Qəbələ festivalındə səhnəyə “Baku Chamber Orchestra” çıxdı - - FOTO
Bizi izləyin

Art

Qəbələ festivalındə səhnəyə “Baku Chamber Orchestra” çıxdı - - FOTO

X Qəbələ Beynəlxalq Musiqi Festivalının beşinci günü axşam musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

Publika.az xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, 2011-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində yaranan “Baku Chamber Orchestra” Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundovadır.

Diqqətə çatdırılıb ki, kamera orkestri Azərbaycanın görkəmli musiqiçiləri Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, tanınmış dirijorlar Azad Əliyev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Eyyub Quliyev, Ralf Gothoni (Finlandiya) ilə birlikdə konsertlər verib. Orkestr Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Belçika, Özbəkistan, həmçinin Azərbaycanın müxtəlif bölgələrində çıxışlar edib. “Baku Chamber Orchestra” kamera orkestri uğurlu fəaliyyətinə görə Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən fəxri diplomlara, həmçinin “Bakılı Cəmiyyəti” tərəfindən “Humay” mükafatına layiq görülüb.

Konsertdə İ.S.Baxın “İki fortepiano və kamera orkestri üçün konsert”, A.Piazzollanın “Buenos-Ayresdə ilin fəsilləri”, “Yay”, Y.G.Bendanın “Grave”, T.Quliyevin “Qaytağı”, P.İ.Çaykovskinin “Simli orkestr üçün Serenada” əsərləri səsləndirilib. Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Xalq artistləri, pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, həmçinin Ziba Rəcəbli (viola) və Nəzrin Aslanlı (violin) çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm