• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

Oş şəhərində TÜRKSOY Daimi Şurasının 37-ci dönəm toplantısı keçirilir - FOTO

  • Art
  • 30 Noyabr 2019 15:23
Oş şəhərində TÜRKSOY Daimi Şurasının 37-ci dönəm toplantısı keçirilir - FOTO

Noyabrın 30-da Qırğızıstan Respublikasının Oş şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 37-ci dönəm toplantısı və “Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin rəsmi bağlanış mərasimi keçirilir.

Publika.az xəbər verir ki, tədbirlərə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

TÜRKSOY Daimi Şurasının 37-ci dönəm toplantısında TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, Azərbaycanın Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir All Aslan, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Nurkisa Dayeşov, Özbəkistanın Mədəniyyət nazirinin müavini Kamola Akilova, Türkmənistanın Mədəniyyət nazirinin müavini Qurbanmurad Mıradaliev, digər rəsmilər iştirak ediblər.

TÜRKSOY ölkələri nümayəndə heyətlərinin rəhbər şəxsləri iclasda çıxış ediblər.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında TÜRKSOY-un türk xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda TÜRKSOY mötəbər tədbirlərdə təmsil olunur və onun fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən alqışlanır.

Nazir müavini vurğulayıb ki, TÜRKSOY-a üzv olan ölkələr üçün əlamətdar hadisələr qurum tərəfindən iş planına salınaraq yüksək səviyyədə qeyd olunur. Azərbaycan və Türkiyənin təkliflərinə əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik və Aşıq Veysəlin anadan olmasının 125 illik yubileyləri münasibətilə 2019-cu il TÜRKSOY çərçivəsində İmadəddin Nəsimi və Aşıq Veysəl illəri elan olunaraq silsilə tədbirlər təşkil olunub. “İmadəddin Nəsimi dünya dillərində” adlı kitab nəşr olunub, Bakı, Ankara, İstanbul, Türküstan və digər şəhərlərdə təqdimatı keçirilib.

İclasda TÜRKSOY-un fəaliyyəti, qurumun həyata keçirdiyi ənənəvi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda TÜRKSOY Daimi Şurasının 37-ci toplantısının qərarları və yekun Bəyannamə imzalanıb. Özbəkistan Respublikasının Xivə şəhəri 2020-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Toplantıdan sonra Sultan İbrahimov adına Qırğız Dövlət Dram Teatrında “Oş – Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin bağlanış mərasimi olacaq. Türk dünyasının incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.

Mərasimdə “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzi Özbəkistanın Xivə şəhərinin rəhbərliyinə təqdim olunacaq.

Xatırladaq ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Oş şəhəri 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib və bununla bağlı il ərzində silsilə tədbirlər reallaşıb. Əlamətdar hadisə ilə bağlı Oş şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2019” abidəsi də ucaldılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR