Türkiyə bu muxtar respublikaya 2 milyard sərmayə yatıracaq
Bizi izləyin

Dünya

Türkiyə bu muxtar respublikaya 2 milyard sərmayə yatıracaq

Türkiyə biznesi Qaqauziyaya təxminən 2 milyard dollar həcmində sərmayə qoymağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət və Əməkdaşlıq Şurasının (ATİK) prezidenti Əziz Şahin Qaqauziyanın paytaxtı Komrat şəhərinə xüsusi səfəri zamanı bildirib.

“ATİK tezliklə Qaqauziya müəssisələri ilə əməkdaşlıq üçün ətraflı plan və investisiya fəaliyyəti strategiyasını formalaşdırmaq niyyətindədir. Qarşıdakı illərdə Türkiyənin işgüzar dairələri fondun sonradan artırılması ilə Qaqauziyaya təxminən iki milyard ABŞ dolları məbləğində sərmayə qoymağa hazırdırlar”, - deyə Şahin bildirib.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın yeni mərhələsi Qaqauziyanın iqtisadiyyatına və infrastrukturuna investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur ki, bu da muxtar respublikanın həyat səviyyəsinə və onun iqtisadi vəziyyətinə böyük təsir göstərəcək.

“Biz Qaqauziyada on minlərlə hektar əkin sahəsində emal müəssisələri, soyuducu və suvarma sistemləri quracağıq. Biz Qaqauziyadan taxıl ixracı məlumatlarını öyrənmişik, ekspertlərlə müzakirələr aparmışıq və gələcək ixrac üçün buğdanın bütün həcmini una çevirmək məqsədilə regionda ən böyük zavodu, eləcə də qalan hissəsinin emalı üçün ikinci zavodu tikməyə hazır olduğumuzu bəyan edirik”, - ATİK rəhbəri bildirib.

Xatırladaq ki, ötən il Qaqauziyada hökumət əleyhinə silsilə etiraz aksiyaları keçirilib və bu aksiyalarda muxtariyyət sakinləri ərzaq məhsullarının və kommunal xidmətlərin bahalaşmasından narazılıqlarını bildiriblər.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm