Art
Azərbaycanlı məşhur BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Buna görə xəcalət çəkirəm...” - FOTOLAR
“1914-cü ildən bəri Allah bəşəriyyəti başlı-başına buraxıb gedib, XXI əsrdə isə o, heç bizə baş çəkməyə belə gəlməyib”.
Bu sözləri “Mənfi sənsiz dərəcə” şeirlər kitabının müəllifi Aqşin Evrən Publika.az-a verdiyi müsahibəsində deyib.
Bu yaxınlarda oxucularını yeni kitabı ilə sevindirən şairlə poeziya, qadınlar, bir az da fəlsəfi mövzular ətrafında söhbət etmişik.
“Unutmağın bir yolu var: tez-tez xatırlamaq”
- Fridrix Nitsşe deyir ki, xoşbəxt olmağın yeganə yolu unutmaqdır. Təəssüf ki, tibb hələ yaddan çıxarmaq istədiklərimizi unutmağa yardım göstərəcək həblər kəşf etməyib. Sizcə, kitabınız ağrısını unutmaq istəyən insanlara məlhəm olacaqmı?
- Əslində, “Mənfi sənsiz dərəcə” kitabımda unutmaq sindromu önə çıxsa da, burada ana xətt başdan-sona xatırlamaqdır. Unutmaq deyilən bir şey yoxdur. Yaddaş heç vaxt öz içindəkilərə xəyanət eləmir. Unutmağın bir yolu var: tez-tez xatırlamaq. Nə qədər ki, vaxtımız var, gözəl şeyləri tez-tez xatırlayıb onları gözdən salmaq lazımdır.
“1914-cü ildən bəri Allah bəşəriyyəti başlı-başına buraxıb gedib”
- “Sıxılarsan... Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı. Görərsən saçların onun çiyni üçün darıxır”.
Darıxmaq haqqında yazılmış təsirli misralardır. Sizcə, dilənçilər daha acizdir, yoxsa darıxanlar? Allahın hansına daha çox yazığı gəlir? Və darıxmaq hissindən necə qurtula bilərik?
- Çox mürəkkəb, çoxşaxəli sualdır deyə adam bilmir haradan başlasın... Dilənçilər də, darıxanlar da əllərini açıb dilənirlər: birincilər pul dilənir, ikincilər əl. Təbii ki, pul tapmaq çox asandır, əl tapmaq yox. Ona görə də darıxanlar - əl dilənənlər daha çox acizdir. Allahın rəhmi məsələsinə gəldikdə... Sizə dəhşətli bir sirr açım: Allah XX əsrin əvvəllərində Yer kürəsini atıb gedib. 1914-cü ildən bəri Allah bəşəriyyəti başlı-başına buraxıb gedib, XXI əsrdə isə O, heç bizə baş çəkməyə belə, gəlməyib. Darıxmaq hissindən qurtulmaq isə... Çox darıxan insanlara əla bir resept təklif edirəm: hər gün bir cizgi filminə, bir sənədli filmə, bir komediyaya baxsın və bir hekayə oxusunlar.
- Aqşin Evrən kim üçün və nə üçün darıxır, boynunu kimin aldığı şərf üşüdür?
- Yəqin ki, çox adam kimi mən də uşaqlığım üçün tez-tez darıxıram. Halbuki o qədər də rahat, möhtəşəm dövr olmayıb. Məsələn, 12 yaşlı Aqşini görsəydim, güllələyərdim ki, böyüməsin, elə 12 yaşında qalsın. Biz o vaxt hansısa gizlənqaç oyununda gizlənib ortaya çıxmamalı idik. Zaman keçdikcə bizim ağrılarımız fərdlərdən yox, dövrlərdən ibarət olur. Tarixdə də bunu görürük: artıq şəxsiyyətlər sıradan çıxır, dövrlər qalır. Məsələn, Hitlerin, Stalinin başlatdığı II Dünya müharibəsi artıq yalnız qanlı bir dövr kimi xatırlanır. Bu iki amansız şəxsə isə getdikcə “böyük siyasətçi” donu geyindirilir.
“Dünyada 3 ciddi mövzu varsa, onun ikisi qadındır”
- Şairlər adətən ilham pərilərini qadın gözəlliyində, qadın bədənlərində axtarır. Siz şairlərin tez-tez vurulmaq ehtiyacını necə qiymətləndirirsiniz? Aqşin Evrəni də bu qrupa aid etmək olar?
- İndiyə qədər özümü hansısa qrupa aid edə bilməmişəm. Buna görə də heç bir ədəbi, siyasi birliyə, təşkilata üzv olmuram. Bircə onu deyim ki, dünyada 3 ciddi mövzu varsa, onun ikisi qadındır. Tez-tez vurulmağı isə heç vaxt bacarmamışam, bu iş əlimdən gəlmir, mənim sahəmə daxil deyil. Çox soyuqqanlı, özümə qapalı, laqeydəm. Ona görə də 10 ildə bir dəfə aşiq olaram, ya yox. Bu da çox vaxt səhvən olur. Biz səhvən sevirik, ona görə də belə möhtəşəm alınır. Yəni “vallah, mən eləmədim, yanlışlıqla oldu”. Özümdə vurulmaq, sevmək ehtiyacı hiss etməmişəm. Ümumiyyətlə, kişi tənhalığı yaşamağım yadıma gəlmir. Amma getdikcə dərinləşən bir insan tənhalığı yaşayıram. Kişi tənahlığı fərdi faciədir, insan tənhalığı bəşəri faciə. Bu möhtəşəmdir.
“Müğənnilərin mahnı mətnlərini toydakı aşpazlar
yazır elə bil”
- Müğənnilər üçün mahnı sözləri yazmağı düşünürsünüzmü? Son
vaxtlarda yerli ifaçılarımızın oxuduğu mahnıların sözləri yaradıcı
bir insan ürəyinizcədirmi? Gözəl melodiyaları bayağı və anlaşılmaz
ifadələrin tamamlaması necə, sizi narahat edir?
- Bir neçə dəfə şeirlərimə mahnı bəstələyib müğənnilərə satmaq istəyənlər olub, amma razılıq verməmişəm. Heç vaxt öz ağrılarımı satmaram. Amma mahnı mətni yazmağı düşünürəm. Azərbaycan musiqisi son 30 ildə “Səni sevdim, gəlişini gözlədim” kimi bayağı mahnı mətnlərinin ətrafında dövr edir. 15 ildən sonra heç kim bu mahnıları xatırlamayacaq. Amma baxın, “Payız gəldi” mahnısına. Şedevrdir. Sözlərini Fikrət Qoca yazıb. Peşəkar işi başqadır. İndiki müğənnilərin mahnı mətnlərini toydakı aşpazlar yazır elə bil.
- Valideynləriniz yaradıcılığınızla tanışdır, şeirlərinizi oxuyurlar? Sizcə, onlardan hansı: ananız, ya atanız istedadınızı yüksək qiymətləndirir?
- Hə, oxuyurlar, iştirak etdiyim verilişlərə həvəslə baxırlar. Elə bu müsahibəmi də oxuyacaqlar. Ancaq heç vaxt onlarla ədəbiyyatla bağlı söhbət etməmişən. Mənim üçün atamın divanda oturub “Xəbərlər”ə baxması belə ədəbiyyatdır.
- Unutmaq şansı verilsəydi, kimi və nələri unudardınız?
- Heç kimi və heç nəyi unutmaq istəməzdim, çünki yaşantılar bizim həyatımızı kərpic-kərpic hörür. O kirpiclərdən birini və ya bir neçəsini çıxarsaq, müvazinəti itirərik. Bu, həqiqətən də belədir. Həm də unutmaq məsələsində bir az ciddi olmaq lazımdır. Hər adamı, hadisəni unutmağa çalışıb bu cür ciddi prosesi zay eləmək olmaz.
- Nadir şairlərdənsiniz ki, şeirlərin ilk sətrini oxuyan kimi qəribə ağrı hiss edirsən, insanın içini göynədir. Yəqin ki, bu da uşaqlığınızda baş verən çətinliklərdən qaynaqlanır. İncitmək istəmirəm və ümid edirəm ki, sualımı düz başa düşəcəksiniz. Bunu jurnalist kimi deyil, oxucu kimi soruşuram. Ananızı bağışlaya bilmisiniz? Bağışlamaq üçün nə qədər vaxt keçdi və ya keçməlidir?..
- Əslində, mənim anamdan heç bir incikliyim yoxdur. Həyat elə gətirdi ki, yollarımız ayrıldı. Əminəm, əlində fürsət olsaydı, mənim xoşbəxtliyim üçün hər şeyi edərdi. Zaman keçdikcə müəyyən şeylərin adı, mahiyyəti dəyişir və biz onların ilk variantından uzaqlaşmağa başlayırıq. Məndə bu, bir az fərqli oldu. Mən ən yaxınımdan uzaqlaşmağa başladım. Ancaq ortada heç bir düşmənçilik-filan yoxdur. Bir problemi olsa, köməyinə qaçan birinci insan bəlkə də elə mən olacam.
“Tut ağacına özümü asmağa çıxmışdım, tut yeyib evə qayıtdım”
- Hər bir uşaq üçün ən qiymətli şey xoşbəxt ailə mühiti içində böyüməsidir. İşığı yanan evlərə həsrətlə baxan uşaq təsəllini harada və nədə tapdı, sizin sığınacağınız nə oldu?
- Mənim həyatımı uşaqlığım xilas edib. Bir şey danışım. Futbol haqqında belə bir gülünc fikir var: “22 kişi bir topun dalınca düşüb”. Əslində isə futbol nəhəng bir mədəniyyətdir və hansısa mistik qatlarda futbol topunun Yer kürəsinə bənzəməsi də təsadüfi deyil. Uşaq vaxtı, təxminən 13-14 yaşımda özümü gölə atmaq istəyirdim, yəni intihara hazırlaşırdım. Məktəbimizin yanında stadion var. Həmin gölə getmək üçün mütləq stadionun yanından keçməli idim. Elə həmin gölə tərəf gedəndə stadionda oynayan uşaqların topu gəlib mənə tərəf düşdü. Topu götürüb onlara atdım, məni çağırdılar, dedilər, gəl oynayaq, bir nəfər çatmır. Beləcə onlara qoşulub oynadım, həmin oyun 4-5 qol vurdum. Mənə dedilər ki, sabah da o biri məhəllənin uşaqları ilə oynayacağıq, gəl, bizdən oyna. Beləcə, mən futbola daha da bağlandım. Bax, həmin gün orada “bir nəfər çatmayan” mən idim. Abbas Kiarostaminin “Albalı dadı” filmində deyildiyi kimi, “Tut ağacına özümü asmağa çıxmışdım, tut yeyib evə qayıtdım”. Eləcə də mən də, intihar etməyə gedirdim, futbol oynayıb həyata qayıtdım. Bunu ilk dəfədir danışıram. Və bütün hüceyrələrimə qədər əminəm ki, intihar - atacağımız ən mənasız, yanlış addımdır. Səbəb nə olur-olsun, bu yola baş vurmaq olmaz. Yaşamaq lazımdır.
- Sevdiyimiz insan bizi atıb gedəndə günahı özümüzdə axtarırıq. Anasız böyüdüyünüz üçün taleyinizi, yoxsa onun özünü günahlandırırdınız?
- O vaxt da, sonra da heç kimi günahlandırmamışam. Hazırda isə Mənim artıq elə bir yaşımdır ki, kimisə günahlandırmağın, ittiham eləməyin tam mənasız olduğunu başa düşürəm. Bu vaxta qədər nə olubsa, bitib. Ağrı öz anında ağrıdır, sonra isə o, yaşantıya çevirilir. 5 il sonra yaşadığımız ən şiddətli ağrının zərrəsini belə xatırlamırıq. Yetkin insan isə öz faciəsini özü yazır. 20 yaşından sonra insanın başına nə gəlirsə, öz səhvləri ucbatından olur. Bundan sonra lift çıxışında güllələnməkdən başqa, yaşadığım bütün problemlərə görə özüm məsuliyyət daşıyıram.
“Azərbaycan qadınını Matilda kimi saf, həssas, çılğın, Mila Kunis kimi iradəli və geniş təfəkkürlü görmək istəyirəm”
- Şeir qəhrəmanlarınıza niyə Aygün, Gülnar, Mətanət və digər milli adlar yox, Matilda və Mila Kunis kimi isimlər seçmisiniz?
- Bu adlar şeirdə şüuraltı olaraq yazılıb, yəni xüsusi şəkildə seçib yazmamışam. Yəqin, mən Azərbaycan qadınını Matilda kimi saf, həssas, çılğın, Mila Kunis kimi iradəli və geniş təfəkkürlü görmək istəyirəm. Yaxşı ki, həyatımda məhz belə birini tanımışam.
- “Atama gecə teleqramı” şeirində yaxşı insan olmağınızla fəxr edirsiniz. Bu əzablı dünyada necə yaxşı insan ola bildiniz? Yaxşı insan olmağın resepti nədir?
- Yaxşı insan olmağın reseptini bilsəydim, onu qətiyyən ortalığa çıxarmazdım, çünki mütləq tapıb məhv edərdilər. Tanıyanlar da bilir ki, mən çox yaxşı insanam və buna görə özümü bağışlaya bilmirəm. Yaxşı insan olmağımla fəxr etmirəm, əksinə, buna görə xəcalət çəkirəm. Dünya insanı bu qədər həssaslığa hazır deyil. Təbii, məndən də həssas insanlar var. Son iki ildə mənə tam aydın olub ki, XXI əsr insanına bu qədər xaosun içində həssaslıq göstərəndə səni Yusif Sərracın taleyi gözləyə bilər. “Atama gecə teleqramı” şeiri isə mənim üçün çox mühümdür. Çox istərdim ki, hər kəs o şeiri oxusun. Lakin təəssüf ki, heç yerdə yayımlamamışam, bircə “Mənfi sənsiz dərəcə” kitabımda var. Elə bil, onu yayımlamağa, paylaşmağa qıymıram. Ümumiyyətlə, modern dünya hər şeyi əlimizdən alır deyə bizdə istər-istəməz əlimizdə olan dəyərlərimizi qoruyub saxlamaq instinkti yaranır.
- Yəqin ki, şeirlərinizdə ötürmək istədiyiniz müəyyən mesajlar olur. Sizcə, onlar öz ünvanına çatır?
- Doğrusu, indiyə qədər şeirlə hansısa mesaj ötürməyi qarşıma məqsəd qoymamışam. Kitabda çox nikbin və çox bədbin şeirlər var. Bunlar da mənim yaşantılarımdadır. Nə hiss etmişəmsə, onu da yazmışam. Nə gözəl ki, bu yaşantılar oxucular tərəfindən böyük sevgiylə qarşılanır, mənimsənilir.
- “Qadın xəstəlikdən yox, təmtək qalmaqdan keçinər
Gecə üstünü yaxşı ört, ağrılar sızar içəri”.
Niyə təklik qadın üçün kişilərdən daha dəhşətlidir?
- Qadının təkliyi iki dəfə təklikdir, kişinin isə birnəfərlik. Qadın bir özündə var, bir də var olmaq istədiyi yerdə - kişinin yanında. Kişidə isə vəziyyət fərqlidir: kişi elə bircə qadında var və ya var olmaq istəyir. Fikir versəniz görərsiniz ki, qadının sevgisində bir ordu adam – özü, bacısı, rəfiqələri, qohumları, düşmənləri iştirak edir. Kişinin sevgisində isə bircə nəfər iştirak edir: sevdiyi qadın.
“Mövludu tez-tez yuxuda görürəm, ürəkdən gülür, xoşbəxtdir”
- Kitabınızı Mövlud Mövluda ithaf etmisiniz. Bu, “Mənfi Mövlud dərəcəni” müsbətə çevirə bildi? Ağrınız yüngülləşdi? Bununla onun ruhunu şad edə bildiniz?
- Açığı, nisbətən yüngülləşdim, əmin oldum ki, Mövlud artıq daim yanımdadır. Onun ölümü məni dərindən sarsıtdı. İntihar etdiyi küçədə yaşayıram, işləyirəm deyə, hər gün oralardan keçirəm. Həm dost, həm iş yoldaşı, həm də qonşu idik. Buna görə də mənə çətin oldu. Mövlud deyirdi ki, “bizdən başqa hamı kitab çıxardı, amma belə baxıram, sənin heç kitab çıxarmağına ehtiyac yoxdur, kitab çıxarmadan tarixə düşən yeganə Azərbaycan şairisən”. Sonra məlum hadisə oldu, onu itirdik. Kitabı nəşriyyata göndərənə yaxın qərara gəldim ki, bu kitabı ona həsr edim. Bu yolla Mövludun xatirəsini yaşatmaqda az da olsa payım olsun istədim. Bu qərarı verəndən sonra Mövludu tez-tez yuxuda görürəm. Həmişə də ürəkdən gülür, xoşbəxtdir. Mənə elə gəlir ki, bu addımım ona çox xoş təsir edib. Tezliklə Mövludun da hekayələr kitabı çapı olunacaq. Mövlud Ayxan Ayvazla birlikdə Azərbaycan nəsrinin son nümayəndələri - sonbeşikləri idilər. Dəhşətli dərəcədə həssas yazıçı idi.
- Yaradıcı insanlar həm də kədərdən qidalanır. Bəs qəm-qüssənin yazıçıların və şairlərin həyatı bahasına başa gəlməməsi üçün onlara nə məsləhət görərdiniz?
- Yaradıcı adamlar istər-istəməz faciəli talelərlə rastlaşırlar, oxuyur, baxırlar. Bu qədər dəhşətli həyatlar, ağrılı insan taleləri görmüş adamların zəif olması paradoksdur. Bizim cəmi bir ömrümüz var. Cəmi bir dəfə Günəşlə tanış oluruq, üşüməyi, islanmağı öyrənirik. Şəxsən mənim fürsətim olsaydı, üç mininci ilə qədər ölməzdim. Ümid edirəm ki, yaxın 20 ildə ölümsüzlük iksiri tapılar və bizim “ölmək” adlı bu mənasız məhkumiyyətdən yaxamız qurtarar.
- “İnsanlar iki yerə ayrılır: ayrılıb gedirlər”
deyirsiniz. Bəs şairlər neçə yerə ayrılır?
- Bir neçə yerə... Metronun çıxışında tütək salan azyaşlı
dilənçiyə, kirli, qırışlı əllərində bəmbəyaz salfet satan qocalara,
dayanacaqda ata gözləyən uşaqlara, beşiyinə raket düşən uşaqlara...
Şairlər hamıya ayrılırlar. Əgər ayrıla bilmirlərsə, heç özlərinə
zülm eləyib şeir yazmasınlar.
- Niyə qadın gözəlliyi haqqında ən gözəl şeirləri kişilər yaza bilir, qadınlar yox?
- Qadınlar gözəllik məsələsində çox eqoistdirlər. Ona görə də heç istəməzlər ki, onlardan gözəl nəsə - şeir olsun (gülürük).
- Gələcək yaradıcılıq planlarınızda nələr var? Xəbər redaktoru kimi fəaliyyət göstərmək yaradıcılıq imkanlarınızı məhdudlaşdırmır ki?
- Əlbəttə, məhdudlaşdırır. Amma təkcə redaktorluq yox, başqa işdə çalışsaydım da, məhdudlaşdıracaqdı. Yaradıcılıq üçün ən yaxşı iş - işləməməkdir. Gələcək planlarım ilk növbədə kinematoqrafiya ilə bağlıdır. Sağlıq olsun, bu yay və növbəti qış iki ssenarimə film çəkiləcək. Daha sonra şeirlərimin tərcüməsi və başqa ölkələrdə nəşri ilə məşğul olacam. Bir də gələcək planlarımda xeyli yaşamaq var.
- Kitabın satışı nə yerdədir, ondan qazanc əldə edə biləcəyinizi düşünürsünüz?
- “Mənfi sənsiz dərəcə” kitabıma maraq böyük oldu. Demək olar ki, bitmək üzrədir. Cəmi 30 nüsxə qalıb. İki həftəyə hamısı satıldı, normal gəlir götürdüm. Həmin gəliri də şeirlərimin tərcüməsinə ayırmışam. Ola bilsin ki, kitab ikinci dəfə nəşr olunsun. Bu dəfə yəqin ki, tamam fərqli üz qabığı ilə dərc etdirəcəm.
- Yaşadıqlarınızı yazanlardan, yoxsa yazdıqlarınızı yaşayanlardansınız? Kədərli şeirlərin insan həyatına mənfi istiqamətdə təsir etməsindən qorxursunuz?
- Xeyr, kədərli şeir heç vaxt insana mənfi təsir edə bilməz. Çünki ağrılı şeirlər insanın ürəyinin dərinliklərində yatmış hissləri oyadır. Hissetmə gücünü artıran mətn onu daha da həyata bağlayır. Yəni insan yaşadığını xatırlayır. Bir növ, donmuş əlini hiss edir və əlinin taleyini düşünməyə başlayır.
“Kişi üçün ikiqat məğlubiyyətdir”
- Aqşin Evrənin şair ruhunu necə bir qadın titrədə bilər, ümumiyyətlə, xəyallarındakı xanım hansı xüsusiyyətlərə sahib olmalıdır?
- Bu sirri açmaq kişi üçün ikiqat məğlubiyyətdir, belə tarixi səhvə yol vermək olmaz (gülür). İlk və ən mühüm xüsusiyyətlərdən biri budur: doğma olmalı, doğmalaşmalıdır. Bu da çox nadir hallarda baş verir. Bir də onu deyim ki, qadın öz anasına bənzəyirsə, demək, artıq gözəldir.
Aytən,
Fotolar: Nurlan Gülməmmədov
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO