Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi - TƏFƏRRÜAT

Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda arvadını öldürməklə hədələyən kişi həbs edilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Səidə Məmmədova (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə həyat yoldaşı tərəfindən şiddət görməsi barədə müraciət edib.

Müraciət əsasında ünvana yollanan polis əməkdaşları Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Faiqi saxlayıblar.

Məlum olub ki, o, sərxoş vəziyyətdə yaşadığı ünvana gəlib və həyat yoldaşı ilə mübahisə yaradıb. Bu zaman qadın qapını açmayıb.

Bundan əsəbləşən Faiq mənzilin qapısını təpiklə və əllə döyüb, arvadının ünvanına nalayiq ifadələr işlədib, səs-küy salaraq qonşuların və ətrafdakı digər şəxslərin diqqətini cəlb edib.

Həmçinin Faiq polisin qanuni tələblərinə tabe olmayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə iş qaldırılıb.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, həyat yoldaşı Faiq hər gün sərxoş vəziyyətdə yaşadığı mənzilə gəlib və onunla mübahisə edib: “Həmçinin uşaqlarımın gözü qarşısında qışqırıb, ailədə davamlı olaraq gərginlik yaradıb. Həyat yoldaşımın bu davranışlarından qorxduğum üçün bəzi hallarda mənzilin qapısını açmıram. Belə hallarda o, qapını döyüb və təpikləyib, yüksək səslə səs-küy salıb. Qonşuların yanında ünvanıma söyüş və nalayiq ifadələr işlədərək məni təhqir edib. Yaranmış səs-küy nəticəsində qonşular hadisə yerinə toplaşıb və bizi sakitləşdirməyə, mübahisənin qarşısını almağa çalışıblar”.

Zərərçəkmiş deyib ki, həyat yoldaşının bu hərəkətləri ilə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib: “Polis əməkdaşları müraciətlər əsasında hadisə yerinə gəlsələr də, ərim onların gəldiyini gördükdə hadisə yerindən qaçaraq gizlənib. Buna görə də əvvəlki hallarda onun saxlanılması mümkün olmayıb. Sonuncu dəfə də ərim sərxoş vəziyyətdə gələrək əvvəlki hərəkətlərini təkrarladı. Bundan sonra yenidən “102” xidmətinə müraciət etdim. Hadisə yerinə gəlmiş polis əməkdaşlarını görən Faiq qaçmağa cəhd göstərdi. Polis əməkdaşları onun arxasınca gedərək saxladı və polis şöbəsinə apardılar”.

Zərərçəkmiş deyib ki, Faiq əvvəllər votsapda ona mesajlar göndərərək onu ölümlə, uşaqlarını aparmaqla hədələyib. Onun sözlərinə görə, işlədiyi yerə gələrək, onu zorla iş yerindən çıxaracağı məzmununda hədələr də edib.

Təqsirləndirilən Faiq izahatında bildirib ki, , həqiqətən də qeyd olunan əməlləri törədib: “Hərəkətlərimin səbəbini ailəmdən ayrılmaq istəməməm, həyat yoldaşım ilə barışaraq ailəmi bərpa etmək və övladlarımın yanında olmaq istəyi olub. Qeyd edilən hərəkətlərə sərxoş vəziyyətdə olarkən yol vermişəm, davranışımın düzgün olmadığını sonradan anlamışam. Əməlimdən peşmanam. Səhvə yol verdiyimi etiraf edirəm. Gələcəkdə bu cür hərəkətləri bir daha təkrarlamayacağıma söz verirəm”.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Faiq 20 gün müddətinə həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm