Kobani İŞİD üçün niyə önəmlidir? – TƏHLİL
Bizi izləyin

Dünya

Kobani İŞİD üçün niyə önəmlidir? – TƏHLİL

Əsəd rejimindən qurtulan ilk şəhər olan Kobani kürdlərin dövlət qurduğu Afrin və Cəzirə bölgələrinin düz ortasında olması ilə ciddi strateji yer sayılır.

Publika.az xəbər verir ki, Suriya-Türkiyə sərhədində gərginlik qalmaqdadır. Kobani 23 gündür, İŞİD-in (İraq Şam İslam Dövləti) mühasirəsindədir. Terror təşkilatı şəhərin ətrafını işğal edib. Toqquşmalar daha da şiddətlənib. Koalisiya qüvvələri hava hücumlarını artırıb.

Türkiyəni yandırdılar

Bölgədə şiddətli döyüşlər davam etdiyi zamanda Türkiyədə də iki gündür fasiləsiz küçə aksiyaları keçirilir. Bir çox şəhərdə İŞİD-in Kobaniyə girməsinə Türkiyə hökumətinin reaksiya verməməsini əsas gətirərən aksiyaçılarla polis arasında toqquşmalar baş verir.

Yaxşı, bəs İŞİD bu şəhəri niyə istəyir? Və bu şəhər kürdlər üçün niyə vazkeçilməzdir? Nə vaxt başladı və necə oldu ki, vəziyyət bu dərəcədə kəskinləşdi?

İŞİD niyə Kobanini istəyir, niyə hücum edir?

Burada üç səbəb var. Birincisi, Kobaninin yerləşdiyi ərazi elə bir yerdir ki, İŞİD-in işğal etdiyi torpaqlar siyahısında var. Əgər Kobanini işğal etsə, hərəkət ərazisi genişlənəcək və nəzarətinə keçirdiyi torpaqların bütünlüyünü təmin edəcək. İkincisi, bura sərhəd məntəqəsi olduğu üçündür. Kobani işğal olunsa, Türkiyə ilə arasında olan Mürşidpınar sərhəd məntəqəsi də avtomatik olaraq terror təşkilatının nəzarətinə keçəcək. Üçüncü səbəb isə ideoloji səbəbdir. Kobani kürdlər üçün, xüsusi ilə də PYD və PKK üçün vazkeçilməz edən səbəblər İŞİD-in üçün də əsasdır.

Kobani kürdlər üçün niyə vazkeçilməzdir?

Kobani Əsəd rejimindən qurtulan ilk şəhərdir. Kobaninin işğal olunması bu uğura zərbə olacaq. Və ən əsası, Suriyada kürdlərin hakimiyyət qurduğu üç bölgə var: Afrin, Kobani və Cəzirə. Kobani o biri iki bölgənin arasında yerləşir və kürd bölgəsinin ürəyidir. İŞİD buranı ələ keçirsə, kürdlərin hakimiyyət qurduğu o biri bölgələr arasına silkələnmə olacaq. Ən vacibi də Afrin və Ceziredən fərqli olaraq, Kobanidə Abdullah Öcalanın həm idarəçilik, həm siyasi, həm də digər xalqların bir yerdə yaşamaqları ilə əlaqədar nəzəriyyələrinin praktikaya çevrildiyi yerdir. Məhz buna görə, İŞİD bu qədər itki versə də, geri çəkilmir.

Şəhər neçə gündür mühasirədədir?

İlk hücumlar iyulun 2-də olub. İŞİD-in ələ keçirdiyi kəndlər daha sonra YPG tərəfindən geri qaytarılıb. Ancaq terror təşkilatı sentyabrın 16-da cənub, qərb və şərq tərəfindən eyni vaxtda şəhəri tamamilə mühasirəyə alıb. İŞİD ən çox da cənub tərəfindən hücum edib. Buna görə ən şiddətli toqquşmalar bu nöqtələrdə baş verib. Son iki gündə isə qərb tərəfindəki hücumlarını da artırıb.

PYD Türkiyədən nə istəyir?

Qurban Bayramının ilk günü Türkiyəyə səfər edən PYD (PKK-nın Suriya qolu – red.) lideri Saleh Müslim həm Xarici işlər Nazirliyi, həm də MİT (Milli Kəşfiyyat Təşkilatı) rəsmilərindən ibarət heyətlə görüşüb. Onun iki tələbi olub. Birincisi, Afrin və Cezire bölgəsindəki YPG-çilərin Kobaniyə keçməsinə icazə verilməsi (bunun üçün də dəhliz açılmasını təklif edib), ikincisi isə Şimali İraqdan gələn silah yardımının keçməsinə icazə verməsi. Bu o deməkdir ki, Şimali İraqdan gələn silahlar Habur sərhəd məntəqəsindən içəri keçiriləcək və sonra Mürşidpınar sərhəd məntəqəsindən Kobaniyə çatdırılacaq.

Bəs Türkiyə nə deyir?

Türkiyə baş naziri Əhməd Davudoğlu “Kobaninin buraxılmasını istəmərik” deyib. Rəsmi Ankara humanitar yardımı sonadək davam etdirəcəyini bildirir. PYD lideri Saleh Müslimin səfərində isə Türkiyə heyətinin gündəmində üç mövzu vardı: Kobanidə gələcək hakimiyyət quruluşu ilə əlaqədar qərarları suriyalıların birlikdə verməsi, Əsəd rejimi ilə əməkdaşlıq etməmək və təhlükəsizlik bölgə əmələ gətirmək.

Türkiyə silah yardımı edəcəkmi?

Bu, o qədər də mümkün görünmür. Hadisələri analiz etdiyimiz zaman Türkiyənin PYD-yə birbaşa silah yardımı etməsi məsələsinin Saleh Müslimlə görüşdə gündəmə gəlmədiyi aydınlaşır. Bunun səbəbi isə PYD-yə veriləcək silahların PKK-nın əlinə keçməsi narahatlığıdır.

Tərəflərin Kobanidə nə qədər gücü var?

Dəqiq rəqəm yoxdur. Amma İŞİD-in Kobaniyə hücum edən yaraqlı sayının iki mindən artıq olduğu təxmin edilir. Və zaman-zaman dəstək də gəlir. Şəhəri müdafiə edən YPG-çi sayı isə daha azdır. Amma bu sıralarında mülki şəxslər də var. Əlinə silah götürən mülki əhali də daxil olmaqla onların sayının üç min nəfərə yaxın olduğu bildirilir.

Kimin əlində hansı silahdan var?

Burada aşıq-aşkar bərabərsizlik var. İŞİD-in ən böyük avantajı İraqda ən son ələ keçirdiyi ağır silahlardır. Terror təşkilatı günlərdir davam edən mühasirədə xüsusilə tank və top atəşlərindən istifadə edir. YPG-çilərin isə yüngül silahları var.

Koalisiya qüvvələrinin dəstəyi yetərlidirmi?

İŞİD Ərbirlə çatan zaman ABŞ necə hərəkətə keçmişdisə, Kobanidə də eləcə hərəkətə keçməlidir. İlk gözlənti budur. ABŞ-ın liderliyindəki koalisiya qüvvələri həmən hərəkətə keçmədi. Daha sonra başlayan hava əməliyyatları isə fasilələrlə İŞİD sipərlərini vurub. Ancaq buradakı tənqid isə hava əməliyyatlarının miqyasının kiçik olmasıdır. Dolayısı ilə, bunlar İŞİD-i dayandırmaqda təsirli deyil. Koalisiya qüvvələri ilk dəfə bu gün fasiləsiz və təsirli əməliyyatlar təşkil edib. Qısa müddətə də olsa, İŞİD hücumlarını dayandırıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm