Obama bu qanunu imzalasa, Səudiyyə Ərəbistanı...
Bizi izləyin

Dünya

Obama bu qanunu imzalasa, Səudiyyə Ərəbistanı...

ABŞ Konqresinin Senatı 11 sentyabr terror aktında zərərçəkənlərə və qurbanların ailələrinə Səudiyyə Ərəbistanını məhkəməyə vermək hüququnu nəzərdə tutan qanun layihəsini bəyənib.

Publika.az xəbər verir ki, bu haqda “The Independent” bildirib.

Qanun layihəsi bundan sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənməli və ABŞ prezidenti tərəfindən imzalanmalıdır. Ancaq Barak Obama artıq bildirib ki, sənədə veto qoyacaq.

Nyu-York və Texas senatorları Çak Şumer və Con Kornin tərəfindən Konqresə təqdim olunmuş qanun layihəsinə görə, söhbət “Amerika torpağında, Amerika vətəndaşlarını öldürmək qəsdində şübhəli bilinən dövlətlərin toxunulmazlığının ləğv olunması”ndan gedir. Bu qanunda heç bir konkret ölkə adı çəkilməsə də söhbətin məhz Səudiyyə Ərəbistanından getdiyi məlumdur.

Ər-Riyadın qəzəbinə səbəb olmuş qanun layihəsi 2001-ci il 11 sentyabr terror aktına görə məsuliyyəti məhz bu ölkənin üzərinə qoymaq məqsədi güdür. “The New York Times” qəzeti yazır ki, Ağ Ev bu qanunun qəbul edilməməsi üçün Konqresə təzyiq göstərir. Amerika hökuməti bu mövqedədir ki, Vaşinqtonun Yaxın Şərqdəki ən yaxın müttəfiqi ilə münasibətlərinin korlanması ölkənin milli təhlükəsizliyinə ciddi hədə ola bilər.

Səudiyyə Ərəbistanı isə ABŞ-ı hədələyərək bəyan edib ki, Konqres “11 Sentyabr” haqqında qanunu (9/11 Bill) qəbul edərsə, Ər-Riyad ABŞ-a qoyduğu 750 milyard dollarlıq investisyanı geri çəkəcək. Söhbət təxminən 750 milyard dollar dəyərində olan ABŞ qiymətli kağızlarının və başqa aktivlərinin satılmasından gedir.

2001-ci il 11 sentyabrda ABŞ-da terror aktları həyata keçirən 19 terrorçudan 15-nin Səudiyyə vətəndaşı olduğu bildirilir. Onlar iki təyyarəni Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin binalarına çırpıb, birini Pentaqonun binasına yönəldiblər, daha biri isə Pensilvaniya ştatında düşüb. Təxminən 3 min nəfər hücumların qurbanı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm