Avropa İttifaqı Macarıstanı 200 milyon dollar cərimələdi
Bizi izləyin

Avropa

Avropa İttifaqı Macarıstanı 200 milyon dollar cərimələdi

Avropa İttifaqının (Aİ) Ədliyyə Məhkəməsi Macarıstanı qaçqınların qəbulu ilə bağlı qaydaları pozduğuna görə 200 milyon dollar cərimə ödəməyə məcbur edib.

Publika.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

Budapeştin qaçqınların beynəlxalq müdafiə prosedurlarına çıxışını məhdudlaşdırdığı, onları saxladığı və qeyri-qanuni olaraq qalan üçüncü ölkə vətəndaşlarını Macarıstandan çıxardığı iddia edilir. Öhdəliklərə əməl edilməməsi Aİ Ədalət Məhkəməsi tərəfindən “Aİ qanunvericiliyinin görünməmiş və çox ciddi pozuntusu” adlandırılıb.

Məhkəmə hələ 2020-ci ilin dekabrında Macarıstanın qanuna əməl etmədiyinə qərar vermişdi. Söhbət 2015-ci ildə baş vermiş pozuntulardan gedirdi. Ölkənin səlahiyyətli orqanları məhkəmənin qərarına tabe olmayıb və buna görə də Avropa Komissiyası Macarıstanı cərimələməyi tələb edərək yeni iddia qaldırıb. Məhkəmənin qərarında deyilir ki, Budapeştin davranışı Aİ qanunvericiliyinə təhlükə yaradır və həmçinin məsuliyyəti, o cümlədən maliyyə məsuliyyətini blokun digər ölkələrinin üzərinə yükləyir.

Qeyd edək ki, Avropadakı miqrasiya böhranı fonunda Macarıstan qaçqınlarla bağlı sərt siyasət yürütməyə başlayıb. 2015-ci ilin sentyabrında Aİ ölkələri miqrant axınını ilk qəbul edən Yunanıstan və İtaliyaya kömək etmək üçün birlik daxilində 160 min qaçqını paylamağa razılaşıblar. Macarıstan hakimiyyəti isə qaçqınların qəbulu üçün belə bir sistemə qəti şəkildə qarşı çıxıb.

2019-cu ilin may ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Macarıstanın qaçqınların hüquqlarını kobud şəkildə pozduğunu bildirib. Xüsusilə, hakimiyyət orqanlarının miqrantları saxlayıb tranzit mərkəzinə yerləşdirdiyi, orada yeməksiz saxladığı və qaçqın statusu ilə bağlı işlərə fərdi qaydada deyil, kütləvi şəkildə baxdığı iddia edilirdi.

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm