Maskalı uşaqlar, qalib gələn at, dağ başında tonqal - Borçalıdan "Novruz" sədası - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Maskalı uşaqlar, qalib gələn at, dağ başında tonqal - Borçalıdan "Novruz" sədası - FOTOLAR

Maskalı uşaqlar, qalib gələn at, dağ başında tonqal

Çoxdandı qədim türk yurdu olan Borçalının və Faxralının bayram adətləri ilə bağlı yazı yazmaq istəyirdim. Bu fürsət lap göydəndüşmə olmuşdu.

Səfərə tək çıxmamışdım.

Dostlarım, gənc yazar Dilqəm Əhməd, Həsən Həsənov və Gündüz Qaralov da bayram tətilindən istifadə eləyərək mənimlə tarixi torpaqlarımızı ziyarətə gəlmişdilər.

Faxralıda bayram Bakıda və Azərbaycanın bir çox digər bölgələrindən fərqli olaraq mart ayının 21-i qeyd olunur. Biz də dostlarla ayın 21-i səhər erkəndən kənd meydanına tərəf yola düşdük.

Hələ Bakıda olarkən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlidən məlumat almışdım ki, bu il də Novruz hər il olduğu kimi qədim adətlərə uyğun keçiriləcək.

Bineyi-qədimdən adətdir, hər il bayramda Faxralıda həm öz kəndimizin, həm də qonşu kəndlərin sakinlərinin iştirakı ilə at yarışları, cıdır təşkil olunur. Qaliblərə kəndimizin maddi imkanlı şəxslərinin və “Borçalı” Cəmiyyətinin xüsusi hədiyyələri təqdim olunur.

...Biz meydana çatdıqda artıq bir xeyli adamı burada toplaşmış gördük. Qara zurnanın və Dəf toyunun sədaları adama əsl bayram əhval-ruhiyyəsi aşılayırdı. Hər kəsin üzündə bir bayram sevinci, türkiyəlilər demiş “tatlı bayram təlaşı” sezilirdi.

Qabaqcadan yarışda iştirak eləmək istəyən at sahiblərinə xəbərdarlıq olunmuşdu ki, həm tamaşaçılar, həm də süvarilər “Qənsələrin” qabağında toplaşacaqlar və oradan hamı birlikdə cıdırın keçiriləcəyi kəndin ayağındakı düzənliyə doğru hərəkət edəcək.

Haşiyə: Faxralıda kənd meydanına xalq arasında “Qənsələrin qabağı” deyirlər. “Qənsələr” sözü rus dilindəki “kanselyariya”- yəni idarə sözünün kənd camaatının dilində təhrif olunmuş forması idi. Hələ sovetin vaxtından burada dövlət və hökumət idarələri olub və camaat öz dərdini-sərini, sevincini bölüşmək üçün bu meydana toplaşarmışlar.

Artıq saat 12-ə yaxınlaşırdı. Meydandakı insan topluluğunun arasında atlılar da gözə dəyməyə başladılar. Quyruğu düyünlənmiş (bunu edirlər ki, yarış zamanı atın daha sürətli qaçışına əngəl törətməsin) çılpaq atları minən cavanlar meydanda o başa-bu başa gərdiş edərək yarış qabağı atları ilə bir növ isinmə hərəkətləri edirdilər.

Xüsusilə gözəgəlimli bir kəhər at hətta zurnanın və dəfin ahənginə uyğun rəqs də eləyirdi. Bir neçə dəfə sahibi tərəfindən şahə qaldırılan at sanki digər rəqiblərinə meydan oxuyurdu. Hadisələri qabaqlayaraq qeyd eləyim ki, yarışın qalibi də məhz bu kəhər oldu.

Artıq meydanda 500-ə yaxın adam və beş-altı da at var idi. Deməli yarış meydanına doğru hərəkət eləmək olardı. Digər qonşu kəndlərdən yarışa qoşulacaq atlılar birbaşa meydana gələcəkdilər.

Maşını olanlar maşınlarla, digərləri də piyada təxminən bir kilometr qədər uzaqlıqda olan meydana doğru hərəkətə başladılar.

Artıq cıdır meydanında böyük qələbəlik toplaşmışdı. Yarışa qonşu kəndlərdən gələnlərlə birlikdə 11 at qoşulacaqdı. Atlılar bir minik avtomobilinin müşayiəti ilə iki kilometr uzaqlıqdakı başlama nötəsinə doğru getdilər. Yarışın startı oradan veriləcəkdi və xalqın toplaşdığı məkanda sona yetəcəkdi.

Təxminən min nəfərə yaxın adam həyəcanla gözlərini üfüqə dikərək süvarilərin yolunu gözləyirdilər. Qara zurnanın və dəfin səsi isə xüsusi abu hava yaratmağa davam edirdi.

Bir müddət sonra artıq üfüqdə ilk atlılar görünməyə başladılar. Bu dəmdə çalğıçılar “Koroğlu cəngisi”ni səsləndirməyə başladılar.

Həyəcanla gözlənilən yarışın qalibi yuxarıda da qeyd elədiyim kimi Faxralı sakininə məxsus kəhər ürgə oldu.

İkinci yeri qonşu İmirhəsən kəndindən yarışa qatılmış göydəmir ürgə qazandı.

Üçüncü yerin sahibi də yerli at oldu. Kənd sakinlərindən öyrəndiyimə görə yenicə bala vermiş qırmızı “qısraq” üçüncülüyü qazandı.

Yarış başa çatdıqdan sonra “Borçalı” Cəmiyyətinin nümayəndəsi və Faxralı kəndinin ağsaqqalı, ziyalısı Əmirxan Babaşov mükafatçıları müəyyən məbləğdə pulla və elin qədim adətinə uyğun olaraq kəlağayı yaylıqla təltif elədi. Birinci yerin sahibi atın boynuna qırmızı kəlağayı, ikinciyə mavi, üçüncü gələnə isə ağ kəlağayı bağlandı.

Bayram isə hələ indicə başlamışdı. Yarışdan sonra camaat gəldiyi kimi də dağılışmağa və artıq bayramı evlərində keçirmək üçün hazırlıqlar görmək üçün evlərinin yolunu tutmağa başladılar.

Gənc yazara bayram günü Faxralıda çörək yeməyə icazə vermədilər...

Biz də dostlarla bir az da kəndi gəzmək məqsədi ilə yenidən piyada kənd meydanına doğru addımlamağa başladıq.

Bu zaman maraqlı bir hadisə baş verdi. Kəndin girəcəyindəki çörək bişirmə sexindən gələn qoxu bizimkiləri elə məst elədi ki, gedib oradan çörək almaq və yolboyu yemək istədilər. Mənim kəndin içində belə şeylər qəribə qarşlılanar deyə etiraz etməyimdən sonra məcburi razılaşdılar. Ancaq onu da deyim ki, Dilqəm orada qaldığı beş gün ərzində hər gün bu hadisəni yadıma salıb yarı zarafat, yarı ciddi bir xeyli danladı məni.

Faxralıda bayramın gecəsi xüsusi maraqlı olur. Əvvəlcə hava qaralan kimi kəndi əhatə eləyən qarşı-qarşıya iki dağın zirvəsində tonqallar alovlandı.

İlk olaraq “Yovşanlı təpə” deyilən yüksəklikdən göründü alovlar. Kəndin cavanları yan-yana yeddi tonqal yandırmışdılar. Təxminən yarım saat sonra “Gözəl dağı”ndan da alovlar göylərə yüksəldi.

Kəndin cavanları artıq çərşənbələrdən başlayaraq imkan olduqca ilboyu topladıqları irili-xırdalı avtomobil və traktor təkərlərini dağlara daşıyırlar. Hər məhəllənin öz tonqalı olur və kimin tonqalı daha uzunmüddətli yanacaq deyə bir prinsipiallıq da olur. Bayram günü isə hər məhəllədən bir igid hava qaralan kimi atını minərək gedib öz məhəlləsinin tonqalını alovlandıraraq geri dönür.

Bayram tonqalları gecənin bir yarısına kimi yanaraq dostlara bayram sevinci bəxş elədi.

Kəndimizdəki əsas Novruz atributlarından biri də maskalıların qapı-qapı gəzməsidir. Cavan-cümrü bayram axşamı müxtəlif cür maskalanaraq dəstə-dəstə yaxınların, qohumların evlərinə baş çəkərək həm bayram paylarını alırlar, həm də ev sahiblərini təbrik edirlər. Bəzi hallarda hətta ev sahibləri maskalıların kim olduqlarını bilmirlər.

Nişanlı oğlanlar, istəkli olanlar da bayram axşamı maska geyinərək adaxlılarını evlərinə gedirlər. Bu gözəl adət hələ də Faxralıda qorunub saxlanılır.

Beləcə, dostlarla bərabər uzun illər unuda bilməyəcəyimiz əla bir bayram günü keçirmiş olduq.

Zaur Xudiyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm