Bilgi.az
NASA-nın Marsa bənzətdiyi möcüzəli Azərbaycan ərazisi - palçıqda batan pullar
Təbiət turizm sektorunun əsas obyekti hesab olunur.
Əslində turist deyəndə ilk növbədə təbiət, ətraf aləm yada düşür.
Turistə göstərilən xidmət, mətbəxin zənginliyi, təşkil olunan
marşrutlar isə bütöv obyektin subyektləri sırasına daxildir. Turizm
də elə bir sahədir ki, burada dağdan, çaydan, meşələrdən, hətta
vulkanlardan belə pul qazanmaq mümkündür. Əsas odur istək
olsun.
Palçıq vulkanlar: Turizm və vulkan ilk baxışdan bir-biri ilə
uyğun gəlmir. Amma bir qədər dərindən araşdıranda palçıq
vulkanlarının turizm sektorundakı əhəmiyyəti aydın görünür.
Azərbaycanın malik olduğu palçıq vulkanlarını, bunun turizmin
inkişafındakı rolunu araşdırıb.
25 milyon il tarixi olan vulkanlar
Dünyada füsunkar təbiəti ilə özünəməxsus yerə sahib olan
Azərbaycan palçıq vulkanları ilə də seçilir. Dünyada 800 palçıq
vulkanından 300-dən çoxu Azərbaycanda yerləşir. Bu vulkanların
əksəriyyəti Bakı və Abşeron yarımadasındadır. Onlardan bir neçəsi
isə təbiətin yaratdığı abidə formasındadır. Palçıq vulkanlarının
yerləşdiyi ərazilərdə yaşayış yerlərinin salınması həmin ərazilərin
dağılmasına səbəb olduğu üçün 2006-cı ildə 23 palçıq vulkanına
təbiət abidəsi statusu verilib. Həmin vulkanların etibarlı
mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının
mütəxəssislərinin iştirakı ilə "Palçıq vulkanları üzrə Elmi
Koordinasiya Şurası" yaradılıb. Eyni zamanda, bu vulkanların
əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyev 2007-ci il
avqustun 15-də onların mühafizəsi haqqında sərəncam imzalayıb. Bu
sərəncama əsasən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları
qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq, 52 palçıq vulkanına dövlət
təbiət qoruğu statusu verilib.
"Pilpilə", "Yanardağ", "Bozdağ", "Axtarma", "Qaynaca", "Hökməli",
"Binəqədi", "Saray", "Novxanı", "Zigilpiri", "Keyrəki", "Abix",
"Boğ-boğa", "Böyükdaş", "Otman-Bozdağı", "Lökbatan",
"Şonqar"...
Öz unikallığı ilə seçilən Azərbaycanın palçıq vulkanlarının ilk
fəaliyyəti təxminən 25 milyon il əvvələ aiddir. 1810-cu ildən bu
günə qədər 50-yə qədər vulkan təxminən 200 dəfə püskürüb.
NASA-nın bənzətməsi
Azərbaycanın palçıq vulkanları dünyada müəyyən qədər tanınır. Bu
baxımdan, məhz palçıq vulkanına görə ölkəmizə gələn turistlər var.
Turistlərin daha çox maraq göstərdiyi aktiv vulkanlar qrupu
Bakı-Ələt avtomobil yolunda, Qobustan qəsəbəsindən cənubda, Daşgil
ərazisində yerləşir. Maraqlı faktlardan biri odur ki, NASA (ABŞ
Milli Aerokosmik Agentliyi) geoloqları Azərbaycanın palçıq
vulkanları yerləşən ərazisini Mars planetinə bənzədirlər. Onların
fikrincə, Azərbaycan ərazisindəki palçıq vulkanları öz quruluşuna
görə Marsın yüksəkliklərinə oxşayır.
Qeyd edək ki, İsveçrənin "New 7 Wonders Foundation"
qeyri-kommersiya təşkilatının bir neçə il öncə keçirdiyi "Təbiətin
7 möcüzəsi" adlı beynəlxalq müsabiqəsində Azərbaycanın palçıq
vulkanları 5-ci yer tutub. Bununla yanaşı, 2004-cü il sentyabrın
15-də Azərbaycanın palçıq vulkanları böyüklüyünə və
özünəməxsusluğuna görə, "Ginnesin Rekordları Kitabı"na düşüb.
Müalicəvi və ekoturizm
Palçıq vulkanlarının turizm üçün iki mühüm amili var.
Birincisi ekoturizmdir (ekoloji turizm). Turizmin bu növünə
marağı olan turistlər insan əlinin daha az dəydiyi, yaxud
ümumiyyətlə dəymədiyi, antropoloji müdaxiləyə məruz qalmadığı
yerləri ziyarət etməyi sevirlər. Azərbaycanın palçıq vulkanları
ekoturizm üçün əsas məkanlardan biri hesab oluna bilər.
Ekoturistlər üçün ən maraqlı səyahətlərdən biri də vulkan olan
adalara səyahətin təşkil edilməsidir. Xərə-Zirə, Qarasu, Zənbil
kimi adalar bu qrupa daxildir. Turistlərin bu adalara gəmi ilə
səyahətini təşkil etmək onların marağının cəlb olunmasında mühüm
rol oynaya bilər.
İkincisi müalicəvi turizmdir. Dünya təcrübəsində mədə-bağırsaq,
mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri-boğaz və
digər xəstəliklərin müalicəsində palçıq vulkanlarından geniş
istifadə olunur. Palçıq vulkanlarına yaxın ərazilərdə
sanatoriyaların yaradılması müalicəvi turizmin inkişafına imkan
yarada biləcək amilərdəndir.
Turistləri cəlb etmək üçün nə etməli?
Lakin etiraf olunmalıdır ki, Azərbaycan bu möcüzəsindən lazım
olan qədər qazanc götürə bilmir. Halbuki, turistlərə təklif
olunacaq ən unikal özəlliklərdən biri də məhz palçıq
vulkanlarıdır.
Turistləri bu möcüzəyə cəlb etmək üçün hər şeydən öncə reklam
işinin yaxşı aparılması vacibdir. Ümumiyyətlə turizmdə reklam əsas
faktor hesab olunur. Nümunə üçün deyək ki, Türkiyə 2007-ci ildə
dünyadakı tarixi abidələrlə bağlı internet üzərindən keçirilən
müsabiqəyə Ayasofya abidəsini daxil etmişdi. Türkiyə Mədəniyyət və
Turizm Nazirliyinin məlumatına görə, bu müsabiqədən sonra həmin
ildə İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni
görmək üçün gəlib.
Palçıq vulkanlarının reklamı bir neçə istiqamətdə aparıla
bilər.
Birincisi: turistlərin diqqətini cəlb etmək üçün bu vulkanların
Mars planetinin relyefinə bənzərliyi haqda reklam çarxları çəkilə
bilər. Bu amil böyük ehtimalla xarici turistlər tərəfindən maraqla
qarşılanacaq.
İkincisi: turistlərin diqqəti cəlb olunduqdan sonra palçıq
vulkanlarının ekoturizm tərəfi təbliğ oluna bilər.
Üçüncüsü: bu vulkanların müəlicəvi əhəmiyyəti də geniş şəkildə
reklam olunmaqla, turistlərin cəlb edilməsi təmin edilə
bilər.
Palçıq vulkanlarının turizmdə yerini möhkəmləndirilməsi üçün marşrutların təşkil olunması da vacibdir. Çünki turist hər şeydən öncə rahat marşrutun olmasına üstünlük verir. Digər tərəfdən, yerli turistlər arasında da ekoturlar təşkil oluna bilər.
Palçıqdan yaradıla biləcək yeni brend
Son olaraq qeyd edək ki, palçıq vulkanlarının daha bir özəlliyi kosmetologiyada istifadə olunmasıdır. Belə ki, müalicəvi əhəmiyyətə malik olan bu vulkanların palçığı kosmetik müalicə üçün əhəmiyyətlidir. Dünya təcrübəsi də göstərir ki, son dövrlər palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları geridə qoyur. Amerika Birləşmiş Ştatları təkcə 2015-ci ildə palçıqdan kosmetik vasitələrin satışından 27,9 milyon dollar vəsait qazanıb. Azərbaycanın palçıq vulkanlarının müalicəvi əhəmiyyətini nəzərə alsaq, kosmetik vasitələr bazarında yeni brend yaratmaq mümkündür. (admiral.az)
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir