Rusiya ABŞ və Böyük Britaniya xüsusi təyinatlılarını bombaladı
Bizi izləyin

Dünya

Rusiya ABŞ və Böyük Britaniya xüsusi təyinatlılarını bombaladı

Rusiya hərbi hava qüvvələri Suriyada ABŞ və Böyük Britaniya tərəfindən istifadə edilən hərbi bazaya aviazərbələr endirib.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin məlumatına görə, hadisə 16 iyun 2016-cı il tarixində baş verib. Rusiyanın Hava-kosmik güclərinin təyyarələri ölkənin cənubi-şərqində - İordaniya sərhədinin yaxınlığında yerləşən Suriya müxalifətinin bazasını bombalayıb. Bazadan Britaniya və Amerika xüsusi təyinatlı dəstəsinin əməliyyatları üçün dayaq məntəqəsi kimi istifadə olunurdu.

Qərb ölkələrinin hərbi qulluqçularından heç kim zərər çəkməyib. Britaniyanın 20 hərbi qulluqçusu aviazərbələrdən bir gün əvvəl bazanı tərk ediblər. Aviazərbələr nəticəsində loyal müxalifətin dörd döyüşçüsü həlak olub.

Nəşrin yazdığına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya Müdafiə Nazirliyindən izahat tələb edib. Rusiyada hərbi mənbələr bildirirlər ki, həmin bazada Amerika və Britaniya xüsusi təyinatlı dəstəsinin olması barədə informasiyaya malik olmayıblar. Mənbələr qeyd edir ki, bazanı İŞİD terror təşkilatının döyüşçülərinin dayaq məntəqəsi kimi qəbul edirlər.

“The Wall Street Journal” hesab edir ki, xüsusi təyinatlı dəstənin bazasına zərbə ABŞ-a təzyiq üzrə Rusiyanın planının bir hissəsidir. Nəşr bildirir ki, Moskva Vaşinqtonu İŞİD-lə mübarizədə daha sıx əməkdaşlığa məcbur etmək istəyir.

Rusiya prezidentinin mətbuat katibi isə informasiyanı şərh etməkdən imtina edib. Onun sözlərinə görə, Kreml bu hadisə haqqında məlumatlı deyil və qəzet qeydlərinə reaksiya verməyə ehtiyac görmür.

“İnterfaks” agentliyinə danışan Moskvadakı məlumatlı hərbi-diplomatik mənbə Amerika və Britaniya hərbçilərinin istifadə etdiyi bazaya avizərbələrin endirildiyini təsdiqləyib.

“Bu məsələdə artıq Rusiya tərəfi bütün izahatları verib. Bu mövzuda Rusiya və amerika hərbçiləri arasında video konfrans keçirilib. Müzakirələrin təkrarı üçün səbəb yoxdur”, - agentliyin həmsöhbəti bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm