Sadist-stomatoloqun məhkəməsi başlayıb
Bizi izləyin

Dünya

Sadist-stomatoloqun məhkəməsi başlayıb

Fransada sadist-stomatoloqun məhkəməsi başlayıb. 51 yaşlı holland həkim Jacobus van Nierop bilərəkdən pasiyentlərinin sağlam dişlərini çıxarır, onların çənələrini zədələyir, yaralarına qəsdən infeksiya yoluxdururmuş.

Van Nierop uzun müddət özünü peşəkar kimi qələmə verməyi bacarıb. O, bir işədüzəltmə agentliyi vasitəsilə 2008-ci ildə Şato-Şinon kəndində işə başlayıb. Kənd sakinləri dişlərini müalicə etdirmək üçün həvəslə təzə həkimin yanına gediblər. Amma zaman keçdikcə bu həvəs öz yerini şübhəyə verib.

2012-ci ildə Van Nieropun qəbulunda olmuş 65 yaşlı bir təqaüdçü deyir ki, həkim onun bir dəfəyə 8 dişini çıxarıb. 3 gün ağzının qanı kəsilməyib. 80 yaşlı bir qocanın sözlərinə görə, həkim onun dişini elə çıxararıb ki, bu zaman ət parçaları bütün kabinetə səpələnib. Doğrudur, pasiyentlər həmin an ağrı hiss etməyiblər. Onların bildirdiyinə görə, stomatoloq pasiyentlərin hissiyyatını tamamilə öldürən qəribə anesteziya növündən istifadə edirmiş.

Başqa bir yaşlı qadın isə həkimin qəbulunda olandan sonra nəinki bir neçə dişini itirib, həm də ciddi infeksiya yoluxması ilə üzləşib.

Ümumilikdə, sadist-stomatoloqun amansız fəaliyyətindən yüzədək pasiyent zərər çəkib. Bu, hələ 2013-cü ildə həkimdən polisə şikayət edənlərin sayıdır. Polis araşdırmadan sonra həmin il Van Nierop-u saxlayıb. Ancaq Fransa qanunlarının yumşaq olması səbəbindən o, həbsxanaya düşməkdən qurtularaq ölkəni tərk edib. Lakin 2014-cü ilin dekabrında Kanadanın kiçik bir şəhərində yenidən həbs olunub.

Yerli medianın məlumatına görə, tutularkən Van Nierop özünə qəsd etmək istəyib. Ancaq buna nail olmayıb. Sonra isə deyib ki, psixoloji problemləri var. Buna görə Niderlanda və ya Fransaya ekstradisiya olunmasına etiraz edib.

Daha sonra o bir müddət psixiatrik klinikada saxlanıb. İlk həyat yoldaşını öldürdüyü və transseksual olduğu barədə rəvayətlərinə baxmayaraq, həkimlər onun tam anlaqlı olduğunu təsbit ediblər. Üstəlik, Fransaya gəlməzdən qabaq bənzər əməlinə görə ona qarşı Niderlandda da iş açıldığı məlum olub.

Pasiyentlərin sağlamlığına zərər vurmaqdan başqa, sadist-stomatoloq sığorta şirkətlərini aldatmaqda da günahlandırılır. Günahı sübuta yetirilərsə, onu 10 il müddətinə həbs və 150 min avro məbləğində cərimə gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm