Argentina öz Trampını seçdi: Ölkəni nə gözləyir?
Bizi izləyin

Dünya

Argentina öz Trampını seçdi: Ölkəni nə gözləyir?

İnflyasiyanın140 faizə çatdığı Argentinada “İqtisadiyyata mişarla girəcəyəm və lazımsız xərcləri kəsəcəyəm” deyən, görünüşü və ritorikası keçmiş ABŞ prezidenti Trampla müqayisə edilən sağçı populist Xavyer Miley prezidentliyin ikinci turunda 56 faiz səslə qalib gəlib və ölkənin yeni prezident seçilib.

Publika.az xəbər verir ki, solçu namizəd Sercio Massa isə 44 faiz səs alıb.

İlk turda 30 faiz səs toplayan Miley, bir gün əvvəl keçirilən ikinci tur seçkilərində səslərini 25 baldan çox artırmağı bacarıb. Siyasi baxışlarına və siyasi məsələlərə yanaşmasına görə ABŞ-ın keçmiş prezidenti Donald Trampla müqayisə edilən Mileyin Argentinanın başçısı seçilməsi beynəlxalq mətbuat tərəfindən “Trampizm” adlı populist sağçı siyasətin qələbəsi kimi göstərilir.

Seçkidən sonra Buenos-Ayresdə vətəndaşlara müraciət edən Miley Argentinanın tənəzzülünün bitdiyini bildirib.

Sürətli islahatların aparılacağını bəyan edən Argentinanın yeni lideri daha əvvəl “Argentina iqtisadiyyatına mişarla girəcəyəm və lazımsız xərcləri kəsəcəyəm” sözləri ilə iqtisadiyyat sahəsində köklü dəyişikliklər edəcəyini bildirmişdi və bir çox mitinqlərdə də əlində mişarla iştirak etmişdi.

Miley, iqtisadi böhranın səbəbi kimi göstərdiyi Argentina Mərkəzi Bankını bağlayacağını, səhiyyə, təhsil və ətraf mühit nazirlikləri də daxil olmaqla bir çox dövlət qurumunu ləğv edəcəyini, pesonu ABŞ dolları ilə əvəzləyəcəyini və zərərlə işləyən şirkətləri özəlləşdirəcəyini vurğulamışdı. Miley odlu silahlara çıxışı və orqan ticarətinin liberallaşdırılmasını dəstəkləyir və iqlim böhranının "sosialist yalanı" olduğunu da iddia edirdi.

Buenos-Ayresdəki Belqrano Universitetində bakalavr və magistr təhsilini başa vuran Miley 2021-ci ildən sonra siyasətə qədəm qoyub. Özünü “libertar iqtisadçı” kimi qələmə verən Xavyer Miley televiziya proqramlarında iqtisadi şərhçi kimi çıxış edərkən dediyi sözlərlə qısa zamanda ölkəsində məşhurlaşdı.

O, illərdir ölkədə yüksək inflyasiyanın olmasını qəzəblə tənqid edib. Sərbəst bazarı müdafiə edən siyasi ideya olan Anarxo-Kapitalizmi simvolizə edən “General AnKap” kostyumunu geyinən Miley, mövcud nizamı məhv edəcəyi ilə bağlı dediyi sözlərlə Argentina xalqının səslərini qazanmağı bacarıb.

Miley qədər onun sevgilisi, Argentinanın yeni birinci xanımı Fatimə Flores də diqqət çəkir. Komediya ustası olan Flores telekanallarda təqdim etdiyi müsabiqə proqramları ilə də tanınır. Flores 22 illik evliliyini 2023-cü ildə bitirib və Miley ilə münasibətə başlayıb.

Mitinqlərində İsrail bayrağını dalğalandıran Miley ilk səfərini İsrailə edəcəyini və Argentinanın Təl-Əviv səfirliyini Qüdsə köçürəcəyinə söz vermişdi. "Demək olar ki" yəhudi olduğunu ifadə edən Miley, indi kilsə yerinə sinaqoqa getdiyini və İncil yerinə Tövrat oxuduğunu açıqlamışdı.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Argentinada prezident seçkilərinin ikinci turunda qalib gələn ifrat sağçı Xavyer Mileyi təbrik edib.

Özünün "Amerikanı yenidən möhtəşəm et" ( Make America great again) şüarına uyğulaşdıraraq “Bütün dünya izlədi. Səninlə qürur duyuram. Ölkəndə gedişatı tərsinə çevirəcək və Argentinanı yenidən möhtəşəm edəcəksən" deyən Tramp yeni prezidentə təbriklərini çatdırıb.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm