəyan edir. 37-ci il SSRİ, xüsusilə Rusiya tarixi üçün ən qanlı il hesab olunur. Çünki repressiyaların pik nöqtəyə çatdığı ildir. Həmin ildə ağına-bozuna baxmadan ziyalılar, mühəndislər, bir qədər düşüncəsi, təfəkkürü olan insanlar repressiyaya uğramışdır və repressiya maşınının başında Stalin özü və onun əlaltıları Yejov, Beriya dururdu.
Elə bu filmin də hadisələri 1937-ci ildə başlayır. Nikolay Zotov təsadüfən öyrənir ki, Moskvanın çox iri zavodlarının birinin baş mühəndisini həbs edəcəklər. Amma o, öz günahsızlığına əmindir və bunu sübut etməyə hazırdır və hesab edir ki, bu, bir təxribatdır. Lakin həyat yoldaşı Lyudmilla başqa cür düşünür. O, bilir və buna əmindir ki, əri günahsızdır, ancaq ətrafda o qədər günahsız insanlar həbs olunur ki, repressiya maşını ağına-bozuna baxmadan hər kəsi udur. Anlayır ki, ərinin heç cür xilas yolu yoxdur, qaçmalı və bu evdən getməlidir ki, öz həyatını xilas etsin. Nikolay evindən qaçır və əyalət şəhərciyində yerli zavodlardan birində adi bir usta kimi işə başlayır. Baş mühəndislikdən adi bir ustalığa keçmək təbii ki, asan deyil, amma ümidlə yaxşı günləri gözləyir ki, dəyişikliklər baş versin.
Təbii ki, qəhrəmanımız ailəsindən də xəbərsizdir. Ailəsi pis vəziyyətə düşür, onun iki körpə uşağı var, qohumları imtina ediblər, dolanmağa heç bir şey yoxdur, yalnız qonşuların və Moskvadakı o həyətin sakinlərinin və aysor qızı Zardanın köməkliyi ilə birtəhər o uşaqları dolandırır. Beləcə Zotovlar iki müxtəlif yerdə yaşayırlar, çox gizlincə bir-biriləri ilə görüşürlər ki, heç kim xəbər tutmasın. Nikolayın ümumiyyətlə, harada işlədiyi haqqında heç kimin məlumatı yoxdur.
Günlərin bir günü xəbər gəlir ki, müharibə başladı. 1941-ci ildə başlayan bu müharibə Nikolayda ümid yaradır. O, hesab edir ki, ölkədə vəziyyət dəyişəcək. Odur ki, gizli yaşamasına, adını, soyadını gizləməsinə və həbs qorxusunun olmasına baxmayaraq, könüllü şəkildə müharibəyə yollanır. Nikolay dərhal, elə cəbhəyə gedən kimi əsir düşür və Belarus meşələrində qalır. O, Belarus meşələrində əsir düşmüş qırmızı ordu əsgərlərini başına toplayır, güclü bir hərbi birləşmə yaradır və döyüşməyə başlayır. Biz serialda cəbhədə baş verən döyüş hadisələri ilə bərabər, onun həyat yoldaşı və ümumiyyətlə, ərsiz qalan qadınların Moskva həyətində yaşam tərzini, onların ağır günlərini də görürük, onların öz körpələrini dolandırmaq üçün nələrə əl atdıqlarının, hansı çətinliklərdən keçdiklərinin şahidi oluruq. Moskvanın bu həyətində müxtəlif millətin nümayəndələri yaşayır və hamısının içində bir istək var ki, bu müharibələr tez bitsin, qələbə olsun və hər kəs öz evinə qayıtsın. Haqqında danışdığımız “Moskva həyəti” filmi,“Moskva saqası” və “Arbat övladları” filmlərinə çox yaxındır. Eyni mövzudadır və 30-cu illərin sonu, 40-cı illərin əvvəlini bizə çatdırır, eyni zamanda onlar qədər də uğurlu çəkilib.
Biz baş qəhrəman Nikolayın həyatının qırılmasının şahidi oluruq. Onun həyatı qırılır, o çox savadlı bir mühəndisdir, özünə karyera qurub və birdən-birə kiminsə verdiyi yanlış məlumat səbəbindən bütün həyatı dəyişir. Ucqar bir şəhərcikdə ustalıqla məşğul olmaq əslində onun üçün alçaldıcı olsa da, başqa çıxış yolu yox idi, onu həbs və 37-ci ilin repressiyası, amansız günü gözləyirdi.
Serialda Lyudmilla ilə bağlı çox maraqlı bir xətt var. Lyudmillanın gözəl görkəmini görən, həm də Nikolayı həbs etdirən NKBD zabiti ona xüsusi görüş təyin edir, onunla yaxınlıq etmək istəyir, amma qadın sona qədər öz mərdliyini qoruyur və çox pis bir hərəkət edərək həmin NKBD zabitini biabır edir. Tale elə gətirir ki, Lyudmillanın yazdığı ərizə əsasında NKBD zabitini işdən azad edirlər və təsadüf nəticəsində o, cəbhə bölgəsinə, Nikolayın dəstəsinə gəlib düşür. Təbii ki, Nikolay onu tanıyır, sadəcə onun həyat yoldaşına qarşı atdığı addımdan xəbərsizdir. Burada da həmin NKBD əməkdaşı öz pis əməlini göstərir və Nikolayı satmaq istəyir, dərhal “Qırmızı ordu” tərəfə keçən kimi Nikolayın əslində kim olduğunu demək istəyir, lakin artıq gecdir. Nikolay artıq qəhrəmandır, döyüşlərdə qələbələr çalıb, onun göstərdiyi şücaət, aldığı ordenlər, hər kəsə bəlli olan qəhrəmanlığı hər şeyi ört-bas etməyə yetir.
Qeyd etmək lazımdır ki, serialda SSRİ-nin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəlinin mühiti çox ustalıqla yaradılıb. Rəssam və operator işi çox maraqlı alınıb. Eyni zamanda dialoqlar, situasiyalar, tapılmış personajların özləri də çox rəngarəngdir, fərqlidir və digər seriallardan seçilir. Ümumiyyətlə, aktyorlar çox maraqlı, möhtəşəm və parlaq ifaları ilə yadda qalıbdırlar. Klavdiya Korşunova əsas baş rolu çox mükəmməlliklə oynadı, bütün film boyu o, sanki öz çiynində dartırdı serialı və uğurlu ifası ilə yaddaşlara yazıldı. Demək lazımdır ki, atmosfer çox ideal yaradılıb, istər geyimlər, istər əşyalar, eləcə də Moskvanın o həyəti, mühiti, insanları, sifətlər, bunlar hamısı çox ustalıqla tapılıb və çatdırılıb. Ancaq burada ideya, filmin nə üçün “Moskva həyəti” adlandırıldığı maraqlıdır. Söhbət böyük şəhədən, paytaxtdan gedir. O böyük şəhər ki, repressiya dövründə qan qusurdu, müharibə ərəfəsində bütün bacarıqlı insanlar, mühəndisindən tutmuş zabitlərinə qədər repressiyaya məruz qalırdı, çünki Stalin belə istəyirdi, Stalin diktaturası bunu tələb edirdi və sanki məmləkəti başsız qoymaq istəyirdi, yalnız öz başı olmalı idi. Nəticə etibarilə müharibə başlayanda ona görə Sovet ittifaqı aciz vəziyyətdə qalmışdı, çünki döyüşməyə zabit, silah istehsal edən mühəndis belə yox idi.
Biz bu filmdə digər tərəfdən bir qadın, ana və həyat yoldaşına məhəbbətin xəttini görürük. Lyudmilla çox ağıllı qadındır, o, dərhal anlayır ki, ərini günahsız olmasına baxmayaraq həbs edəcəklər. Hətta orada çox maraqlı bir dialoq yaranır, Lyudmilla deyir ki: “Səndən soruşmayacaqlar ki, günahkarsan ya yox, səni həbs edəcəklər, sən dərhal qaçmalısan”. O anlayır ki, əri həbs olunsa da, qaçsa da bu uşaqları yalnız özü saxlayacaq. Sadəcə əmin olmaq istəyir ki, əri həbsdə yox, azadlıqdadır. Elə bu xətdən sonra Lyudmillanın qadın mərdliyi başlayır, o, uşaqları, həyat yoldaşı üçün öz gözəlliyini, gəncliyini, öz görünüşünü qurban verir. Böyük bir sədaqət nümayiş etdirir sona qədər. Eyni zamanda öz şərəfi, namusu uğrunda vuruşur, dayanmır, işləyir, eləcə də övladını tərbiyə edir. Övlad böyüyüyb, artıq müxtəlif kaprizləri var və bir ana kimi həm də onun şıltaqlıqları ilə mübarizə aparır. Eyni zamanda qonşular, müxtəlif millətin nümayəndələri, onlarla da dil tapmaq lazımdır, bütün bu çətinliklərdən aşa-aşa gəlir və yalnız bircə dəfə onun üzü həqiqətən gülür. O da öz həyat yoldaşı, sinəsində “Qəhrəman” nışanı olan Nikolayı Moskva həyətində görəndə.
Ümumiyyətlə, qadın xətti, qadın obrazı serialın ən güclü, ən təsiredici məqamıdır. Rus ədəbiyyatında rus qadınının obrazının çox fərqli təqdimatı var. Bütün dünya ədəbiyyatlarından fərqli olaraq, rus ədəbiyyatında biz bilirik ki, məşhur dekabristlərin həyat yoldaşlarının qəhrəmanlığı, bütövlükdə rus ədəbiyyatına köçdü və rus ədəbiyyatında yoldaşı üçün fədakarlıq edən qadın obrazı daim iştirak edir. Biz bu cür qadın şücaətini indiyə qədər haqqında danışdığımız bir çox seriallarda, filmlərdə görmüşük. Bu, artıq bir xətt kimi əlavə olunub.
“Moskva həyəti” filmi eyni zamanda ona görə maraqlı və ona görə baxımlıdır ki, biz burada tarixin özünü görürük, real, gerçəkləri görürük. Stalinin və o rejimin amansızlığının adi insanların həyatına necə təsir etdiyinin şahidi oluruq.
Bu mənada çox uğurlu serialdır və çox istərdik ki, Azərbaycanda da məhz bu mövzuda seriallar çəkilsin. Çünki 37-ci il Azərbaycan tarixi üçün də çox amansız dövr olub və ölkəmizdə də mərd qadınlar, öz yoldaşının namusunu qoruyan qadınlar çox olub. Onlardan biri də Əhməd Cavad üçün öz namusunu qoruyan Şükriyyə xanımdır. Bəs Cavid əfəndi və onun Müşkünazı? Neçə belə misal çəkmək olar? Bunun özü də serial üçün böyük bir mövzu ola bilər. Arzu edək ki, bizdə də bu cür seriallar çəkilsin, çünki bu, həm tarixin yenidən öyrənilməsinə imkan yaradır, zəruri edir, həm də tarixin öyrənilməsi ilə bərabər, insani hisslərin, ailə münasibətlərinin, həyat yoldaşı münasibətlərinin aşılanması baxımından olduqca faydalı və təsirli bir qüvvədir. Bax, belə bir serialların ekrana çıxması çox vacibdir, eyni zamanda tərbiyəvi əhəmiyyəti böyükdür. Bu gün Azərbaycanda çəkilən serialların əksəriyyətinin mövzusunun detektiv və kriminal olması qəbulolunandır, cəmiyyətdə bu hadisələr də baş verir, amma tarixi mövzuların da olması olduqca faydalıdır. Fərqi yoxdur, tarixi-lirik mövzu olsun və ya tarixi-məişət mövzusu olsun. Əslində bizim bəhs etdiyimiz bu serial özü də sırf tarixi mövzuda deyil, bu, əslində bir ailə dramıdır, lakin tarxin gedişatından, tarixin axarından keçir. Elə məhz ailə dramına əsas səbəb tarixin, dövrün özüdür. Burada baş verən toqquşmaya əsas səbəb dövran və Stalinin qurduğu rejimdir, çünki ailəni dağıdan Stalin rejimidir. Yəni bu baxımdan ssenari müəllifi çox uğurlu bir dramaturji model qurub və hesab edirəm ki, bu tip seriallarin Azərbaycan televiziyalarında olması da çox uğurlu olardı. Məsləhət görərdim ki, “Moskva həyəti” filminə siz də baxasınız. Çünki çox maraqlı bir görünüş əldə edəcəksiniz, zövq alacaqsınız, təbii ki, bununla yanaşı xeyli informasiya da yiyələnmiş olacaqsınız.
Elçin Əlibəyli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO