Nüfuz qarşıdurmasında ZƏHƏR TAKTİKASI - “Üçüncü inqilab” necə baş verəcək?
Bizi izləyin

Dünya

Nüfuz qarşıdurmasında ZƏHƏR TAKTİKASI - “Üçüncü inqilab” necə baş verəcək?

Xəbər verildiyi kimi, Qırğızıstan prezidenti Almazbek Atambayev Türkiyədə xəstəxanaya yerləşdirilib. 60 yaşlı Atambayev ürəyində yaranan problemlərə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 71-ci sessiyasına səfərini ləğv edib. Prezidentin səhhəti İstanbuldan Nyu-Yorka uçan təyyarəyə minərkən pisləşib.

Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumata görə, prezident səhhətinə görə məzuniyyətə çıxıb. Onun oktyabrın 1-də işə qayıdacağı bildirilsə də, hər halda bu, səhhətində baş verəcək dəyişiklikdən asılı olacaq.

İlk baxışdan Almazbek Atambayevin xəstəxanaya yerləşdirilməsində qeyri-adi heç nə görünmür. 60 yaşlı bir şəxsin, özü də sıx qrafikdə işləməyə məcbur olan siyasi liderin səhhətində problemlər yaranması normal görünə bilər. Amma nəzərə alaq ki, Atanbayev partlamağa ən potensial regionlardan sayılan Mərkəzi Asiyada yerləşən bir ölkənin başçısıdır və bu baxımdan müxtəlif sui-qəsd versiyalarının ağla gəlməsində qeyri-adi heç nə yoxdur.

Dünya divlərinin toqquşma məkanı

Qırğızıstanın Mərkəzi Asiya kimi strateji bir coğrafiyada yerləşməsi, yuxarıda da deyildiyi kimi, sui-qəsd nəzəriyyələrini özü ilə gətirir. Mərkəzi Asiya uğrunda ABŞ, Rusiya və Çin kimi əjdahalar arasında amansız mübarizə gedir.

Və mövcud situasiyaya görə, bu mübarizədə Rusiya bir addım digərlərindən öndədir. Buna region ölkələrinin hər birinin timsalında ayrıca diqqət yetirək:

Qazaxıstan. Böyük əraziyə, nəhəng karbohidrogen ehtiyatlara malik olan bu ölkədə Moskvanın işləri yaxşı gedir. Qazaxıstan “Putinin NATO-su” hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və “Putinin Avropa Birliyi”, yaxud da “Yeni SSRİ” sayılan Avrasiya İqtisadi İttifaqının (Belarus və Rusiya ilə birlikdə həmtəsisçisi –red.) üzvüdür. Almatıda bəzən “mərkəzdənqaçma meylləri” özünü göstərsə də, Kreml tərəfindən qeyri-rəsmi kanallarla Qazaxıstandakı rus əhalisinin lazım gələcəyi halda nələr edə biləcəyi, o cümlədən “rəngli inqilab”ın ölkəyə gətirə biləcəyi fəsadlarlar xatırlanır. Bu ilin iyunun 5-də terror aktlarının baş verdiyi Aktobe vilayəti Rusiyanın Orenburq vilayəti ilə 900 km uzunluğunda həmsərhəddir. 6 iyun tarixində Qazaxıstanın bir neçə keçmiş yüksək vəzifəli məmur və generalları biznesmen Toxtar Tuleşovla əlbirliyində ittiham olunaraq həbs edildi. Tuleşovun Rusiya ilə əlaqələrinin olduğu iddia olunur.

Daha əvvəl - may ayının 20-də Qazaxıstanın postsovet tarixi dövründə müxalifətin ən böyük nümayişləri keçirildi. Bu nümayişlərin arxasında da “Rusiya izi”ni axtaranlar kifayət qədərdir. Bütün bunlar isə Qazaxıstanı Rusiyanın maraqlarını nəzərə almağa və ABŞ ilə münasibətlərdə məsafəli davranmağa vadar edir.

