Ziyarət dağından başlayan sabah… - FOTO
Bizi izləyin

Art

Ziyarət dağından başlayan sabah… - FOTO

Ziyarət dağından başlayan sabah…
Yaxud ruhun pərvazı

…Hər səhər gözlərini açanda yataq otağının pəncərəsindən zirvəsi buludlara dəyən Ziyarət dağını görürdü. Yayın istisində də zirvəsində qar olan Ziyarət dağı onun aləmində dünyanın ən böyük dağı idi. Ona elə gəlirdi ki, Ziyarətin başında olan gözəllik heç yerdə ola bilməzdi. Səhər günəş o dağın arxasından gülümsəyirdi. Ətrafındakı yaşıllıqlar arasından rəngbərəng çiçəklər günəşə boylanırdı. Balaca Şamo o gözəlliyi, rəngləri xəyalən kətan üzərinə köçürür, xəyalındakı gözəlliyin simasına saldığı işıqla sabaha oyanırdı… Sabah onun üçün onun dünyasının mərkəzindən – Ziyarət dağından başlayırdı.

Keramikadan rəngkarlığa

…Həmin gün isə hamı bu xəyalların müəllifinin işığına toplanmışdı. Ona görə xəyalların müəllifi ki, rəssam uşaqlıqdan yaratdığı o xəyalların hamısını həyata gətirmişdi, çəkmişdi, yaratmışdı. Fərqi yoxdur sulu boya ilə, kətan üzərinə, lap sadə karandaşla belə olsa, yaratmışdı. İndi o əsərlər Xalq Bankın rəsm qalereyasında sərgilənirdi. Haqqında söhbət açdığımız rəssam Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılışı idi. Xalq Bank “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrində görkəmli Azərbaycan rəssamı Şamo Abasovun yaradıcılığına müraciət edib.

Sərgilənən bədii alboma rəssamın bütün keramika, qrafika və rəngkarlıq işləri toplanıb, həyat və yaradıcılığından bəhs olunub. Açılışa pandemiya səbəbindən çox adam dəvət olunmayıb. Yalnız rəssamın ailə üzvləri, dostları, həmkarları - tanınmış rəssamlar və ictimai xadimlər gəliblər. Qalereyanın ekspozisiyası onun keramika, qrafika və rəngkarlıq əsərlərindən təşkil edilib.

Qonaqlar bütün ekspozisiya ilə tanış olduqdan sonra tədbirin aparıcısı Dilarə Səlimin onun haqqında söylədiklərinə qulaq kəsildilər.

“Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1970-74-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirən gənc rəssam, 1978-84-cü illərdə V.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbinin keramika fakültəsində təhsil alıb. 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar İttifaqlarının üzvü olub. Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır”.

Dilarə xanımın danışdıqları onun tərcümeyi-halının kiçik bir hissəsidir. Əslində, bir rəssam haqqında ən yaxşı təsəvvürü onun əsərləri yaradır.
Yaradıcılığının ilk illərində Şamo Abasov keramika ilə məşğul olub. Təhsili də o sahədə almışdı, sərgilənən əsərlər arasında yaradıcılığının ilk illərinə aid olanlar da bundan bəhs edir.

Sonrakı illər yaratdıqları əsasən qrafika və rəngkarlıq nümunələridir. Əsərlərini izlədikcə rəssamın keçirdiyi hisslər, yaşadığı reallıq adamın gözləri önündən gəlib keçir. Uşaqlığından təbiətə vurğun rəssam yaş artdıqca daha çox ağrıdan, dərddən “danışır”. Göz açdığı vətən, onun rəngarəng təbiəti, Ziyarət dağı işğal olunandan sonra fırçası rəssamın sözünə baxmadı, yalnız onun qəlbindəkiləri açıb tökdü kətana, ağ kağıza.

Dağ havasından ayrı düşən yurddaşlarının dərdi onun yaradıcılığına təsir göstərməyə bilməzdi. Dünən əsərləri təbiətdən, sevgidən idisə, bu gün o alınmırdı, “Sirk” kompozisiyası, “Natürmort” pannosu ərsəyə gəlmirdi. Rəssamın fırçasından dünyanın dərdi çiyinlərinə yüklənmiş “Qadın portreti” çıxırdı.

Əgər yaradıcılığının ilk illərində, gənclik dövründə əsərlərindən işıq seli axırdısa (“Ailə”), əsər özü ruhla, həyat eşqi ilə dolu idisə, ikinci mərhələdə o ruh, həyat eşqi həzin kədərlə əvəz olunur. “Qadın portreti və “Qaçqınlar”, “Biz Arrandanıq” təsvirlərində olduğu kimi.

Əsərin gözündən axan yaş

1980-ci illərdə yaratdığı “Hər şeylə maraqlananlar” silsiləsi dünyaya və qadına sevgidir, həm də qadın sevgisinin özüdür. “Bacılar kompazisiyası” da həmçinin.

1995-ci ildə pastoz texnikası ilə işlənmiş “İncik” əsəri isə bir qızcığazın simasında bir millətin dərdini “danışır”. Əsərə diqqətlə baxanda əsərin gözlərindən yaş axdığını da görmək olur. Müəllifin bir ifadəsini xatırladım bu yerdə: “ Həyat sadə və bəsitdir, amma onun içində yalnız anlayanın görə biləcəyi çox mühüm bir məqam var”.

“Əsirlikdə”, “Qarabağın göz yaşları”, “Ağrı” da rəssamın yurd həsrətindən, yurddaş kədərindən qaynaqlanır.

Bunlar onun rəsmlərinin yaratdığı təsəvvürdür. İndi həmkarlarının dediklərini eşidək:
Xalq rəssamı Fərhad Xəlilov:

“Çox heyif, Şamo bu həyatdan tez köçdü. O, hər zaman öz sözünü deyə bilən, öz sözünü deməyi bacaran sənətkar idi. Şamo Azərbaycanın ən gözəl rəssamlarından biridir. Onun öz dəst-xətti var idi. Rəsmlərinə baxan kimi bilirsən ki, Şamonun əsəridir - bu, hər rəssama nəsib olmur.

Hamıya dost kimi yanaşırdı. Şamo öz işini axıra kimi görə bildi.

Bu nəşrlər dünya səviyyəli albomlardır. Xalq Banka hamımızın adından təşəkkür edirəm, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Sağ olsunlar ki, Azərbaycanın təsviri sənətini bu cür təbliğ edirlər.

Şamonun sənəti hər zaman yaşayacaq, onun sənəti onu hər zaman yaşadacaq”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Şamo Abasovun yaradıcılığından söhbət açdı, onunla dostluğundan bəhs etdi, xatirələrini bölüşdü:

“Şamo Cəbrayılda anadam olmuşdu. Atasının yaratdığı cənnət bağı onun cənnəti idi. İşğal zamanı o, həmin cənnəti itirdi. Bundan sonra Qarabağa aid silsilə əsərlər yaratdı. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi, Şamo məhz bu əsərlərlə şöhrət qazandı”.

Sənətşünas Eldəniz İbrahimov tədbirin iki xüsusi anlamına diqqət çəkdi: Müharibədən bir ilin ötməsini və qarabağlı rəssamın yad olunması.

"Biz Şamoyla yaxın dost deyildik. Biz Şamoyla yaxşı tanış idik. Mən onun emalatxanasında çox olmuşam. Heç vaxt bu qədər əsərləruni bir arada görməmişəm. Şamonun obrazları çox sadədir. Əslində dahiyanə hər şey sadədir. Bu, çox sadə formul (düstur) olsa da, əslində çox mürəkkəb mətləbdir".

Tədbirdə onun əsərlərindən və şəxsiyyətindən çox söhbət açıldı, sonda oğlu Turqut Abaslı atasının sənətinə diqqətə görə Xalq banka təşəkkürünü bildirdi, hamıya minnətdarlıq etdi.

Yeri gəlmişkən Xalq Bankın “Xalq Əmanəti” layihəsindən də söhbət açım. 2010-cu ildən bu yana mədəni irsimizin gələcək nəsillərə çatdırılması yolunda yaxşı işlər görülüb bu layihə ilə. Kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, həmçinin kitab və sənət xiridarlarına hədiyyə olunur.

Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə,Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova,Tağı Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” və M.Ş.Vazehin üç dildə (Azərbaycan, alman, rus dillərində) “Bütün əsərləri”, Zəlimxan Yaqubun “Seçilmiş əsərləri” işıq üzü görüb. Bütöv bir kitabxanası var layihənin.

Şamo Abasovun yaradıcılığı ilə tanışlıq layihənin axarlı tədbirlərindən biri oldu. Şamo Abasovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur. Bu gündən isə ə əsərlər “Xalq əmanəti”nə daxil edildi.

Rəssam 2014-cü ilin yazında Ziyarət dağının həsrəti ilə Bakıda dünyasını dəyişib.
2021-ci ilin payızında Cəbrayıl, Ziyarət dağı 27 illik işğaldan azad edildi. Şəksiz, Şamo Abasovun ruhu şaddır və Ziyarətin başında pərvaz edir.

Rəssamın əsərlərindən ibarət sərgi isə Xalq Bankın Əsas binasında davam edir.
(Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək.

Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Bir gün Şamo Abasovun əsərlərinin Cəbrayılda sərgilənməsi arzusu ilə…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm