Dünya
Şahmat taxtasında strateji gediş – “Fərat Qalxanı”nın KODLARI
“Fərat Qalxanı” əməliyyatı Suriya şahmat lövhəsində balansları dəyişdirmiş strateji gediş oldu.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyyət” nəşrində Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Cerablus mahalında həyata keçirdiyi əməliyyatı şərh edən Dəniz Zeyrək yazıb.
Onun sözlərinə görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatı Suriyanın şimalında Münbic şəhərindən sonra daha bir strateji məntəqəni itirmiş oldu. İkincisi, PYD Türkiyənin “qırmızı xətti”ni (Fərat çayının qərb hissəsi Türkiyənin “qırmızı xətti” hesab olunur – red.) de-fakto tanımalı olacaq. Üçüncüsü, İŞİD-dən azad olunan ərazi Türkiyə üçün kritik əhəmiyyətə malik təhlükəsiz zonaya çevrilə bilər. Dördüncüsü, Türkiyə və Azad Suriya Ordusunun əli danışıqlar masasında güclənəcək.
Cerablus Türkiyə üçün niyə əhəmiyyətlidir?
Rəsmi Ankaranın fikrincə, əgər Azez-Cerabluz dəhlizinə Türkiyə, yaxud da ona dost qrup nəzarət edərsə, bu, sərhədin təhlükəsizliyi nöqteyi-nəzərindən üstünlükləri təmin edəcək. Dəhlizi İŞİD-dən təmizləmək kifayət edirmi?
Xeyr, bu azdır. Çünki, Türkiyə dəhlizi yalnız İŞİD-dən təmizləməyə çalışmır. Ankara üçün həm də həyati əhəmiyyət daşıyır ki, dəhliz PYD-nin əlinə keçməsin. Əgər PYD bu əraziləri “kürd dəhlizi”nə çevirərsə, burada federasiya yarana bilər. Bu, nəticədə uzunmüddətli perspektivdə Suriyanın ərazi bütövlüyünü və Türkiyənin təhlükəsizliyini təhdid edə bilər. Buna görə də Ankara dəhlizi yalnız təmizləməyi arzu etmir, həm də istəyir ki, dəhlizə onun tərəfindən dəstəklənən Azad Suriya Ordusu nəzarət etsin.
Niyə “Fərat Qalxanı”?
Bu sualın cavabı xəritədə görünür. Türkiyə PYD-yə “Qərbə keçmə!” deyir. Buna baxmayaraq, PYD ABŞ-ın dəstəyi ilə Karkamış sərhəd-keçid məntəqəsindən 31 kilometr cənubda, Fəratın qərbində yerləşən Münbici İŞİD-dən alıb. PYD Münbicdən sonra Cerablusu almaq istəyirdi, amma qarşısında türk “Fırtına” haubitsalarının mərmilərini gördülər.
Dəhliz nə vaxt yaranacaq?
Azad Suriya Ordusu Türkman dağı və Hatay yaxınlığındakı kritik əhəmiyyətli mövqeləri itirdi, amma bunun əvəzində Azez-Mare xəttini tuta bilib. Azad Suriya Ordusu Azezdən Ay-Raya qədər bölgədəki kəndləri İŞİD-dən almışdı. Al-Raya Cerablusun 55 kilometrliyindədir. Cerablusun Azad Suriya Ordusunun nəzarəti altına keçməsi 55 kilometrlik zona üçün açarlardan biri olacaq. Beləliklə, İŞİD-in Türkiyə torpaqlarına təhdidlərini aradan qaldıracaq 98 kilometr uzunluğundakı dəhliz tamamlanmış olacak. Cerablusun alınması bir-iki həftə ərzində bu dəhlizin Azad Suriya Ordusunun nəzarəti altına keçməsi anlamına gəlir.
PYD dayanacaqmı?
Türkiyənin Cerablusa hücumu ilə əlaqədar narahatlığını gizlətməyən PYD Cerablusu ala bilməsə də, Münbiçdən qərbə irəliləyərək Əl-Babı İŞİD-dən almaq və daha əvvəl Azad Suriya Ordusundan aldığı Tel Rifata çatmaq istəyir. Buna görə də, Cerablusdan sonra Azad Suriya Ordusunun ilk hədəfinin Əl-Bab olacağı gözlənilir.
Azad Suriya Ordusu xətti tuta biləcəkmi?
Azad Suriya Ordusunun hərbi gücü Türkiyə, ya da müttəfiqlərindən dəstək almadan Azez-Mare xəttini tuta biləcək səviyyədə deyil.
Türkiyə Silahlı Qüvvələr bölgədə qalacaqmı?
Azad Suriya Ordusu dəhlizdə güclü şəkildə yerləşərək İŞİD, PYD və Dəməşq rejimindən gələcək təhdidləri zərərsizləşdirməlidir. Ancaq hazırda belə bir gücü olmadığı üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam etməlidir. Bu da həmin dəhlizdə Türkiyənin bir müddət qalacağı anlamına gəlir.
Rusiya və Əsədlə qarşıdurma mümkündürmü?
Dəməşq “Fərat Qalxanı” əməliyyatı ilə əlaqədar Türkiyəyə sərt reaksiya verdi. Ancaq Türkiyə və ABŞ-ın Azad Suriya Ordusuna açıq şəkildə hərbi dəstək verməsi, Əsəd və Rusiyanın düşməni olan İŞİD-in hədəf alınması yaxın gələcəkdə Türkiyə ilə Əsəd-Rusiya ittifaqının qarşı-qarşıya gəlməsinin qarşısını ala bilər.
Hansı siyasi nəticələri olacaq?
Döyüş meydanında güclü olan qruplar danışıqlar masasında da söz sahibi olur. Türkiyə və Azad Suriya Ordusu Cenevrə danışıqlarında bu səbəblə əlaqədar arxa planda qalmışdı. Türkiyənin Rusiya ilə əlaqələrini normallaşdırması, Dəməşq rejiminə qarşı münasibətini yumşaltması və bölgədə hərbi gücünü göstərməsi vəziyyəti dəyişdirdi. Türkiyədən dəstək alan Azad Suriya Ordusunun mövqeyi danışıqlar masasında Rusiya və İrandan dəstək alan Əsəd, həmçinin ABŞ və koalisiyanın dəstəyini alan PYD-nin mövqeyi qədər güclənəcək. “Fərat Qalxanı” əməliyyatı siyasi həll prosesini sürətləndirə bilər.
Ömər Dağlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO