Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərildi
Bizi izləyin

Avropa

Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərildi

Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərildi

Ukraynada “Hava həyəcanı” (Повітряна тривога) mobil tətbiqinə haker hücumu həyata keçirilib. Nəticədə istifadəçilərə ölkə ərazisində nüvə təhlükəsi və küçə döyüşləri ilə bağlı saxta xəbərdarlıqlar göndərilib.

Publika.az UNIAN-a istinadla xəbər verir ki, noyabrın 1-i axşam saatlarında tətbiqdən istifadə edən ukraynalıların mobil telefonlarına nüvə təhlükəsi və küçə döyüşləri barədə bildirişlər daxil olub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, “Hava həyəcanı” tətbiqi haker hücumuna məruz qalıb.

Hakerlər istifadəçilərə rus dilində Ukraynaya “Oreşnik” raketinin göndərildiyi və ölkə üzrə nüvə həyəcanı elan olunacağı barədə saxta mesaj da yayıblar. İstifadəçilərə bildirişlərdə göstərilən şübhəli keçidlərə daxil olmamaq tövsiyə edilib.

Tətbiqin yaradıcıları baş verən insidentlə bağlı açıqlama yayaraq, naməlum şəxslərin sistemin fəaliyyətinə icazəsiz müdaxilə etdiyini təsdiqləyiblər. Təhlükəsizlik tədbirləri çərçivəsində push-bildirişlər söndürülüb, tətbiqin fəaliyyəti isə müvəqqəti dayandırılıb.

Yaradıcıların bildirdiyinə görə, tətbiqdə şəxsi məlumatlar saxlanılmadığından istifadəçilərin fərdi məlumatları üçün təhlükə yoxdur. Xidmətin fəaliyyətinin yaxın vaxtlarda bərpa ediləcəyi gözlənilir.

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi tətbiq işləmədiyi müddətdə vətəndaşları təhlükə barədə məlumat almaq üçün dövlətin fövqəladə xəbərdarlıq sistemindən və rəsmi mənbələrdən istifadə etməyə çağırıb.

Kiyev Şəhər Dövlət Administrasiyası isə paytaxtda “Kiyev Rəqəmsal” tətbiqinin və küçə xəbərdarlıq sisteminin normal fəaliyyət göstərdiyini açıqlayıb. Bildirilib ki, hava hücumu təhlükəsi yarandığı təqdirdə sakinlər bu sistemlər vasitəsilə məlumatlandırılacaqlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm