Avropada iki böyük bank birləşdi
Bizi izləyin

Avropa

Avropada iki böyük bank birləşdi

İsveçrənin maliyyə bazarlarında çətin vəziyyətə düşən “Credit Suisse“ (CS) bankı ölkənin ən böyük bankı UBS (Union de Banques Suisses) ilə birləşib.

Publika.az xəbər verir ki, UBS bankının öz rəqibini iflasdan xilas etməsi İsveçrə Milli Bankının müvafiq zəmanətləri əsasında gerçəkləşib. UBS payların alınması üçün üç milyard İsveçrə frankı ödəyəcək. İki bank birləşdikdən sonra onların nəzarət etdiyi maliyyə imperiyası 3,4 trilyon ABŞ dollarına çatacaq.

UBS bankının Nəzarət Şurasının rəhbəri Kolm Kelleher bildirib ki, bankların birləşməsi UBS səhmdarları üçün cəlbedici olsa da, bu proses “Credit Suisse“ üçün son anda xilas idi.

Adətən bu kimi bank birləşmələri və ya bir bankın digərinin bütün səhmlərini alması altı həftəyədək davam edən mürəkkəb bir maliyyə prosesidir, lakin birjalarda yaranmış gərginliyi və mümkün bank böhranını nəzərə alaraq, bazar ertəsi birjaların açılmasından öncə ölkədə və eyni zamanda beynəlxalq səviyyədə bank sektorunda sabitliyi təmin etmək lazım idi. Buna görə də İsveçrə hökuməti və Mərkəzi Bankı həftəsonu bütün müvafiq tərəflərlə “Credit Suisse“ bankının xilası üçün danışıqlar aparıb.

Qeyd edilməlidir ki, İsveçrənin iki nəhəng bankının birləşməsi 2008-ci il dünya maliyyə böhranından sonra Avropada ən böyük bank birləşməsidir. UBS bankının risklərini azaltmaq üçün İsveçrə hökuməti potensial itkilər üçün 9 milyard frank həcmində zəmanətə razılıq verib.

“Credit Suisse“ dünyada ən böyük sərvət idarəedici banklarından biridir və dünyanın 30 sistem bankları sırasında yer alır. Bu qəbildən olan bankların iflası beynəlxalq maliyyə sistemi üçün ciddi fəsadlar törətdiyini nəzərə alaraq, İsveçrə hökuməti bu bankın xilası və onun ayaqda qalması üçün bütün gücünü sərf etməli olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm