“Bir-biri ilə döyüşərək...” - Kremlin ideoloqu Ərdoğan və Putinin PLANINI ELAN ETDİ
Bizi izləyin

Dünya

“Bir-biri ilə döyüşərək...” - Kremlin ideoloqu Ərdoğan və Putinin PLANINI ELAN ETDİ

“Rusiya əsgərlərinin Suriyadan çəkilməsi Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hərbi əməliyyatın başa çatdığını göstərməsi baxımından çox əhəmiyyətli bir addımdır”.

Publika.az xəbər verir ki, bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

“Orada qalmaqda davam edəcəyik”

Politoloqun sözlərinə görə, Putinin qərarı hərbi bazaların bağlanması və rusiyalı hərbi məsləhətçilərin geri dönəcəyi, yaxud da Suriyaya göstərilən yardımların dayandırılacağı anlamına gəlmir.

“Rusiya işğalçı güc deyil. Suriyaya hərbi müdaxilə etməyə çalışmırıq. Dəməşqin dəvəti ilə Suriyadakı dostlarımıza kömək etdik. Hərbi əməliyyat başa çatdıqdan sonra Rusiyaya qayıdırıq. Ancaq biz Dəməşqə geosiyasi yardım göstərmək üçün orada mövcud olmağa davam edəcəyik və bazalar qalacaq”, - o deyib.

Duqin bildirib ki, rus qoşunlarının çıxarılması həm də ABŞ-ı eyni addımı atmağa dəvət etməkdir:

“Çünki hərbi əməliyyat başa çatandan sonra orada qalmağın bir mənası yoxdur. Amerikalılar qalarsa, biz də geri qayıda bilərik. Biz açıq və dürüst davranırıq, biz Suriyaya düşmənini məğlub etməsi üçün kömək etdik və nizamı bərpa etməyə yardım göstərəcəyik. Bu, əsgərlərin işi deyil. Yeni bir siyasi sistem yaratmaq Suriya xalqının işidir. Əlbəttə, biz də kömək edəcəyik, ancaq hərbi yollarla deyil”.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması

Düqinin fikrincə, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qeyri-adi bir hadisə deyildi:

“Trampdan əvvəl Barak Obama, Hillari Klinton və Corc Buş da daxil olmaqla, bütün prezidentlər Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verdilər. Ancaq məncə, islam dünyasında ABŞ-ın nüfuzunun azaldığı, artıq kimsənin ABŞ-a inanmadığı, əməkdaşlıq etmək istəmədiyi, Amerikanın verdiyi sözləri yetirmədiyi, xaos yaratdığı, siyasətçiləri öldürdüyü, yerlərinə başqa liderlər qoya bilmədiyi, yalnız Səudiyyə Ərəbistanının siyasi dəstəyinin olduğu bir dövrdə Trampın qərarı ağılsız hərəkət idi. Bir çox ərəb ölkəsi indi Rusiyaya baxır. Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də dəstəyini itirəcək. Qüdsü İsrailin paytaxtı olaraq tanımaq amerikalıların bölgədə yalan söylədiyinin bir göstəricisidir”.

Səudiyyə Ərəbistanının MOSSAD və İsrail ilə birlikdə gizli şəkildə İŞID-i dəstəklədiyini deyən Duqinin sözlərinə görə, İsrail və ABŞ arasındakı əlaqəyə Ər-Riyadın daxil olduğunu açıqlamaq getdikcə çətinləşəcək. Politoloq hesab edir ki, müsəlman ölkələri yeni birliyin formalaşdırılması üçün yeni bir anlayışa yönəlməlidir.

“Müttəfiqi İsrail üçün istənilən müsəlman müttəfiqini fəda edəcək Amerikanın əvəzinə siyasəti daha balanslı olan Rusiya ilə işbirliyi qurmaq məcburiyyətində qalacaqlar. Mövcud situasiya bölgəni ABŞ-sız yenidən qurmaq və Rusiya-İran-Türkiyə arasındakı əlaqələri gücləndirmək üçün çox əlverişlidir. Müsəlman ölkələr artıq kimin gerçək dost, kimin düşmən olduğunu, kimin fələstinlilər də daxil olmaqla, bölgədəki bütün müsəlmanların haqq və azadlığını istəyən dost, kimin bir hegemoniya üçün səy göstərdiyini daha yaxşı görə bilərlər”, - o vurğulayıb.

Putinin Suriyaya səfəri

Duqin hesab edir ki, Putinin dekabrın 11-də gerçəkləşən Suriyaya səfəri qələbə gəzintisi idi:

“Çünki Putin Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən idarə olunan İŞİD-i yox edəcəyinə dair Bəşər Əsəd və Suriya xalqına sözü vermişdi. Putin bu sözü yerinə yetirdi. Yaxın Şərq xalqları çox çətin günlər keçirdilər, çünki amerikalılar heç biri sözünü yerinə yetirmədilər. Amerika radikal islamın ən pis formalarına qarşı döyüşdüyü görüntüsü versə də, əslində onları dəstəkləyərək ölkələri məhv etdi, bölgədə qanlı xaoslar yaratdı. Əksinə, Putin Yaxın Şərqdə yüksələn bir güc olaraq Suriyaya getdi. Bu, Sovet İttifaqının geri dönməsi deyil, bu yanlış fikirdir. Çünki, Putin kommunizm və ya sosializmin simvolu deyil. Bölgədəki Amerika hegemonyasını dəyişən bir gücün simvoludur. Suriya səfərinin də səbəb və anlamı budur”.

Politoloqun sözlərinə görə, Putinin Türkiyəyə səfərləri və apardığı danışıqlar bu situasiyanın bir başqa simvolik istiqamətidir.

“Türkiyə və Rusiyanın birlikdə hərəkət edərək Suriya böhranını və Yaxın Şərqin başqa problemlərini həll etmələri, eyni zamanda, Türkiyə ilə strateji müttəfiqliyin başlanğıcı deməkdir. Ölkələrimiz öz məqsədlərinə asanlıqla nail ola bilərlər. Qarşılıqlı təzyiq və təsirlərin qarşısını almaq üçün həmişə bir-birimizlə döyüşdük. Ancaq indi Moskva və Ankara hədəflərinə döyüşərək deyil, əməkdaşlığa gedərək çata biləcəklərini anlayırlar. Putin ilə Ərdoğan arasındakı şəxsi əlaqədən ortaya çıxan da məhz budur”, - Diqin yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm