Yadplanetlilərlə görüşən prezidentlər – ŞOK İDDİA – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yadplanetlilərlə görüşən prezidentlər – ŞOK İDDİA – FOTOLAR

Heç kimə sirr deyil ki, ABŞ rəsmiləri, eləcə də dünya siyasətinə təsir imkanı olan bir sıra Avropa ölkələri yadplanetlilərin mövcud olduğunu qəti şəkildə inkar edir, hətta indiyədək səmada uçan "tarelka"ya rast gəlmədiklərini bəyan edirlər. Buna baxmayaraq, insanlara sözügedən mövzu ətrafında düşünmək, bununla bağlı hər hansı fikir irəli sürmək, həmçinin müvafiq araşdırma aparmaq, informasiya toplamaq rəsmi şəkildə qadağan edilməyib.

Elə bu səbəbdən də bir qrup amerikalı jurnalist ufoloqlarla (uçan naməlum obyektlərin (UNO) tədqiqatını aparan elm adamları) birlikdə kifayət qədər maraqlı məlumat toplamağa müvəffəq olublar. Məhz bu araşdırmanın nəticəsində bəlli olub ki, ciddi cəhdlə UNO-ların varlığını gizlətməyə çalışan, nəyin bahasına olursa-olsun, sadə vətəndaşları buna inandırmağa can atan ABŞ yetkililəri əslində özləri bir neçə dəfə "yaşıl adamlar"la – yadplanetlilərlə ünsiyyətdə olublar. Məsələn, ABŞ hökumətinin sabiq müşaviri, görkəmli britaniyalı alim, ufoloq, Konqres və Pentaqonun keçmiş məsləhətçisi Timoti Qud Amerikanın 34-cü prezidenti Duayt Eyzenhauerin dəfələrlə UNO-larla görüşdüyünü bəyan edib. Onun sözlərinə görə, ABŞ-a rəhbərlik etdiyi dövrdə (1953-1964) Eyzenhauer Amerika Hərbi Hava Qüvvələrinin Nyu-Meksikada yerləşən hərbi bazasında "yaşıl adamlar"la ən azı 3 dəfə qarşılaşıb. Timotinin bildirdiyinə görə, bu hadisənin bir çox şahidi olub. Ufoloq iddia edir ki, bu görüşlər zamanı yadplanetlilər özlərini kifayət qədər sakit və səssiz aparıblar. Hətta ABŞ hökuməti ilə UNO-lar arasında müqavilənin imzalandığı da deyilir. Lakin hələlik həmin müqavilənin şərtləri geniş ictimaiyyətə bəlli deyil.

Beləliklə, 1950-ci illərin əvvəllərində iki disk formalı uçan naməlum obyekt təsadüfən Nyu-Meksikanın yaxınlığında radara düşüb. Bir qədər sonra isə zədələnmiş UNO məcburi eniş edib. Həmin naməlum obyektlərin kapitanları ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları dərhal telepatik (Parapsixologiyaya aid termindir. Uzaq məsafədən məlumat, fikir, düşüncə paylaşmaq deməkdir) əlaqə qurublar. 1954-cü ildə isə "yaşıl adamlar"la ABŞ hökumətinin yetkili şəxslərinin rəsmi görüşü təşkil olunub. Belə ki, 21 fevral 1954-cü il tarixdə ABŞ prezidenti Duayt Eyzenhauer "Edvards" hərbi bazasında Yer kürəsindən 37 işıq ili uzaqlığında yerləşən Zeta Retikuli sivilizasiyasının nümayəndələrilə görüşüb. Həmin görüş zamanı prezidentin məsləhətçisi qismində xüsusi tədqiqat fondunun direktoru Jerald Layt iştirak edib. Sonradan o, həmin görüş barədə çox cüzi məlumat verib. Görüş başa çatdıqdan sonra Eyzenhauer müzakirələrdə iştirak etmiş kardinal Ceyms Frensislə təkbətək söhbətləşib və ona tədbirin məxfiliyi barədə xəbərdarlıq edib. Zeta Retikuli sivilizasiyasının nümayəndələrinin xarici görünüşü barədə nəsə deməyə ehtiyac yoxdur. Çünki artıq əksər mətbuat orqanlarında, bir çox əcnəbi saytlarda onların fotoşəkilləri geniş yayılıb.

Qeyd edək ki, fevralın 21-də baş tutmuş görüşdən bir müddət sonra daha 2 görüş təşkil olunub. Lakin bu dəfə digər irqə mənsub yadplanetlilərlə qarşılaşıblar.

ABŞ-ın keçmiş Dəniz Qüvvələri komandiri Çarlz Saqqs yadplanetlilərlə keçirilmiş görüşlə bağlı bəzi məlumatları mediaya ötürüb. Komandir bildirib ki, o və daha bir neçə şəxs yadplanetliləri inzibati binanın yaxınlığında qarşılamalı idilər. Bu vaxt zabitlərdən biri göy üzündə şaquli və kəfgir formalı qəribə bulud görür. Təxminən bir dəqiqədən sonra 10 metr diametri olan obyekt onlara tərəf yaxınlaşıb. Həmin obyektin xarici qatı tutqun metaldan ibarət idi. Beləcə, yüngül fısıltı ilə o, yerə eniş edib. Maraqlı məqam ondadır ki, yadplanetliləri qarşılamağa gedənlər həmin vaxt havada ozon iyini hiss ediblər. Bu vaxt tam səssizlik hökm sürürdü.

ABŞ-ın keçmiş Dəniz Qüvvələri komandirinin sözlərinə görə, onlar insanlardan elə də ciddi şəkildə fərqlənmirdilər: "Yadplanetlilərdən biri Yer kürəsinə gəldikləri dairəvi obyektdən ensə də, digəri yerindən tərpənmədi. Onların boyu haradasa 2,5 metr olardı. Gözlərinin rəngi göy, çiyinlərinə qədər uzanmış saçları isə ağ rəngli idi. Onlar əl hərəkətləri ilə bizi başa saldılar ki, insanlara çox yaxınlaşa bilməzlər. Yadplanetlilər bizdən distansiyanı qorumağı tələb etdilər. Onlar ayaqlarını yerə qoyan kimi diqqətimi cəlb etdilər. Məlum oldu ki, yadplanetlilər yerdə gəzərkən sanki uçurlar. Onların ayaqlarının yerə dəyib-dəymədiyini başa düşmək olmurdu. Birinci görüşdə Eyzenhauer iştirak edirdi. Və həmin görüşdə yadplanetlilərlə hər hansı razılıq əldə olunmadı. Onlar bir neçə şərt irəli sürdülər. ABŞ hökuməti isə öz növbəsində, həmin şərtlərin icrasını məqsədəuyğun saymırdı. Onlar həmçinin ultimativ dildə danışır və ABŞ hökumətindən Zeta Retikuli sivilizasiyasının nümayəndələrilə əlaqə qurmamağı tələb edirdilər. Budan başqa, yadplanetlilər Yer kürəsinin əhalisinin mənəvi və intellektual səviyyəsini yüksəltmək istədiklərini bildiriblər. Bu vaxt Eyzenhauer onlardan ABŞ üçün yeni texnologiya, ən müasir avadanlıqlar istəsə də, "yox" cavabını aldı. Yadplanetlilər silah texnologiyasının inkişafına son qoymağı tələb etdikdən sonra danışıqlara yekun vurdular".

Qeyd edək ki, Eyzenhauerin 1954-cü ildə "yaşıl adamlar"la görüşdüyü artıq bir çox müstəqil ekspertlər, eləcə də rəsmi şəxslər tərəfindən öz təsdiqini tapıb. Məsələn, Nyu Hempşir ştatının konqresmeni Henri Makelroy 2010-cu ildə "The Huffington Post" xəbər portalında maraqlı bir videogörüntü yayımlayıb. Həmin videoda konqresmen ABŞ-ın 34-cü prezidenti Eyzenhauer tərəfindən tərtib olunmuş və imzalanmış gizli sənədi gördüyünü bildirib. Makelroyun sözlərinə görə, həmin sənəddə yadplanetlilərin Amerikada olduqları və prezidentin onlarla görüşdüyü əks olunub.

Böyük Britaniya Krallığının Müdafiə Nazirliyi tərəfindən 2010-cu ildə nəşr olunmuş sənədə əsasən demək olar ki, Uinston Çörçill də UNO-larla bağlı kifayət qədər məlumatlı olub, hətta onlarla qarşılaşıb. Ufoloqlar iddia edirlər ki, Çörçill naməlum uçan obyektlərin peyda olmasına necə reaksiya vermək barədə Eyzenhauerdən məsləhət alıb. Britaniya Müdafiə Nazirliyi bildirir ki, məhz Çörçil UNO-larla bağlı rəsmi sənədləri 50 il müddətinə məxfi saxlamaq barədə xüsusi göstəriş verib.

ABŞ-ın hazırkı prezidenti Barak Obamaya gəlincə, xarici mətbuat orqanları onun da yadplanetlilərlə görüşdüyünü vurğulayırlar. Məsələn, bir müddət öncə Amerika mediasında Obamanın "reptiloid"lər (insanabənzər yadplanetlilər) tərəfindən mühafizə olunmasına dair maraqlı məlumat yayılıb. Sübut kimi hətta müstəqil ekspertlər tərəfindən orijinal olduğu təsdiqlənən fotoşəkillər və videogörüntülər də təqdim edilib. Belə ki, tədbirlərin birində Obamanın yanında olan "reptiloid"lər jurnalistlərdən birinin kamerasına tuş gəlib. Qeyd olunur ki, başı keçəl olan "reptiloid"lər boyca hündür və olduqca vahiməlidirlər. Maraqlı məqam ondadır ki, Obama hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edib. ABŞ prezidenti, sadəcə, "Yadplanetlilərin olduğunu inkar və təsdiq edə bilmərəm" deməklə kifayətlənib…

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm