Kriminal
Xətai məhkəməsindən medianın susdurma cəhdinə “yaşıl işıq”
Xətai Rayon Məhkəməsi media azadlığı və ifadə azadlığı prinsipləri ilə ciddi ziddiyyət təşkil edən, presedent yarada biləcək qalmaqallı bir qərardada imza atıb.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə, barəsində uzun illərdir mətbuatda silsilə tənqidi və rəsmi ittihamlara söykənən xəbərlər dərc olunan Ülviyyə Əli qızı Cəlilzadənin ərizəsi əsasında bir qrup aparıcı media qurumuna qarşı müvəqqəti təminat tədbiri tətbiq edilib. Qərardada əsasən, yekun məhkəmə aktı qəbul edilənə qədər başda "Yeni Müsavat" qəzeti redaksiyası - Musavat.com, Musavat.biz olmaqla, Axar Media MMC, Minval.az MMC, Aqreqator.az MMC, Medianews.Az MMC, First Nyus Media MMC və Moderator.az MMC-nin internet resurslarında sözügedən şəxs barəsində gedən xəbərlərin linklərinin bloklanması, əlçatmazlığı və aktiv olunmasına "stop" qoyulması tələb olunur.
İddiaçı Ülviyyə Cəlilzadə məhkəməyə müraciət edərək media orqanlarına qarşı unudulma hüququ tələbi irəli sürüb. O, internet məkanında onunla bağlı mövcud olan bütün neqativ məlumatların müvəqqəti olaraq bloklaşdırılmasını istəyib. Hakim Sahibə Hacıyeva iddiaçının bu sorğusunu qismən təmin edərək, hələ işin mahiyyəti üzrə araşdırılması bitmədən, KİV-lərin arxivindəki materialların qapadılması barədə təcili icra edilməli olan qərardan çıxarıb.
Qeyd edək ki, bloklanması tələb olunan linklərin başlıqları və mövzuları sırasında - "Xanım şirkət rəhbəri ölkədən qaçıb, onun barəsində həbs qərarı çıxarılıb", "ABŞ-dan qayıdan xanım şirkət rəhbərinin ifadəsi", "Dəbdəbəli skandallarla bağlı rəsmi məlumatlar" və bu kimi vaxtilə cəmiyyətdə böyük rezonans doğurmuş real hadisələrə, hüquq-mühafizə orqanlarının və məhkəmə icraatlarının rəsmi gedişatına əsaslanan məqalələr var.
Məhkəmənin bu qərəzli və tələskən qərarı media ictimaiyyəti və hüquqşünaslar tərəfindən kəskin etirazla qarşılanıb. "Yeni Müsavat" Media Qrupunun hüquqşünasları və vəkilləri məsələyə dərhal reaksiya verərək, Xətai Rayon Məhkəməsinin bu qərardadını tamamilə qanunsuz hesab etdiklərini və onu mütləq şəkildə mübahisələndirəcəklərini bəyan ediblər. Vəkillərin ilkin hüquqi mövqeyində aşağıdakı fundamental qanun pozuntuları xüsusi qabardılır:
-İctimai maraq və jurnalist fəaliyyətinin məhdudlaşdırılması açıq-aşkardır. Dərc olunmuş xəbərlər fərdi şantaj və ya qərəz xarakterli deyil, vaxtilə baş vermiş real cinayət işləri, zərərçəkmiş şəxslərin şikayətləri və rəsmi ittihamlarla bağlıdır. Medianın cəmiyyəti məlumatlandırmaq funksiyası Konstitusiya ilə qorunur.
Burada unudulma hüququnun qanunvericilikdəki qeyri-müəyyənliyindan sui-istifadə açıq-aşkardır. Azərbaycan Respublikasının qanunvericiliyində Avropa standartlarında nəzərdə tutulan spesifik unudulma hüququ mexanizmləri media arxivlərinin məhkəmə hökmü olmadan, sadə bir iddia ərizəsi ilə silinməsini və ya gizlədilməsini nəzərdə tutmur. Çıxarılmış qərardad ifadə azadlığına zərbədir. Bir şəxsin keçmişdəki neqativ fəaliyyəti barədə gedən və həqiqəti əks etdirən xəbərlərin bu şəkildə müvəqqəti təminat adı ilə dərhal qapadılması cəmiyyətin informasiya almaq hüququna və azad mətbuata qarşı açıq basqıdır.
"Məhkəmə hələ işin mahiyyətinə baxmayıb, iddiaların nə dərəcədə əsaslı olub-olmadığını yoxlamayıb. Lakin iddiaçının bir müraciəti ilə medianın illərlə apardığı araşdırmaları, rəsmi mənbələrə söykənən xəbərləri bir toxunuşla bloklamaq qərarı çıxarıb. Bu, presedent ola bilməz. Əgər hər kəs məhkəməyə gəlib mənim haqqımda keçmişdə yazılan cinayət xəbərlərini silin deyib müvəqqəti təminat qərarı alsa, Azərbaycanda media arxivindən və araşdırma jurnalistikasından əsər-əlamət qalmaz. Qərardaddan qanunla müəyyən edilmiş 10 gün müddətində yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti veriləcək və bu hüquqi absurdu sona qədər mübahisələndirəcəyik", deyə “Yeni Müsavat” Media Qrupunun hüquqşünası Vaqif Hüseyn bildirib.
Maraqlıdır ki, hakim Sahibə Hacıyeva iddiaçının digər şəxslərə də bu xəbərləri yaymağı qadağan edlməsi tələbini qeyri-müəyyən olduğu üçün rədd etsə də, konkret siyahı üzrə media qurumlarının fəaliyyətinə dərhal müdaxilə etməkdən çəkinməyib. Protokoldan göründüyü kimi, hakim məhkəmə iclasından kənar, cəmi 10 dəqiqə ərzində saat 10:15-dən 10:25-ə qədər bu qədər taleyüklü, medianın fəaliyyətini məhdudlaşdıran qərardadı qəbul edib. "Yeni Müsavat" Media Qrupu olaraq bildiririk ki, söz və ifadə azadlığının, eləcə də oxucularımızın dürüst informasiya almaq hüququnun qorunması naminə bu işi ölkənin hüquq müstəvisində ən yüksək instansiyalara qədər daşıyacağıq. Məhkəmələrin şəxsi mənafeləri qorumaq xatirinə azad medianı susdurmaq alətinə çevrilməsinə yol vermək olmaz.
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər







.png)


.png)






