Tacikistan. Bu ölkə ilə bağlı Moskvanın işi daha rahatdır. Ölkə iqtisadi baxımdan Ermənistanla yanaşı, post-sovet məkanında Rusiyadan ən çox asılı olan ölkədir. Rusiyada işləyən taciklər ailələrinə göndərdiyi pulun miqdarına görə də keçmiş SSRİ-li “həmvətənləri”ndən öndədir. Ölkə ABŞ ilə sıx əməkdaşlıqdan imtinaya görə tez-tez rus silahı ilə təltiflənir. Bundan başqa, Rusiya Tacikistanda hərbi baza saxlayır.

Özbəkistan. Özbəkistan post-sovet məkanında Kremlin üzünə ağ olan ölkələrdən biri hesab olunur. Daşkənd KTMT-ni tərk edib. Avrasiya İqtisadi İttifaqını isə yaxına buraxmaq istəmir. Amma bu vəziyyət dekabrın 4-dən sonra dəyişə bilər, daha doğrusu artıq bunun işartıları görünür. Senytabrın 2-də ölən İslam Kərimovu Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edən baş nazir Şövkət Mirziyoyevin əvəz edəcəyi şübhə doğurmur. O, Kremlin adamı hesab olunur. Rusiya prezidenti Vladimir Putinin İslam Kərimovun dəfnindən 3 gün sonra – sentyabrın 6-da Özbəkistana gələrək Şövkət Mirziyoyevə xeyir-dua verməsi də onu göstərir ki, Moskva özünü Daşkəndlə bağlı tam rahat hiss edə bilər.

Türkmənistan. Aşqabad Kremlin təşəbbüskarı olan layihələrə meyl göstərmir. Amma bununla belə böyük enerji ehtiyatlarına malik olan Türkmənistan Qərbin təşəbbüskarı olduğu transxəzər qaz kəməri layihəsinə maraq göstərmir və bununla da Rusiyanın maraqlarını tapdalamağı fikrindən belə keçirmir.

Qırğızıstana gəlincə...

Manas aviabazasını ABŞ-a verən Bişkek 2014-cü ildə bazanı ləğv edərək Moskvaya da bazanın qapılarını bağlasa da, Qırğızıstan hər halda KTMT-nin üzvüdür. Ölkə həmçinin Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı Putinin dəvətinə ən tez “hə” cavabı verənlər sırasındadır.

Əlavə edək ki, Bişkek ölü doğulan Avrasiya İqtisadi İttifaqının digər üzvlərindən fərqli olaraq daha çox iqtisadi müstəqilliyə malikdir. Belə ki, Qırğızıstan Avropa Birliyindən “VSP+” statusu alıb. Bu respublikaya təxminən 7 min adda məhsulu Avropa Birliyi ölkələrinə gömrüksüz ixrac etməyə imkan verəcək. Bu, Qırğızıstana ixracı artırmağa, beləliklə iqtisadi imkanları artırmağa imkan verəcək. “VSP+” statusu ölkə üçün 500 milyonluq bazara sərbəst giriş deməkdir. İqtisadi müstəqillik isə gələcəyin siyasi müstəqilliyi deməkdir. Rusiya ekspertləri də bunu açıq şəkildə dilə gətirməkdən çəkinmirlər. Amma Kreml bundan o qədər narahat görünmür. Ağ Evdən fərqli olaraq.

Almazbek Atambayevin sələfi olan Kurmanbek Bakiyev, eyni zamanda, həm Moskva, həm də Vaşinqtonu qane edən şəxs idi. Lakin Qırğızıstan lideri iki cəbhədə oynayırdı: gah Əfqanıstanla ABŞ-ı birləşdirən "Manas"dakı hərbi bazanın saxlanması ilə bağlı Birləşmiş Ştatlarla razılıq əldə edir, gah da ki, faizsiz kredit müqabilində amerikalıların bazadan çıxarılması barədə Moskva ilə danışıqlar aparırdı.

Lakin Atambayevin siyasi kursunda Moskvaya əyilmə özünü açıq şəkildə göstərdi. Təsadüfi deyil ki, Bakiyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra prezident postuna ən potensial namizəd sayılan və həmin vaxt Qırğızıstan müxalifətinin lideri, müvəqqəti hökuməti sədrinin birinci müavini olan Atambayev Rusiyaya səfər edərək Moskva-Vaşinqton xəttində tərəfini bəlli etdi.

2011-ci ilin payızında prezident seçilən Almazbek Atambayevin yürütdüyü siyasi kursda Kremlin izi açıq görünür. O, ABŞ və Rusiya arasında ikitərəfli oyun oynayan Bakıyevdən fərqli olaraq “Manas” bazasından şantaj aləti kimi istifadə etmədi və Amerika əsgərini ölkədən çıxarmaq istədiyini açıq şəkildə bildirərək Moskvanın əlinə oynadı. Qırğızıstan hakimiyyəti ABŞ-ı tez-tez insan hüquq və azadlıqlarını bəhanə edərək onun daxili işlərinə qarışmaqda, hətta növbəti “rəngli inqilab” planlarını cızmaqda ittiham edir. Vaşinqton isə Bişkeki Rusiyanın “əsarəti”ndən xilas etmək niyyətindədir. NECƏ?

“Rəngli inqilab”, yoxsa sui-qəsd?

Hər iki variant düşünülə bilər. ABŞ dünyanın müxtəlif ölkələrində hər iki variantdan istifadə edərək sözünə baxmayan hakimiyyətləri yola salıb.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi bu il iyun ayında dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinən müxalifət liderini -“Kırqızaltın” dövlət konserninin eks-prezidenti Dastan Sarıqulovu saxlayıb. Onun hakimiyyəti ələ keçirməyə cəhd edən “Xalq parlamenti” müxalif partiyası liderlərinin işi ilə bağlı saxlanıldığı bildirilir. Bundan bir ay əvvəl isə Qırğızıstan məhkəməsi partiyanın bir sıra liderlərini “hakimiyyəti zorla ələ keçirməyə cəhd” maddəsi ilə həbs edib.

69 yaşlı D. Sarıqulov ötən əsrin 90-ci illərdə Talass vilayətinin qubernatoru olub. 1992-ci ildən 1999-dək “Qırğızaltın”ın prezidenti vəzifəsində çalışıb, 2005-2006-cı illərdə isə Qırğızıstanın dövlət katibi vəzifəsini icra edib. O, 2017-ci ildə ölkədə keçiriləcək seçkilərdə prezidentliyə potensial namizədlərdən hesab edilir.

Sui-qəsd ehtimalına gəlincə, xatırlamağa dəyər ki, siyasətçi daha əvvəl iki dəfə zəhərlənib və buna üçüncü dəfə cəhd ediləcəyi istisna deyil. 11 may 2007-ci ildə, baş nazir olarkən Atambayev zəhərlənir. O, iş yerində bir stəkan su içdikdən sonra şüurunu itirib və iki gün özünə gəlməyib. Atambaev Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə keçib. 2009-cuda prezident seçkiləri kampaniyasının gedişatında, onu yenidən zəhərləyirlər. Müxalifətin nümayəndələrinin məlumatına görə, çıxışlardan birində o, güc, koordinasiya və nitqin tam itkisini hiss etdi.

Atambayevin yürütdüyü siyasi xətti nəzərə alsaq, ona sui-qəsdin arxasında Amerikanın olduğu ehtimalı daha yüksək görünür. Onun səhhəti isə ABŞ-a gedərkən, İstanbulda pisləşib. Bu isə şübhələri ABŞ-ın üzərində atan faktordur. Belə təəssürat yarana bilər ki, ABŞ onun ölkəsində keçirilən bir tədbirə gələn dövlət başçısına qarşı bunu etməz.

Hər halda Qırğızıstan mürəkkəb daxili sosial-siyasi vəziyyətlə üz-üzə qalıb. Ölkə daxilində yığılıb qalmış sosial-iqtisadi və hüquqi problemlər də öz təsirini göstərir. Bişkekin arxalandığı Moskvanın özü də kifayət qədər ciddi iqtisadi çətinliklərlə qarşı-qarşıyadır. Avrasiya İqtisadi İttifaqının səmərəli yardım göstərə biləcəyinə inam azdır. Deməli, məsələ həm də rəsmi Bişkekin geosiyasi seçimi ilə bağlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm